Anar Niftəliyev: “Hazırda axar.az üçün rəqib yoxdur, dostlarımız, həmkarlığımız var”

21 Oktyabr 2019 23:17 (UTC+04:00)

Bu müddət ərzində geniş oxucu kütləsi, populyarlıq qazanan saytın baş redaktoru Anar Niftəliyev müsahibə verib. Onunla saytın fəaliyyət göstərdiyi ötən 6 ilə kiçik nəzər salmışıq.

Anar Niftəliyevlə müsahibəni təqdim edirik:

- Saytınızın yaranmasından 6 il ötür. 6 il öncə qarşınıza qoyduğunuz hədəflərinizin təxminən neçə faizinə çata bilmisiniz?

- Sayt yarananda, belə deyək, “qısamüddətli” hədəflərimizi müəyyənləşdirmişdik. İlk olaraq onu düşünürdük ki, çevik xəbər siyasəti aparaq, yığcam, qısa informasiyaları çatdıraq ki, hövsələsiz, “mobil” oxucularımız bizdən bezməsin, açıq-saçıq xəbər və şoudan uzaq, ciddi ictimai-siyasi sayt olaraq qəbul edilək və informasiya məkanında yerimizi tutaq. Bu hədəfə sayt yaranandan cəmi 2 ay sonra nail olduq və Azərbaycanın xəbər saytları içərisində əvvəlcə ilk iyirmilikdə, az sonra isə ilk onluqda yerimizi möhkəmlətdik.

Daha sonra rus, ingilis və uzun illər arzusunda olduğumuz ərəb əlifbası ilə Azərbaycan ədəbi dilində versiyalarımızı yaratmağa və xüsusilə rus və ərəb əlifbası versiyasının oturuşmasına çalışdıq. Rus versiyamıza ermənilərin gün ərzində yazdıqları xeyli status, şərh (əlbəttə ki, əsasən, yumşaq desək, tənqidi ruhda), replikaları oxuduqca, Güneydən qardaşlarımızın şərhlərini gördükcə istəyimizə qismən nail olduğumuzu düşünürük.

Amma onlayn media çox sürətlə inkişaf edir – formasından məzmununa qədər. Ona görə də hədəflər durmadan dəyişir, birinə çatmamış digər hədəf yaranır. Bu baxımdan “hədəflərimizə çatdıq” ifadəsini yəqin ki, heç vaxt dilimizə və ağlımıza gətirə bilməyəcəyik. Hətta onu faizlə də ölçmək mümkün deyil. Görüləcək işlər çoxdur.

- Fəaliyyətə başladığınız dönəmdə ölkədə xəbər saytları indiki qədər çox deyildi. Sayın artdığı online medianın kəmiyyətini necə qiymətləndirirsiz?

- Axar.az fəaliyyətə başlayanda əksər müəyyən istisnalarla xəbər saytları ən yaxşı halda 9.00-dan yenilənməyə başlayırdı, tam 12 saat xəbər istehsalı davam edirdi və çox nadir hallarda 22:00-da hansısa saytın yeni xəbər yerləşdirdiyini müşahidə edirdik. Biz fəaliyyətə başladığımız ilk gündən 08:00-02:00-la – tam 18 saat aktiv xəbər verməyə başladıq. Bununla da yeni rəqabət mühiti gəldi və hazırda saytlarımızın bir çoxu artıq 24 saat fəaliyyət göstərir.

Əlbəttə ki, yeni sayt yeni ideya, yeni rəqabət və deməli, inkişaf deməkdir. Saytlar nə qədər çox olsa, o qədər yaxşıdır. Saytların çox olmasından narahat olmaq lazım deyil. Qoy, lap çox olsun – kim inkişaf edəcəksə, yenilənəcəksə, o yaşayacaq, digərləri sıradan çıxacaq. Yəni xəbər saytı nə qədər çox olsa, yenə azdır.

-Yeni mediada rəqibiniz kimdir? Hansısa məlumatı verdikdə xəbər yükünə önəm verirsiniz, yoxsa digər saytlardan daha operativ olmağa?

- Rəqib daha çox yeni media qurumu üçün xarakterikdir: hamını qabaqlamaq, hər kəsdən önə çıxmaq istəyir ki, oxucusunu formalaşdırsın.

Hazırda Axar.az üçün rəqib yoxdur, dostlarımız, həmkarlarımız və həmkarlığımız var: bir-birimizə dəstək oluruq, informasiyanı bölüşürük, bəhrələnirik, saytlarımızın lazımlı hesab etdiyimiz xəbərlərini, şərhlərini inkişaf etdiririk, genişləndiririk.

İlk aylar daha çox operativliyə diqqət edirdik, indi isə operativliyi qorumaqla, xəbərin hədəfini, yükünü, təsirini və təbii ki, səhihliyini mütləq yoxlayırıq. Bəzən səs-küy yaradan xəbəri ictimailəşdirməyə tələsmirik, çünki oxucu etimadını zədələmək istəmirik.

Xəbər sistemini, ardıcıllığını qurmağa çalışırıq: hansı xəbərin hansı xəbərdən daha sonra verilməsi gərəkdiyini hesablayırıq ki, cəmiyyətə doğru təlqin ötürmüş olaq.

- Məktəbli yaşına çatdınız, bəs məktəb ola bilmisinizmi?

- O iddiaya düşmək üçün tezdir. Amma yaşımızdan böyük görünməyə çalışırıq. Sizin bu sualınızı zəruri edən nə isə varsa, bundan ancaq qürurlana bilərik.

- Əməkdaşlarınız arasında sizinlə birgə başlayanlar üstünlük təşkil edir, yoxsa yeni gələnlər və səbəbi nədir?

- Biz 2013-cü ilin 1 sentyabrında fəaliyyətə başlamışıq, xəbərlərimizi panelə yerləşdirirdik. İstəyirdik, onlayn olduğumuz ilk gündə saytda xəbər bazası olsun, boşluqlar görünməsin. 18 oktyabrda – Milli Müstəqillik günü onlayn olmağı hədəfləmişdik, amma texniki səbəblərdən 19 oktyabrda onlayn olduq.

2013-cü il 1 sentyabrdan başlayaraq, sayt onlayn olana qədər birgə olduğumuz uşaqların indi heç biri burda deyil - hamısının başını yemişəm )). Zarafat edirəm, onlardan bəziləri daha yaxşı işə, bəziləri daha yaxşı maaşa gediblər – yolları açıq olsun. Axar.az onların bir çoxuna öz potensiallarını göstərmək imkanı verdi.

Ümumiyyətlə, Axar.az kollektivi daimi yenilənir, daha çox gənclərlə işləməyi sevirəm. Çünki gənclər yeni medianı ən azı texniki baxımdan daha yaxşı bilirlər, belə deyək, “sosial şəbəkəyə”, “sosial mediaya” doğulan uşaqlardır, gözlərini açanda bu mühitə düşüblər. Ona görə də onlar fərqli olurlar.

Yalnız bir çətinliyi odur ki, gənclər Azərbaycan ədəbi dilini pis bilir… Yox, lap açıq deyəcəm, gənclər Azərbaycan dilini bilmirlər. Texnologiya onlara sanki dil bilgilərinin lazım olmadığını “diktə” edir. Bundan çox narazıyam və gündəlik iş enerjimin böyük hissəsi buna sərf olunur deyə, çox pərişanam.

-Sizcə Azərbaycanda internet üzərində nəzarəti artırmağa gərək varmı?

- İnternet media, sosial şəbəkələr öz-özünü tənzimləyəcək, heç nəyə süni nəzarət lazım deyil və heç mümkün də deyil. Sadəcə, peşəkarlığın artmasına diqqətimizi cəmləməliyik, yeni nəslin xəbərin məsuliyyətini hiss etməsinə çalışmalıyıq və onlar bunu həm də sosial şəbəkələrdə tətbiq etməlidirlər. Yəni hətta sosial şəbəkədə də hansısa informasiya paylaşanda xəbər məsuliyyətini duymalıdırlar. Bu prosesi təbii axara buraxmaq və bacardıqca təkan vermək lazımdır.

Müqayisə üçün bir neçə il öncəki vəziyyətlə indini qarşılaşdıra bilərsiniz. Hazırda onlayn mediada da, sosial şəbəkələrdə də xəbər məsuliyyəti əvvəlki illərlə müqayisədə daha çoxdur.

Biz yeni kadrların hazırlanmasına, onların xaricdə təcrübə keçməsinə çalışmalıyıq. Allah eləsin, elə imkanlarımız olsun ki, redaksiyalar bu işləri görə bilsinlər. Belə olarsa, təbii tənzimləmə baş verəcək və bütün narahatlıqlar aradan qalxacaq.

-Əhatəli yazmaq imkanı olan qəzetdən sonra lakonik xəbərə üstünlük verən saytın baş redaktoru olmaq sizə çətin olmadı?

- Necə olmadı?! İndi də çətinlik çəkirəm. Ənənəvi media tamamilə fərqlidir, orda özünü ifadə etmək, yazının nazı ilə oynamaq fürsəti və gözəlliyini heç nə ilə müqayisə etmək olmaz. Gecə redaksiyada oturub, texniki direktorun mətbəədən ilk nüsxəni gətirməsini gözləmək və qəzetin məxsusi qoxusunu ala-ala yarıyuxulu onu vərəqləməyin xiffətini çəkirəm bəzən. Ənənəvi mediada gənclərin öyrənmək, yetişmək fürsəti və vaxtı daha genişdir. Təəssüf ki, o dövr arxada qaldı.

-Nə üçün daha çox yerli deyil, xarici xəbərlərə üstünlük verirsiniz?

- Əvvəla, dünyanın aparıcı media qurumlarının hamısında belədir: hər yerdən xəbər! Onlayn media dünyanı insanların ovcuna yığır. Dünya onlayn mediada birdir.

Digər tərəfdən, məsələn, Türkmənistandakı qum fırtınası bircə gündən sonra Bakını bomboz toz dumanına bürüyürsə, Avropadakı hava dəyişkənliyi ikicə gün sonra Azərbaycanda özünü göstərirsə, o xəbərlərin bizim üçün mahiyyətini anlamaq çətin deyil. Bura Avropanın və ya Amerikanın, Rusiyanın, Çinin, İranın iqtisadiyyatında baş verənləri, siyasi manevrlərini də əlavə edin. Mahiyyətcə eynidir – bu və ya digər formada Azərbaycanın siyasətinə də, iqtisadiyyatına da, sosial həyatına da təsir edir.

Üçüncüsü, dünyada baş verən prosesləri bilmədən Azərbaycan siyasəti haqda fikir bildirmək olduqca çətindir. Bizim nəsil illərlə Avropa və Qərbdə baş verənlərdən vaxtında xəbər tutmadığı üçün bəzi hallarda səhvlər etmişik. İfrat demokratiya, ideallaşdırılmış Qərb dəyərləri ilə yaşamışıq.

Qoy, indi dünyanın siyasi mənzərəsini oxucularımız daha dolğun görsün, onda kiçik Azərbaycanın apardığı siyasətə daha düzgün qiymət verə bilərlər. Oxucu ölkə sərhədləri ilə məhdudlaşanda yanlış nəticələr çıxarır.

-Deyirlər ki, artıq yazılı xəbər yerini videolu informasiyalara verir. Bu fikirlə razısınız? Saytınızda hansı dəyişiklikləri etməyi düşünürsüz.

- Artıq bir ildən çoxdur o proses başlayıb və dünya mediasında ciddi keyfiyyət dəyişikliyi gedir. Təsadüfü deyil ki, onlayn media artıq TV-ləri bir çox parametrlərdə üstələyib.

Əslində, o proses bizdə ləngiyir və doğrusu, uduzuruq. Kadr hazırlığımız, istiqamətlərimizlə bağlı hazırlıqlarımız tamamlanmaq üzrədir. Baş direktorumuz Aynur Camalqızının texniki dəstəyini gözləməkdən gözümüzün kökü saralıb. Gendirektor söz verib, inşallah, ən qısa vaxtda ciddi dəyişikliklər ovqatındayıq.(musavat.com)

AzNews.az