Sammit günlərində insanlar ən çox nəyi soruşurdular?..

28 Oktyabr 2019 09:07 (UTC+04:00)

Beləliklə ötən həftə Azərbaycan diplomatiyasının daha bir uğurlu səhifəsi çevrildi, hərçənd, burada “Yeni səhifə başladı” demək daha düzgün olardı, çünki Qoşulmama Hərəkatı lokal təşkilat deyil və digər böyük beynəlxalq təşkilatlardan fərqli olaraq onun özünün institusional və personal strukturu, yəni mənzil – qərargahı və aparatı yoxdur, bütün bunları təşkilata rəhbərlik edən ölkə özü təmin edir.

Amma güman ki, əsas məsələ, problemin məğzi bu deyil. Sammitin keçirildiyi iki gündə müxtəlif tele-proqramlarda iştirak edən politoloqlara jurmalistlər demək olar ki, eyni sualı verirdilər: bu sammitin, xüsusən də Azərbaycanın təşkilata sədrlik etməsinin Dağlıq Qarabağ problemi üçün hansı nəticələri olacaq?

İnsanları, prinsipcə, başa düşmək mümkündür. Azərbaycanda nə edilirsə, xüsusən də bizim bütün diplomatik təşəbbüslərimizə onlar əsasən bir prizmadan, Qarabağ problemi prizmasından baxırlar, çünki bu, bizim bir nömrəli problemimiz, xarici və müdafiə siyasətimizin ən əsas prioritetlərindən biridir.

Bakıda baş tutan sammitə, ümumiyyətlə, Qoşulmama hərəkatının praktikasına gəldikdə, əlbəttə, onun qərarlarının bilavasitə hüquqi gücü yoxdur və bu təşkilatın BMT-dən və ya NATO-dan fərqli olaraq hansısa birbaşa və yaxud dolayı sanksiya mexanizmləri də yoxdur. Amma onun da qərarlarının siyasi önəmi var.

120 üzv dövlət və 10 müşahidəçi! Bütün bunlar bizim diplomatik resurslarımızdır və zəruri hallarda biz tərəddüd etmədən onların da qərarlarına və ya mövqeyinə istinad edə bilərik. Məlumdur ki, həmin dövlətlərin hamısı BMT-nin üzvüdür və deməli, dünyanın bir nömrəli təşkilatında bizim ən azı 120 səsimiz var, özü də etibarlı və təmin olunmuş səslərimiz...

Üzv olduğumuz digər təşkilatları da xatırlasaq, onda öz diplomatik resurslarımız sarıdan narahat və nigaran olmaya bilərik – biz bu xaotik və “turbulent” dünyada heç də tək deyilik.

Demək lazımdır ki, bu, təkcə Qoşulmama Hərəkatına aid deyil, bütün digər təşkilatların da – ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin və İslam Əməkdaşlıq Təşkilatının qərarlarının birbaşa siyasi gücü var və bunların hamısı bizim mövqeyimizə dəstəkdir.

Üstəlik, bu möhtəşən sammit Valday Forumundan, MDB-nin Aşqabad sammitindən və Türk Şurasının Bakı sammitindən sonra Bakının erməni baş naziri N.Paşinyanın sərsəm avqust “bəyanat”larından sonra başlatdığı diplomatik marafonun çox mühüm həlqəsi idi.

Güman, İrəvan belə ciddi həmlə gözləmirdi və artıq gələcəkdə nəsə deməzdən əvvəl bu diplomatik marafonu xatırlayacaqlar və biləcəklər ki, onların sərsəm bəyanatları cavabsız qalmayacaq – Bakı bunlara ən ali və ən mötəbər tribunalardan cavab verəcək.

Bir daha bu mühüm sammitin Dağlıq Qarabağ aspektinə gəldikdə, xatırlayaq ki, ərazi bütövlüyünün pozulması, ərazilərin bir hissəsinin nəzarətdən çıxması kimi problemlə təkcə biz üz - üzə qalmamışıq, eyni problemlə Gürcüstan, Ukrayna və Moldova da qarşılaşıbdı.

Yeri gəlmişkən, elə bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası “Gürcüstana dəstək aktı” qəbul etdi və məqsəd də bu ölkənin ərazi bütövlüyünə, onun apardığı siyasi və iqtisadi islahatlara daha real yardım və köməklik etməkdir.

Niyə görə bu detalı nəzərinizə çatdırdıq? Məsələ bundadır ki, GUAM üzvlərinin hamısı (Özbəkistan istisna olmaqla) dediyimiz kimi, hazırda eyni problemi yaşayır və eyni məqsədə doğru gedir, amma bunun üçün müxtəlif yollar seçib.

Biz də öz yolumuzu seçmişik: şimal qonşumuzun, yəni Rusiyanın regional gesosiyasi maraqlarını nəzərə almaqla, bütün resursları, eləcə də Rusiya ilə xoş münasibətləri akkumulyasiya etməklə özümüzün əsas problemimizi – Dağlıq Qarabağ problemini həll etmək.

Bir az əvvəldə qeyd etdiyimiz kimi, Gürcüstan bir qədər fərqli yol tutubdur və güman ki, əlahəzrət zamanın özü kimin daha düzgün, daha optimal və daha qısa yol seçdiyini göstərəcək.

İndilik isə bunu demək mümkündür ki, prezident İ.Əliyev çox uğurlu xarici siyasət aparır. Bir vaxtlar politoloqların diqqət mərkəzində qazax lideri, hazırda keçmiş prezident N.Nazarbayevin yürütdüyü siyasət idi, hansı ki, öz siyasətini, xüsusən də Rusiya ilə münasibətlərini bir zərgər dəqiqliyilə qururdu. Politoloqlar və siyasi təhlilçilər arasında belə deyim də vardı: “Nazarbayev stili”.

Hazırda isə nəzərlər tədricən Azərbaycana tərəf yönəlir, hansı ki, xarici siyasətdə ən uğurlu, qibtə ediləsi və təqlid olunası bir presedentə çevrilir.

Hüseynbala Səlimov