“İslahatlara dəstək verənlər” şousu, şoumenlər və gerçək niyyətlər

28 Oktyabr 2019 18:27 (UTC+04:00)

Prezident İlham Əliyevin oktyabrın 15-də keçirilən müşavirədə sosial-iqtisadi, siyasi-hüquqi, kadr islahatları sahəsində yeni mərhələnin başlandığını elan etdi. Prezident bildirdi ki, islahatlar nəticəsində təkcə gömrük və vergi orqanları doqquz ay ərzində büdcəyə plandan əlavə 700 milyon manatdan artıq vəsait daxil ediblər. Bu vəsaitlər 2019-cu ildə reallaşdırılan sosial paketlərə yönləndirilib, 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdırıb.Qeyri-neft sektorunun inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına istiqamətlənən islahat strategiyası sonucda iqtisadi inkişafın təmin edilməsinə, yeni iş yerlərinin açılmasına, sosial paketlərin artmasına, nəhayət, rifah halının yüksəlməsinə hesablandığından, ciddi rəğbət qazanıb. Paralel olaraq kadr islahatları keçirilir, məmurlar yenilənir, gənclər işə alınır, ümumilkdə ölkə qazanır.

İslahatlardan gözlənilən effektlə yanaşı, onun hansı formada gerçəkləşdirilməsi də önəmlidir. Zamanın tələblərinə uyğun olaraq zərurətə çevrilən bu dəyişikliklər region ölkələrində, adətən, inqilabi yollarla həyata keçirilir, dövlət çevrilişləri, çaxnaşmalar, dağıntılar, həyat ahənginin pozulması ilə müşaiyət olunur. Azərbaycan isə təkamül yolunu seçib; prosesi ağrı-acısız, dağıntısız, sabit həyat ahəngini pozmadan gerçəkləşdirmək niyyəti var otada. Hansı ki, zamanın dəyişmək tələbini, yeniləşmək zərurətini fürsət bilən, inqilabi çevriliş ovqatı yaratmaq, sabitliyi pozmaq, “bulanıq suda balıq tutmaq” niyyətində olanlar da az deyil. Bu qruplar təkamül variantlı islahatlar prosesini inqilabi formaya salmaq üçün türlü oyunlar qurur, fərqli vasitələrə əl atırlar. Bir ay içərisində 4 dəfə mitinq keçirmək cəhdi, razılaşdırılmamış aksiyalar vasitəsilə paytaxtda sabitliyi pozmaq istəyi, digər təxribatlar buna misaldır. Amma bu, islahata qarşı çıxmağın, müqavimət göstərməyin, prosesi pozmağa çalışmağın bir yoludur, aşkardır, gözlə görünəndir. Əsl problem islahatları gözlə görünməyən, üzdə duyulmayan formada pozmaq istəyənlərdə, dildə bir söz deyib, gerçəkdə fərqli mövqe sərgiləyənlərdədir.

Müşahidələr göstərir ki, Azərbaycanda 2018-ci ildə başladılan yeni islahat dalğasımüxalif düşərgəni şərti olaraq 2 qrupa bölüb, faktiki olaraq prosesə qarşı iki cəbhə yaranıb.Birinci qrupa “radikallar” daxildir. “Radikal müxalifət”in mövqeyi ziyanlı olsa da, prinsipləri bəllidir, netdir. Hədəfləri islahatlara mane olmaqdır. İslahatlar yoluyla ölkənin inkişafını, hakimiyyətin mövqeyinin güclənməsini, əhalinin hakimiyyətə qarşı etimadının artmasını istəmirlər. Şüarları sadədir: “mövcud iqtidar islahat keçirməyə qadir deyil, onun keçirdiyi islahatlar isə bizlərə lazım deyi”. Bütün bunları nə üçün, kimlərin sifarişi ilə edirlər, sonucda kimin maraqlarına xidmət edirlər? Başqa bir mövzudur. Bu yazıda məqsədim 2018-ci ildə zahirə çıxan, şərti olaraq “gizli müxalifət” adlandırılan 2-cü qrupu xarakterizə etməkdir.

“Radikallardan” fərqli olaraq, 2-cü qrup zahirən “islahatların keçirilməsinə tərəfdardır”, “islahatlar yolu ilə ölkənin möhkəmləndirilməsi, hakimiyyətin demokratikləşməsi ideyasını dəstəkləyir”, bu yolda Prezidentə öz köməyini təklif edir. Amma təkliflərində səmimi olmaları şübhə doğurur. Çünki “islahat üçün dəstəyi “ şərtlə verirlər. Deyirlər ki, Prezident kadr islahatını inqilabi formada, sürətli, kütləvi formada gerçəkləşdirməlidir. Həm də kadr islahatı adıyla elə şəxslərin dəyişilməsini təklif edirlər ki…Bu qrupun islahatlara dəstək adıyla verdiyi təkliflər küll halında deyil, hətta qismən reallaşdırılsaydı belə, ölkə nəinki bir addım irəli getməz, əksinə, 26 il geri düşər, 1993-cü illərin xaotik, böhranlı durumu yaranardı. Ziyanını görmürlərmi verdikləri təklifin?

Taktika dəyişir, hədəf isə yox…

Kimlərin “vurulmasını” təklif edirdi bu qrup? O şəxsləri ki, 90-cı illərin ən ağır günlərində Azərbaycana başçılıq edən ulu öndər Heydər Əliyev öz komandasına cəlb edib etimad göstərmişdi. Bu şəxslər son ana qədər ümummilli liderə sədaqətlərini qorumağı bacarmış, daha sonra Prezident İlham Əliyevin komandasında da eyni uğurla işlərini davam etdirmişlər. Siyasi karyeralarında heç vaxt şübhəli xətlər üzrə hərəkət etməyiblər, hər zaman sistemə, rejimə, liderə sədaqətlərini nümayiş etdiriblər. Həm də, digər məmurlarla müqayisədə daha strateji postlarda təmsil olunublar. Məsələn, onların əsas hədəflərindən biri Əli Həsənovdur, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri. “Turan” İA-nın baş redaktoru Mehman Əliyev Prezident İlham Əliyevin 15 oktyabr müşavirəsindəki çıxışını şərh edir. Prezidentin müxtəlif sahələrlə yanaşı, media sferasında da islahatlar aparılmasının zəruriliyini bildirən tezisini kontekstdən çıxarır. Sözünü Əli Həsənovun üzərinə gətirir, deyir ki, mediada islahat aparılması o deməkdir ki, Əli Həsənov işdən çıxarılmalıdır.Hansı ki, məhz Əli Həsənovun peşəkarlığı sayəsində Azərbaycan Prezidentinin həm mediaya, həm də ictimai-siyasi mühitə yönəlik proqramları uğurla tamamlanıb, bu sahədəki hərc-mərclik aradan qalxıb, Azərbaycan mediasında, QHT və siyasi partiyalar sistemində uzlaşma, anlaşma, dialoq müstəvisi yaranıb. Onda Mehman Əliyevin və ətrafıdakı qrupun Əli Həsənovu və onun kimi komandasına sadiq, peşəkar olan digər şəxsləri hədəf seçməsi nəyə hesablanıb? Media ekspertləri, siyasi şərhçilər hələ 2017-2018-ci illərdə xəbərdarlıq edirdilərki, Mehman Əliyevin səsləndirdiyi, islahat adı altında ən sadiq məmurların vurulmasını ehtiva edən təkliflərdə əsas hədəf ayrı-ayrı məmurlar deyil, Prezident İlham Əliyevin özü və onun həyata keçirdiyi islahatlardır:“ Mehman Əliyev hakimiyyəti zəiflətmək üçün əsrlərdir sınanmış və çox zaman da işə yaramış bir metoddan istifadə edir: liderin ətrafını təmizləmək üçün səbəblər uydurur. Uzun vədəli məqsəd hakimiyyətin təbliğat-təşviqat işlərinə məsul olan əsas şəxsləri hədəfə gətirib gözdən salmaq, sonra da komanda içində çaxnaşmalara rəvac verməkdir. Bu iş üçün komandanın ən uğurlu, ən təcrübəli, ən gərəkli və ən sadiq üzvlərini seçməsi də Mehman Əliyevin həmin məqsədlərindən xəbər verir” (https://aktual.az/niye-mehz-eli-hesenov/ ).

Həftənin olayları, “Turan”ın oyunları…

2017-2018-ci illərdə ortaya çıxmış bu şübhələr çox keçmədən özünü doğrultmağa başlayıb.

Yaşadığımız ayda, oktyabr ayının son həftəsi ərzində ortaya çıxan olaylar, “Turan” İA-nın bu olaylara yanaşması, əslində Mehman Əliyevin və ətrafındakı şəbəkənin mahiyyətini tamamilə açmış olur. Budur, son günlər mediaya açıqlamalar verən, özünü gah “İqtisadiyyat – makroiqtisadiyyat” üzrə ekspert, gah siyasətşünas, gah da media eksperti kimi təqdim edən Mehman Əliyev artıq ayrı-ayrı məmurlardan “əl çəkib”, birbaşa Prezidentin özünü və islahata yönəlmiş tezislərini hədəfə alıb. O, “İslahatdan kənar inkişaf”adlıyazısında qeyd edir ki, “…xarici reytinq təşkilatları Azərbaycanı islahatların liderlərindən biri kimi təqdim etməyə tələsiblər. Dünya Bankının 2018-ci il üzrə “Doing Business” hesabatı Azərbaycanı dünyanın 10 islahatçı dövlətinin siyahısına daxil etməklə” səhvə yol verib. “Dünya İqtisadi Forumunun (WEF) “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycanın 2017-ci il üzrə 35-ci yerə çıxarılması” da yanlış olub (https://www.astna.biz/ext/news/2019/9/free/eco-macroeco/az/971.htm ). Mehman Əliyev “çoxsaylı arqumentlər” gətirərək isbat etməyə çalışır ki, Azərbaycanda nəinki sosial-iqtisadi sahədə, ümumilkdə heç bir sahədə islahat keçirilməyib, dəyişikliklər olmayıb: “Qeyd olunan dövrdə heç bir sahədə və ya ümumiyyətlə, ölkədə köklü dəyişikliklərin şahidi olmamışıq….Prezident bu il 3 aprel tarixində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman verdi. Ancaq “Gəncə” və “Tərtər” hadisələri ilə bağlı keçirilən məhkəmə çəkişmələri islahatların olmadığını göstərir”.

Hansıki, Prezidentin 15 oktyabr müşavirəsində islahatların uğurlu alındığını isbatlamaq üçün istinad etdiyiməqamlardan biri də, məhz, Dünya Bankının 2018-ci il üzrə “Doing Business” hesabatında Azərbaycanın dünyanın 10 islahatçı dövlətinin siyahısına daxil etməsi idi.

Göründüyü kimi, Mehman Əliyev 15 oktyabr müşavirəsinə münasibəti ziddiyyətlidir. Bir tərəfdən Prezidentin media ilə bağlı dediklərini “dəstəkləyir”. Digər tərəfdən isə, bu çıxışı kontekstdən çıxarır, məsələni yanlış şərh edərək Prezidentin sadiq köməkçilərini hədəfə gətirir. Ən əsası isə, Prezidentin islahatlar proqramını əsaslandırmaq üçün gətirdiyi arqumentləri şübhəyə alır. Faktiki olaraq, Mehman Əliyevin “Doing Business” hesabatında Azərbaycanın yeri barədə dedikləri, “radikalların” tezislərindən fərqlənmir.

Yenidən qurulmanın dərsləri” adlı məqalədə isə, Mehman Əliyev Azərbaycan prezidentini sonuncu SSRİ rəhbəri Mixail Qorbaçovla müqayisə edir: “Azərbaycanda hazırki vəziyyət SSRİ-nin son illərinə oxşardır…”. ( https://www.astna.biz/ext/news/2019/3/free/region-ussr/az/690.htm ). “Mövcud hakimiyyətin puçluğunu” əsaslandırmaq üçün iddia edir ki, Azərbaycanın mövcud hakimiyyəti legitim deyil: “Bu müddət ərzində ölkədə referendum, prezident seçkiləri keçirildi. Onlar demokratik idimi, legitim idimi, yerli və beynəlxalq standartlara uyğun idimi? Əsla. Bununla bağlı kifayət qədər ciddi arqumentlər var..”. Mehman Əliyev islahatların keçirilməsini əhəmiyyətsiz sayır ona görə ki, “islahatı keçirənin özü legitim deyil”.

Göründüyü kimi, “Mehman Əliyev şəbəkəsi”nin taktikasında son dövrlərdə ciddi dəyişiklik yaranıb. Onlar 2017-2018-ci illərdə, islahatların ilk mərhələsində Prezident İlham Əliyevi və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanı zahirən “təqdir edir”, ətraflarındakı sadiq məmurların isə vurulmasını təklif verirdilərsə, bu yolla guya “Prezidentin yeni islahatlar proqramını dəstəkləyirdilərsə”, 2019-cu ilin ikinci yarısında və xüsusən 15 oktyabr müşavirəsinə münasibətdə xəttlərini dəyişiblər. İndi ətrafındakı komandası ilə yanaşı, hədəf olaraq Prezidentin özünü və tezislərini də göstərirlər. Düzdür, siyasətləri mahiyyətcə dəyişməyib. 2017-2018-ci illərdə də, 2019-cu ildə də hədəfləri eyni olub. Sadiq məmurların vurulmasını təklif edəndə də, indi Prezidentin tezislərini hədəf göstərib onu qeyri-legitimlikdə ittiham edəndə də məqsədləri bir idi: Prezidentin komandasını zəiflətmək, xalqın etimadından məhrum etmək, “zəif prezident imici yaratmaq”. Amma indi ziddiyyətli davranırlar, sözü bir cür deyib, əməldə fərqli davranırlar, ictimai rəyi çaşdırırlar.

Bu versiyanı qüvvətləndirən məqamlar çoxdur. Son olaraq “radikal” düşərgənin 19 oktyabrda keçirdiyi razılaşdırılmamış mitinqə münasibət Mehman Əliyevin və onun əhatəsində olan şəbəkənin və rəhbərlik etdiyi “Turan” İA-nın siyasətini tam çılpaqlığı ilə ortaya qoyur.

Gəlin baxaq. Oktyabrın 19-da icazəsiz mitinq keçirmək cəhdinin qarşısının alınması beynəlxalq təşkilatlarla Azərbaycan hökuməti arasında müzakirələrə, hətta mübahisələrə səbəb olub. Beynəlxalq qurumlar “dinc nümayişçilərin” həbsini pisləyən bəyanatla çıxış edir, rəsmi Bakı isə tənqidləri qəbul etmir.“Human Rights Watch”, “Freedom House”, “Nyu-York Jurnalistləri Müdafiə Komitəsi” və digər “fürsətcil” QHT-lər bir yana, bəyanat verənlər sırasında Avropa İttifaqının, Avropa Şurasının və digər dövlətlərarası təşkilatların olması, vəziyyəti dəyişir. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Federika Mogerininin mətbuat katibi Maya Kosyançiç bəyan edib ki, “oktyabrın 19-da 100-lərlə insan saxlanılıb.Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edilib”. Avopa İttifaqı ilə yanaşı, Avropa Şurası da işə qarışıb. Qurumun İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviçin bəyanatında deyilir: ” Bakıda polisin mitinqləri amansızcasına dağıtması ciddi narahatlıq doğurur. Mitinq keçirmək cəhdləri polis zorakılığı ilə üzləşib. 100-ə yaxın insan, o cümlədən, müxalifət liderləri həbs edilib”. Azərbaycan tərəfinin Aİ və AŞ-nin bəyanatlarına qarşı münasibəti sərt olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva, YAP-ın icra katibiƏli Əhmədov və digər rəsmi şəxslər açıqlama verərək, beynəlxalq təşkilatların 19 oktyabr aksiyası üzrə bəyanatlarının qondarma arqumentlər əsasında, qərəzli formada hazırlandığını bildiriblər, həmin bəyanatlarda əks olunan arqumentlərin əsassızlığını sübut ediblər.

Mübahisə doğuran məqamlardan biri də aksiya zamanı saxlanılanların və xəsarət alanların sayı ilə bağlıdır. Yuxarıda sitatlardan görünür ki, Aİ və AŞ təmsizlçiləri aksiya zamanı “100-lərlə insanın, o cümlədən, müxalifət liderlərinin həbs edildiyi”ni yazırlar. Nəzərə alsaq ki, razılaşdırılmamış aksiyaya ümumilikdə 150-200 nəfər qatılıb, onda belə çıxır ki, polis təkcə aksiyanın təşkilatçılarınıdeyil, aksiya iştirakçılarının hamısını həbs edib və belə olarsa, həqiqətən də, narahatçılıq üçün zəmin yaranır. Halbuki, Bakı Şəhər Baş Polis İdarəsi “Milli Şuranın” qanunsuz aksiyasında təşkilatçılar və fəal iştirakçılar olmaqla, cəmi 60 nəfərin qısa müddətə saxlanıldığını, bir neçə saat ərzində həmin 60 nəfərdən 42 nəfərin xəbərdarlıq edilərək sərbəst buraxıldığını açıqlayıb. Bu halda sual yaranır ki, Azərbaycan hökuməti ilə Avropa təşkilatları arasında ziddiyyətə səbəb olmuş “100-lərlə insan həbs edilən” rəqəmi haradan götürülüb?

Təbii ki, Avropa təsisatlarının informasiya aldıqları mənbələr çoxdur. Amma bu sırada ilk yerdə duranlardan biri də “Turan” İA-dır. Agentlik oktyabrın 19-da, saat 17/10 –da, hələ aksiya bitməmiş “19 oktyabr etirazlari – VİDEOLAR” başlığı ilə xəbər yayıb ( http://www.turan.az/ext/news/2019/10/free/politics%20news/az/84585.htm ).

3 dildə yayımlanan bu xəbərdə dəqiqləşdirilməmiş, rəsmi qurumlardan təsdiq almamış məlumatlar əks olunub. Məsələn, bildirilir ki, “100 –lərlə aksiya iştirakçısı tutulub, saxlanılıb”. Hansı ki, rəsmi qurumlar, o cümlədən, Bakı Baş Polis İdarəsi 60 nəfərin saxlanıldığını, 42 nəfərin dərhal azad olunduğunu, yalnız 18 nəfərin işinin məhkəməyə göndərildiyini bildirib. “Turan” İA xəbərlərini Bakı Baş Polis İdarəsinə, rəsmi qurumlara, həmçinin, digər etibarlı mənbələrə deyil, “radikal” düşərgə təmsilçilərinin dediklərinə istinadla qurub, beynəlxalq aləmi çaşdırıb, Azərbaycanın üzərinə qaldırıb. Xəbərdə, həmçinin, qeyd edilir ki, “aksiya zamanı bir neçə jurnalist xəsarət alıb. Polis çəkiliş aparan reportyorlara maneə törədib”. Bu da rəsmən təkzib olunan ziddiyyətli məqamdır. Jurnalistlərdən müvəqqəti saxlanılanlar olsa da, xəsarət məsələsi olmayıb. Bu, sırf “Turan” İA-nın yanlışıdır.

19 oktyabr aksiyasının səbəblərindən biri kimi, onun islahatlara qarşı yönəlməsi bildirilir. Aksiya zamanı “Turan” İA dövlətin, Prezidentin və islahatın yanında deyil, AXCP-nin və “Milli Şranın”yanında yer tutub, onların təxribatçı informasiyalarını paylaşırsa, beynəlxalq aləmi Azərbaycanın üzərinə qaldırırsa, o, kimin maraqlarına xidmət edir? Dildə Prezidentin islahatlar kursunu dəstəklədiyini deyib, yaydığı informasiyalarla islahatları kölkəyə salan bir agentlik rəhbərinin mövqeyini necə şərh edək? Bu halda Mehman Əliyevin Prezidentin sadiq məmurlarına qarşı münasibətini səmimi qəbul etmək olar?

Müşfiq Ələsgərli