Bu gün Xarici İşlər Nazirliyində Qoşulmama Hərəkatının Bakı sammiti ilə bağlı mətbuat konfransı keçirilib.
AzNews.az xəbər verir ki, konfrans xarici işlər nazirinin müavini Ramiz Həsənov və nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın iştirakı ilə baş tutub.
Ramiz Həsənov Azərbaycanın cari ay ərzində ikinci zirvə görüşünə ev sahibliyi etdiyini bildirib:
"Bu ay ərzində keçirilən ikinci böyük miqyaslı tədbirdir. Birincisi Türk Şurasının sammiti olub. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildən üzvdür. 120 dövlətin üzv olduğu hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına şərait yaratmaqdır. 18-ci zirvə görüşündə 4 sənədin qəbulu gözlənilir. Bunlar Bakı Zirvə Görüşünün yekun sənədi, Bakı siyasi Bəyannaməsi, Ev sahibiliyi edən dövlətə Təşəkkür Bəyannaməsi və Fələstin üzrə Nazirlərin Bəyannaməsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi isə sammitin yekun sənədində ayrı bənd kimi qeyd ediləcək ".
O, tədbirin 3 seqmentdən ibarət olacağını qeyd edib:
"Birinci seqment oktyabrın 21-22-də keçirilən yüksək səviyyəli məmurların görüşüdür. Bu da artıq başlayıb. Oktyabrın 23-24-də xarici işlər nazirlərinin görüşü keçiriləcək. Oktyabrın 25-26-da isə dövlət və hökumət başçılarının sammiti olacaq”.
Ramiz Həsənov Bakıdakı zirvə görüşü zamanı Qoşulmama Hərəkatına sədrliyin Venesueladan Bakıya üç il müddətinə ötürüləcəyini qeyd edib. Hərəkatın 18-ci sammitində Venesuela prezidenti Nikolas Maduronun iştirakının isə dəqiq olmadığını vurğulayıb.
“Ermənistanın Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu var. Hazırki sədr Azərbaycandır. Biz bütün ölkələrin bu sammitdə iştirak edə biləcəyini bildirdik. Qeydiyyat onlayn formada həyata keçirilir. Ancaq Ermənistan qeydiyyatdan keçməyib”, - deyə R. Həsənov bildirib.
Nazir müavini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı danışıb:
"Onun iştirakı gözlənilirdi. Ancaq Soçidə Afrika ölkələri ilə görüş olacaq. Zənnimizcə, bu səbəbdən Lavrovun sammitdə iştirakı baş tutmayacaq".
Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib. 158 dövlət və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak edəcəyi tədbiri işıqlandırmaq üçün 246 nəfər media nümayəndəsi dəvət olunub.
Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.
Pərvanə
AzNews.az