“Qarabağ” bu gün APOEL-i qəbul edəcək - AFİŞA

24 Oktyabr 2019 08:51 (UTC+04:00)

“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

Bu komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb. Qonaqların heyətində 34-cü dəqiqədə Tomas De Vinsenti penaltidən fərqlənib. İkinci qolu isə 68-ci dəqiqədə Uroş Matiç vurub. Ona görə də “Qarabağ” indi revanşa ümid edir.

“Qarabağ” avrokubokların qrup mərhələsindəki son 8 ev oyunundan 7-də uduzub, yalnız ilk dəfə vəsiqə qazandığı ÇL-in qrupunda İspaniya “Atletiko”su ilə Bakıda qolsuz heç-heçə edib. Komanda ötən mövsüm AL-də bütün ev oyunlarından məyus ayrılıb. Üstəlik, Portuqaliya “Sportinq”i ilə görüşdə avrokuboklarda ən böyük hesablı ev məğlubiyyətini alıb - 1:6. Lissabonlularla matçda son 4 ev oyununda yeganə qol vurulub.

Cari avrokubok mövsümündə ÇL-in II raundunda Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdıran APOEL (1:0, 3:0), ardınca “Qarabağ”dan güclü olub. Pley-off mərhələsində Hollandiya “Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Kipr klubu AL-in qrupuna düşüb.

“Qarabağ”ın heyətində cəzalı oyunçu yoxdur. Qurbanov matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib ki, zədələrini sağaldan Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalları çoxdur. İntizamsızlığa görə cəzalanan Araz Abdullayevin də meydana çıxmaq ehtimalı böyükdür. APOEL-də isə Tomas De Vinsenti zədə üzündən Bakıya gətirilməyib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)

Baş hakim: Filip Qlovaya

Yan xətt hakimləri: Frantişek Ferents və Yan Pozor

Dördüncü hakim: Peter Zimba (hakimlər briqadası Slovakiyadandır)

Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

AzNews.az