Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən
millət vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Ermənistan xarici işlər nazirliyinin məlum reaksiyası bir sıra reallıqlardan xəbər verir. Onun fikrincə, kommunikasiya baxımdan, enerji daşıyıcı yollardan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən təcrid olunan işğalçı ölkə diplomatik baxımdan da məğlubiyyətə uğrayır, təcrid olunur: "Ermənistanın xarici işlər nazirliyi belə absurd bəyanatlar verməklə ilk növbədə özünü dünyanın 120 dövlətinə qarşı qoyur. Çünki, müasir dünyada hansısa maraq müqabilində bir-iki dövləti aldatmaq, nəyinsə qarşılığında 3-4 havadarı qazanmaq olar, amma 120 dövləti bu yolla özünə dəstəkçi etmək olmaz. Lakin fakt budur ki, Bakıda keçirilən Zirvə Görüşündə BMT üzvü olan 120 dövlət Ermənistan işğal altındakı Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər. Bu mövqe beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə söykənir. Azərbaycanın burada oynadığı rol, həyata keçirdiyi siyasət, atdığı diplomatik addımlar şübhəsizdir. Ancaq bununla belə, əgər bu mövqe beynəlxalq prinsiplərlə uzlaşmasaydı, Zirvə Görüşünün sonunda qəbul edilən yekun sənədə imza atan dövlətlərin sayı Ermənistanın işğalçılıq siyasətinə, ədalətsiz mövqeyinə dəstək verən dövlətlərin sayından artıq olmazdı”.
Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə 120 dövlətin məhz Azərbaycanın mövqeyinə dəstək verməsi, bunun qarşılığında Ermənistan xarici işlər nazirliyinin gülünc bəyanat yayması, işğalçı ölkənin öz ekspertlərinin dili ilə ifadə etsək, gedən qatarın dalınca daş atmağa bənzəyir: "Ən əsas məsələ Ermənistanın öz təcridinin bir qədər də güclənməsidir. Haqsız olmaqları bir yana, beynəlxalq hüquqa uyğun olaraq hərəkət edən dövlətlərin ünvanına əsassız ittiham yağdırırlar. Məsələyə işğalçı ölkənin maraqları baxımdan da yanaşsaq, Ermənistan xarici işlər nazirliyinin bəyanatı bu dövlətin necə çıxılmaz vəziyyətdə olduğunu, siyasətçilərinin, diplomatlarının naşılığını nümayiş etdirir. Bu yerdə bir məqamı da xatırlatmaq istəyirəm. Ermənilərlə ortaq mövqedən çıxış edən bəzi sapı özümüzdən olan baltalar sosial şəbəkələrdə "fəallıq” göstərərək, Bakıda keçirilən Zirvə Görüşünün əhəmiyyətini kiçiltməyə çalışırdılar. Son proseslərdən sonra bu "özümüzünkülərdən” soruşmaq yerinə düşərdi ki, əgər doğurdan da Qoşulmama Hərəkatının toplantısı iddia etdiyiniz kimi "mənasız” və "əhəmiyyətsizdirsə”, işğalçı Ermənistan nə üçün bu təşkilatın yekun sənədindən narahatlıq keçirir?”.
Politoloq Nəzakət Məmmədova da hesab edir ki, kiçik, zəif Ermənistanın dünyanın BMT-dən sonra ikinci böyük təşkilatının - özündə 160-a yaxın dövləti birləşdirən qurumun iradəsinə qarşı bəyanat verməsi məntiqsizdir. Onun sözlərinə görə, bu, əsassız və mənasız diplomatik demarş cəhdindən başqa bir şey deyil: "Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinə hörmətsizlik göstərdi və özünü bir daha ifşa etdi. Bu, ermənilərin özləri haqda yaratdıqları qədim, mədəni, sivilizasiyalı xalq və dövlət anlayışlarını puç etdi. Dünyanın 200-ə yaxın dövlətindən 160-ı beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli addım ataraq, hər hansı sənəd qəbul edirsə, bunu qeyd-şərtsiz qəbul etmək hər bir dövlətin borcudur. Lakin Ermənistanın bu münasibəti təəccüblü deyil. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri 27 ildir icra etməyən, Bişkek protokolunu 25 ildir pozan, Türkiyə ilə imzaladığı protokolları zibil yeşiyinə atan barbar dövlətdən bundan fərqli yanaşma gözləmək illüziya olardı”.
N.Məmmədova deyib ki, Qoşulmayanlar Hərəkatı kimi nüfuzlu təşkilata qarşı bəyanat vermək üçün bir ölkənin ya güclü havadarları olmalı, ya da diplomatik nəzakət və protokol qaydalarının pozulması kimi qeyri-sivil addımlar atmaqla, beynəlxalq münasibətlərin kobudcasına pozulmasını adi hal kimi qəbul etmək ənənələri formalaşmış olmalıdır: "Ermənistan bu təşkilat yanında müşahidə statusuna malikdir və nəinki Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvə Görüşünə qatılmaması, üstəlik qəbul edilən sənədləri pisləməsi bu statusun ləğvi üçün əsas yarada bilər. Belə addımlar ölkəyə heç də müsbət imic qazandırmır. Əksinə onun beynəlxalq nüfuzuna ciddi zərbə vurur”.