Hacı Allahşükür Paşazadə Mahmud Əhmədinejatı Azərbaycana dəvət etdi

18 May 2013 17:58 (UTC+04:00)
İranda səfərdə olan bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehranda prezident Mahmud Əhmədinejatla görüşüb.

ANS-in səfərdə iştirak edən xüsusi müxbirinin verdiyi məlumata görə, Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevin salamlarını İran liderinə çatdırıb. O, iki ölkə arasında münasibətlərin qardaşlıq və dostluq səviyyəsində olduğunu qeyd edib və bunda hər iki ölkənin prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb. Azərbaycanda gedən inkişaf proseslərindən danışan Hacı Allahşükür Paşazadə son üç ayda Azərbaycanda bir neçə məscidin dindarların istifadəsinə verildiyini deyib. O, Mahmud Əhmədinejatı iki gün öncə Şamaxıda qədim Cümə məscidinin istifadəyə verilməsi barədə məlumatlandırıb.

Prezident Mahmud Əhmədinejat da Azərbaycan prezidenti ilə çox səmimi münasibətlərinin olduğunu qeyd edib və "Azərbaycan daim mənim ürəyimdədir" ifadəsini işlədib. O, iki ölkə arasına münasibətləri korlamaq istəyən qüvvələri şeytanın ortaya atdığını deyib və onların öz məqsədlərinə çata bilməyəcəklərini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində görüşdə iştirak edən Vahid Mustafayevin "Xoca" filmi iran prezidentinə təqdim olunub.

Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib. Bütün Qafqazın şeyxi İranın Bakıdakı səfiri Möhsün Pakayinin və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun fəaliyyətini yüksək qiymətləndirib və Mahmud Əhmədinejat bu qiyməti dəstəkləyib. Danışıqlar çox səmimi şəkildə keçib. Hətta bütün Qafqazın şeyxi İranda bir şəxsin prezident seçilməsinə məhdudiyyətin olduğunu xatırladaraq, Mahmud Əhmədinejatı istirahət etmək üçün Azərbaycana dəvət edib. İran lideri bu təklifi məmnuniyyətlə qəbul edib və vaxtı olacağı təqdirdə hökmən Azərbaycana gələcəyini vurğulayıb.

AzNews.az