Polis “Range Rover”i hasara çırpdı: 3 ölü, 2 yaralı

19 May 2013 21:40 (UTC+04:00)
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

EM622 tranzit nömrə nişanlı "Range Rover" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Nəticədə Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Rafael Rzayev, 1991-ci il təvəllüdlü Fərhad İbrahimov, 1985-ci il təvəllüdlü Səbuhi Əsgərov dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Kamal Qurbanov, 1983-cü il təvəllüdlü Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az