Prezidentin çağırışına cavab olaraq, nöqsanlar barədə ona yazın - Millət vəkili

31 Oktyabr 2019 11:35 (UTC+04:00)

Bu dəyişiklikləri müsbət qiymətləndirirəm. Amma dəyişikliklərin sürəti və miqyası məni qane etmir. Biz qısa müddətdə ciddi nəticələrə nail olmalıyıq. Bunu bizdən ölkəmizin mövcud durumu və qarşımızda duran, həllini gözləyən problemlər tələb edir.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib. Millət vəkili bildirib ki, islahatların sürətli olmasına iki amil mənfi təsir edir:

“İqtidarın daxilində olan bəzi qüvvələr islahatların sürətlə aparılmasına mane olur. İkincisi, cəmiyyətimiz dəyişiklik istəsə də, həmin dəyişikliklərin dinc və sabitlik şəraitində uğurla həyata keçirilməsinə ciddi töhfə vermək gücündə deyil.

İnsanlarımız siyasətdən uzaq olduqları üçün hər şeyin ölkənin siyasi rəhbərliyi tərəfindən edilməli olduğunu düşünürlər. Onların bu cür mövqedə qalmasına “fit müxalifəti” də rəvac verir. Heç görmüsünüz onlar vətəndaşları iqtisadiyyatımızı inkişafdan saxlayan, mənəvi mühiti deqradasiyaya uğradan korrupsiya və rüşvətxorluğa qarşı fərdi mübarizəyə səsləsinlər? Sözsüz ki, yox. Yalnız iqtidara nifrət aşılayır və insanlara onların fərdi mübarizəsinin heç bir nəticə verməyəcəyini aşılamağa çalışırlar”.

Millət vəkili bildirib ki, insanlar hüquqlarını öyrənməli, hüquqları uğrunda mübarizə aparmalıdır:

“Prezidentin çağırışına cavab olaraq, nöqsanlar barədə ona yazın, məmurların qəbuluna gedin, hüquq pozuntuları barədə sosial şəbəkələr üzərindən müraciətlər edin. Hər yerdə, hər zaman yorulmadan problemlərinizi qonşuya, dost-tanışa, istənilən həmsöhbətə danışın. Biz danışmaqla şüurları dəyişəcəyik. Əgər biz şüurlarda dəyişiklik edə bilsək, cəmiyyətimiz də ağrısız, qansız-qadasız dəyişəcək.

Ona görə hər bir vətəndaşı demokratik cəmiyyətin qurucusu kimi hazırlamaq, maarifləndirmək lazımdır”.

AzNews.az