Çevriliş cəhdinin birbaşa iştirakçısı olan nazirlər...

18 May 2013 21:18 (UTC+04:00)
Elşən Musayev


Seçki mehi deyəsən ahəstə-ahəstə üzümüzə dəyir artıq. Daxili siyasətimiz bir-birini sıralayan çox maraqlı xəbərləri müjdələməkdədir:

Biri "Milli Şura"nın anonsunu verir, digəri "Meydan Tv" yaradır. Bir başqası da özünə MSK-dan, seçki məcəlləsindən, camaatdan,partiyadaşlarından xəbərsiz "Prezidentliyə namizəd"statusu verıb, ortalıqda bakılılar demişkən " oyun çıxartmaqla" məşğuldur.

Bu baxımdan millətin özü də çaşqın durumdadır elə. Məsələn, heyrətlə– "El","Ziyayılar Forumu", "Milli Şura"-kimi birliklərin sürət axınına baxıb, eynən məhşur filmdə deyilən təki "Ay yoldaş, bir az asta olar?"-ritorikasına qapılmaqdadır. Ya da belə deyək, könül almaq yerinə onu bir az da bulandırmaq, həvəsləndirmək yerinə daha da diksindirmək yarışına girib bəziləri –Sanki!.. Estafet də bir uğursuzluqdan digərinə dövr almaqdadır.

Yaxşı bəs illərdir bütün bu dolanbacların içində vurnuxub qalan xalqın günahı nədir? Və ya həmin xalqın elə məhz bu proseslərə nəzərən çox böyük məmnuniyyətlə cavabını almaq istədiyi çox maraqlı suallar da var axı: Məsələn, hər hansı birlik, vahidlik və ya qələbə üçün ad zərurəti, tarix yerdəyişməsi çoxmu önəmlidir? Birləşmə gücü olan kəsim tutaq kı bu arzusunu 28 deyil, 29 mayda reallaşdıra bilməzmi? Ya da, "Milli Şura"da toplanan adamlar "EL"də bir araya gəlsə dünya tərsinəmi fırlanardı? Bunun üçün mütləq Rəsulzadə cildinə girməyə, sayı-hesabi itən, məqsəd-məzhəb-məramı olmayan təşkilatları yaratmağa nə hacət vardı ki..?

Azərbaycanın siyasi müxalifəti fərqindədirmi ki bu ölkənin narazı elektoratı belə onların yanında deyil? Hətta bu iqtidarı bəyənməyənlər də üz tutacaq, pənah aparacaq ünvana sahib deyillər? Yaxşı bəs nə deyib məşğul olurlar siyasətlə? Axı ortada anası ağlar günə qalan məntiq var. O da hər fürsətdə anlatmağa çalışır ki, 20 ildir müxalifətdəsənsə bunun 2 səbəbi olmalıdır: Ya həqiqətən xalqın problemi var, sadəcə nicat olaraq səni görmür, ya da dedikləriniz kökündən yalnışdır, həmin o xalq iqtidarla bərabərdir.Bu səbəbdən də hər fürsətdə, hər seçkidə layiq olduğun yeri göstərir sənə...

Yəni, hər iki halda uğursuzluğun, fiaskonun, acı məğlubiyyətin tərkisilah etdiyi tərəf sizsiniz - Barı bunun fərqindəsinizmi?

Bu biri yandan da "ATƏT"i," Venesiya"sı," BMT"-si, daha nə bilim nəyi başından yekə məsləhətlər verir ki, bu müxalifətlə dialoq qurmaq, müzakirələr aparmaq lazımdır. Niyə? Xeyir ola? Sən Avropa səfirliklərini heç gərəkmədiyi anda "xod"a salarkən, Azərbaycan dövlətinə yeni şərtlər diktə edəsən deyə siyasi müxalifəti separat danışıqlara cəlb edərkən heç xatırladınmı həmin müzakirələri? Xatırlamadın təbii. Çünki onda gərək yox idi, deyilmi? Oysa, indi də bizə gərək deyil. Get bir dövrə vur, sonra gələrsən...

***
Bu biri qütbdə gündəmi zəbt edən Gültəkin Hacıbəyli mövzusu isə məni yenidən 2005-ci ilə qaytardı. Bir anlıq həmin kritikanı xatırladım. Siyasi korrupsiyaya uğrayan məmurlar...çevriliş cəhdinin birbaşa iştirakçısı olan nazirlər...Meydandan, efirdən, səhnədən qaçan siyasətçilər..

Ağır idi gerçəkdən. Çox ağır. Amma nə yazıq ki, bu ağırlıqlar, bir-birinin ardınca kürəyə saplanan zərbələr belə, növbəti illər üçün ibrət almağa yetmədi - İqtidar üçün təbii! Yenə də..önə Gültəkinlər çıxarıldı, övladının toyunda Əli Kərimlinin oturduğu stola məxsusi menyu sifariş verən iqtidaryönlü partiya sədri Parlament seçkilərdə hakimiyyətin rəsmən dəstəklədiyi namizəd oldu, müxalifətdən gələnlər yuxarı başa keçdı, dövlət vəzifələrində önəmli postlara yerləşdirildi..Elə bu səbəblər toplusunun nəticəsi idi ki, Eldar Namazov köməkçi statusunsan ayrılıb, əlindəki"papka"nı yerə qoyan kimi anidən- nəinki vəzifəsini, bütövlükdə həyatını borclu olduğu iqtidarı bəyənməz hala gəldi. Rüstəm İbrahimbəyovun biznesinə qırmızı işiq yandırılan, qardaşı deputat seçilməyən kimi ahıl çağında dönüb həqiqət carçısına çevrildi. Gültəkin Hacibəyli içindəki demokratiya vulkanını püskürmək üçün ta 2010-cu ilin Parlament seçkilərinə qədər səbr etmə işgəncəsi ilə üzbə üz qaldı.
Əsl fədailər isə, həmin ərəfədə göz görəsi həqiqətin məntiqi sonluğunu izləmə məziyyətini daşıyırdılar.

***
Və, bu gün..

Bir başqa zamanın, bir başqa tramplini...

Prezident seçkiləri ilə bizi çox qısa zaman məsafəsi ayırır – cəmi beş ay. Yəni yetərincə az bir müddət. Bu isə paralel olaraq həm də satqın tərəfdaşların, saxta təəssübkeşlərin "sezon"u yaxınlaşır"- deməkdir. Və ya əgər ənənə pozulmasa bu dəfə də bəzi riyakarların, çörəyi dizi üstdə olanların ifasında maraqlı və heyrətamiz səhnələri izləməli olacayıq.

Hər halda unutmamaq gərəkdir ki, günü elə bu gündən xəyanət libası əynində, "çamadan"ı əlində hazır vəziyyət alan, bir az ara qarışsa Olimpiya rekordçusu Hüseyn Boltu belə öz qaçışı ilə geridə qoymağa qadir olan biriləri var içimizdə.

Müxalifətdən qorxu yoxdur, Allah onlardan qorusun bizi...//qafqazinfo//

AzNews.az