"Axar.az": Nikol özbək liderin Qarabağ mövqeyini “unutdu”

29 Oktyabr 2019 12:38 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamaları ilə Kremli bir daha sakitləşdirmək istəyir.

Bunu analitik Elxan Şahinoğlu erməni baş nazirin Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibəsini təhlil edərkən qeyd edib. O, Paşinyanın Rusiyaya sadiqliyini göstərmək istədiyini bildirib:

“Birincisi, Paşinyan deyib ki, Ermənistanda hakimiyyətin inqilab yolu ilə dəyişməsinin arxasında heç bir geosiyasi amil dayanmır. Yəni Paşinyan demək istəyib ki, bu inqilabın arxasında Qərb dayanmayıb və o da özündən əvvəlkilər kimi Rusiya ilə strateji müttəfiqliyə sadiqdir. O, bu sözlərlə Kremli bir daha sakitləşdirmək istəyir. Rusiya rəsmiləri Nikol Paşinyanın bir sıra addımlarından, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsdə saxlamasından narazı qalsalar da, Ermənistanın yeni hakimiyyətini hələ ki, cəzalandırmağı düşünmürlər. Məsələn, Paşinyan müsahibəsində misal çəkib ki, Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücum zamanı o, Vladimir Putindən xahiş edib ki, Rusiya Suriyanın Qamışlı qəsəbəsində yaşayan 3 min ermənini qorusun. Paşinyanın sözlərinə görə, Putin ona verdiyi vədi yerinə yetirib və erməniləri qoruyub”.

Politoloqun sözlərinə görə, Paşinyan Avropa sivilizasiyasını Şərq sivilizasiyaından üstün sayır:

“İkincisi, Paşinyan müsahibədə tarixə dalıb və deyib ki, erməni elitası XVIII əsrdə Rusiyanı ona görə Cənubi Qafqaza dəvət edib ki, ermənilər qorunsun və ermənilər Avropa sivilyasiyasına qovuşsunlar. Bəli, Rusiya ermənilərin istəyini artıqlamasıyla yerinə yetirib. Sadəcə, Paşinyanın “Avropa sivilizasiyası” barədə dediklərinə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımları xatırlatmaq lazımdır, bir də gərək müsahibənin bu hissəsini Ermənistanla sıx münasibətləri olan İranın və bəzi ərəb ölkələrinin rəsmiləri də oxusunlar. Çünki Paşinyan Avropa sivilizasiyasını Şərq sivilizasiyandan üstün sayır”.

E.Şahinoğlu Paşinyanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq istəməsi ehtimalına verdiyi cavaba da diqqət çəkib:

“Üçüncüsü, Paşinyan Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağına əminliyini ifadə edib. Paşinyanın sözlərinə görə, 30 il ərzində Ermənistan və Özbəkistan rəsmiləri arasında bir görüş belə olmayıb. Səbəb sadədir. Özbəkistanın məhrum dövlət başçısı İslam Kərimov Azərbaycan torpaqlarının işğalını qəbul etmirdi. Paşinyan müsahibəsində bu sadə səbəbi xatırlamağı “unudur”. Paşinyan bildirib ki, Özbəkistanın yeni prezidenti ilə MDB dövlət başçılarının Aşqabad sammiti çərçivəsində görüşüb. Bu görüşdə qarşılıqlı səfərlər razılaşdırılıb. Maraqlıdır ki, Türk Şurasının Bakıdakı toplantısında Özbəkistan Prezidenti Şövkət Mirziyayev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Paşinyanın rusiyalı jurnalistin “Bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq istəyərsə, reaksiyanız necə olacaq” sualına isə qısa cavab verib: “Qoy əvvəlcə istəklərini bildirsinlər, sonra baxarıq”. Bu cavab bizə bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan işğalçı dövlətlə hərbi və ya iqtisadi blokda yer almaq Azərbaycanın maraqlarına cavab vermir”. (Axar.az)

AzNews.az