Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi - FOTO

22 Oktyabr 2019 08:59 (UTC+04:00)

Oktyabrın 19-da Xaçmaz rayonunun "Şəxsiyyətlər parkı"nda aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin büstü önündə unudulmaz sənətkarın anım günü qeyd olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə baş tutan tədbir Xaçmaz rayon ictimayyəti tərəfindən rəğbətlə qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Aşıq Ələsgəri şifahi xalq ədəbiyyatının, aşıq sənətinin ən görkəmli nümayəndəsi kimi xarakterizə edib.

Daha sonra söz alan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Aşıq Ələsgərin sənətkar qüdrətini, onun aşıq sənətinə gətirdiyi yeniliklərdən geniş söz açıb, Aşıq Ələsgər ümumxalq məhəbbətinə layiq bir sənətkar olduğunu bildirib.

Tədbirdə iştirak edən qonaqlardan "Aşıq Ələsgər" adına Göyçə mədəniyyət mərkəzinin rəhbəri Akif Nəbiyev, Gəncələr və İdman Nazirinin müavini İsmayıl İsmayılov, professor Məmməd Nəbiyev, iş adamı Aqil Kərimov, ustad sənətkarın nəvəsi Xətai Ələsgərli görkəmli aşığın şeirlərindən nümunələr səsləndirib, tədbirin keçirilməsinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısına, Aşıqlar Birliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sazlı-sözlü konsert proqramı ilə davam edən anım günü Aşıq Həşim Qubalının, Aşıq Bəhmən Göyçəlinin, Aşıq Altay Məmmədlinin, Aşıq Səlim Abdullayevin maraqlı ifaları ilə yadda qalıb. (goyce.az)

AzNews.az