Türkiyəni Rusiyaya doğru itələyən ABŞ-ın yanlış siyasəti oldu

4 Noyabr 2019 09:42 (UTC+04:00)

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyan ABŞ-a səfər edib Konqresdə çıxış etməsinə imkan tanınması, Konqresin Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsi qəbul etməsi Azərbaycan və Türkiyədə böyük etirazlara səbəb oldu. Hətta ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırıldı və ona XİN-in etiraz notası təqdim edildi. Qeyd olunan hadisələrdən irəli gələn suallara tarixçi professor, politoloq Qabil Hüseynli “Yeni Müsavat”da cavab verib.

- Qabil bəy, Dağlıq Qarabağdakı cinayətkar rejimin “xarici işlər naziri”nin ABŞ-a dəvət edilməsi və eyni vaxtda ABŞ Konqresinin nümayəndələr Palatasında Türkiyəyə qarşı “erməni soyqırımı” qətnaməsinin qəbulu Azərbaycana və Türkiyəyə qarşı paralel işin aparılması sayıla bilərmi?

- ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın erməni lobbiçilərinin təsiri altında Dağlıq Qarabağdakı cinayətkar rejimin təmsilçisinə viza verməsi və orada Konqresdə çıxış etməsinə imkan yaratması ABŞ-ın münaqişənin həllində ədalətli vasitəçiliyinin üstündən xətt çəkir. Həm bu hadisə, həm də Türkiyəyə qarşı atılan addım beynəlxalq hüquq normalarına meydan oxumaqdır. Bu hadisələri diqqətlə izləməli və qardaş Türkiyə ilə əlaqəli şəkildə lazımi addımlar atmalıyıq.

- ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqda sənəd qəbul etməsinin hansı nəticələri ola bilər? Senat həmin sənədi qəbul edəcək, yoxsa təsdiqləməyəcək və bu bədnam qətnamə arxivə göndəriləcək?

- Əvvəla, onu deyim ki, bu, ABŞ-ın Türkiyəyə qarşı açıq təzyiqidir. Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın şimalında apardığı hərbi əməliyyatlardan sonra belə bir addımın atılması Türkiyəyə göz dağı vermək xarakteri daşıyır. Amerika da yaxşı bilir ki, 1915-ci ildə soyqırımı hadisəsi olmayıb, 1,5 milyon nəfər erməni öldürülməyib. Çünki lap bugünlərdə Türkiyə 1914-cü ildə əhalinin siyahıya alınmasının nəticələrini elan etdi. Belə məlum oldu ki, Şərqi Anadoluda cəmi 300 min erməni yaşayıb. Həmin ermənilər də vətəndaşı olduğu Osmanlı dövlətinə xəyanət etdikləri və rus ordusuna qoşularaq Osmanlı dövlətinə qarşı vuruşduqlarına görə onları yaşadıqları ərazidən ölkənin cənub vilayətlərinə, Osmanlının tərkibində olan Suriya, Livan və İraq ərazilərinə köçürüblər. Köçürülmə prosesi dövründə bir neçə on min erməni yolboyu üzləşdikləri malyariya və digər xəstəliklərdən ölüb. Osmanlı ordusunun gülləsi ilə bir nəfər də olsun erməni ölməyib. Bunu sübuta yetirən tarixi faktlar var. Bu mənada tarixə qiymət vermək tarixçilərin işi olmalıdır. Erməni soyqırımını isbat eləyəcək bir dənə də olsun yazılı sənəd, dəlil yoxdur. Soyqırımlar o zaman təsdiq olunur ki, onunla bağlı məhkəmə hökm çıxarmış olsun. “Erməni soyqırımı” ilə bağlı bir dənə də olsun məhkəmə hökmü olmayıb. Ermənilərin köçürülmə zamanı xəstəlikdən ölümü hadisəsinə soyqırımı demək tamamilə absurddur.

ABŞ-ın özü tarixdə bir neçə dəfə soyqırımı həyata keçirib. Ərazilər ələ keçirib indiki Amerika dövlətini qurmaq üçün onlar ən azı 25-30 milyon hindunu qətlə yetiriblər. Yəni əsl soyqırımdan danışmaq lazım gəlirsə, hinduların soyqırımını önə çəkmək lazımdır. Ona görə soyqırımdan danışan ölkələrin bu hökmü verməyə, bu barədə danışmağa mənəvi haqqı olmalıdır. Bu mənəvi haqqı başda ABŞ olmaqla Qərb ölkələrinin bir çoxu itiriblər. Onlar bu haqda danışmamalıdırlar. Əgər ABŞ Senatında zərrə qədər olsun siyasi obyektivlik qalıbsa, Nümayəndələr Palatasının heç bir fakta söykənməyən məlum qətnaməsini rədd etməlidir və bu qətnaməni tarixin arxivinə tullamalıdır. Mən ümid edirəm ki, ABŞ-ın vicdanı oyanacaq və Senat bu məsələyə rədd cavabı verəcək. Mən belə gözləyirəm.

- Tutaq ki, sənəd Senatdan da keçdi və ölkə prezidentinin təsdiqinə verildi. Sizcə, məsələ buna qədər inkişaf etsə, prezident Donald Tramp “erməni soyqırımı” qətnaməsini təsdiqləməkdən imtina edə bilərmi?

- Bu ehtimalı da nəzərdən qaçırmaq olmaz. Çünki Konqresin özü artıq Trampın əleyhinə impiçment məsələsini qaldırıb və gündəmə gətirib. Trampda azacıq da olsa siyasi uzaqgörənlik varsa, Türkiyə kimi böyük müttəfiqi itirməmək üçün və eyni zamanda erməni lobbisinin də təsiri altında qəbul edilən qərara “yox” deməlidir. Bu ehtimal var.

- ABŞ-ın Türkiyəyə qarşı bu qədər sərt addım atması Türkiyəni Rusiya ilə bir qədər yaxınlaşmağa sövq edirmi? Əgər belədirsə, Nümayəndələr Palatasının qərarı həm də əslində ABŞ-ın özünün də maraqları əleyhinə işləyirmi?

- Sözsüz ki, Nümayəndələr Palatasının addımı ABŞ-ın da maraqlarına zərbə vurur. Türkiyəni Rusiyaya doğru itələyən Amerikanın yanlış siyasəti oldu. Mən Ərdoğanın yol verdiyi müəyyən nöqsanları sadalamaq istəməzdim, amma bu nöqsanların meydana çıxmasının özündə də ABŞ-ın yanlış siyasəti olub. Onsuz da hətta qəbul olunmuş “erməni soyqırımı” qətnaməsinin bir qara qəpiklik qiyməti olmayacaq. Ermənilər nə qədər ümidlənsələr də Türkiyədən təzminat tələb edə və bu tələbi həyata keçirə bilməyəcəklər. Tarixdə qara dərililərə qarşı dəhşətli soyqırımı aktlarının həyata keçirilməsi faktını da Türkiyə öz parlamentində gündəmə gətirə və sənəd qəbul edə bilər. Başqa ölkələr də bu məsələdə Türkiyə kimi addım ata bilər. Beləliklə, ABŞ-ın Türkiyəyə qarşı atdığı ədalətsiz addım onun özünə qarşı çevrilər. Türkiyəyə qarşı ədalətsizliyə yol verilib. Mən bunu tarixi az-çox bilən, son zamanlar isə bu məsələlərlə bağlı bir kitab nəşr etdirmiş tarixçi kimi təkidlə deyirəm ki, ermənilərin və onlara “züy” tutanların söylədiyi “soyqrımı” əsla olmayıb.

- Nümayəndələr Palatasının bu addımından sonra bəzi ermənilər bəyan edirlər ki, bu hadisə “DQR”in yaxınlarda tanınacağına ümid yaradır. Sizcə, ermənilərin sevinməsinə əsas var?

- Ermənilər yüz oyun oynayırlar. Bu oyunların hamısı ya Türkiyə əleyhinə, ya da Azərbaycan əleyhinə çevrilir. Kim hesab edirsə ki, Türkiyəyə qarşı qəbul edilən həmin qətnamənin Azərbaycana ziyanı olmayacaq, o ciddi surətdə yanılır. Söhbət ondan getmir ki, bu qətnamə qəbul edildisə, sabah Dağlıq Qarabağ da tanıyacaqlar. Biz ərazi bütövlüyümüzün təmin edilməsini və bizə qarşı gələcəkdə addımların atılmasının qarşısını almaq üçün “erməni soyqırımı” qətnaməsinin qəbulunu faktlarla pisləmək və ABŞ-la ciddi iş aparmalıyıq. Ermənilər nə qədər sevinsələr də Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasına nail ola bilməzlər. Məsələ ermənilərin istədiyi istiqamətə yönəldilməyə başlayarsa Azərbaycan bölgəni qana boyayan müharibəyə başlamaq məcburiyyətində qalacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Odur ki, ermənilər də, onların havadarları da bunu bilməlidirlər. Mən bir daha deyirəm ki, ilk növbədə Amerika yanılmamalıdır. Erməni məsələsinə görə özünə, bölgədəki maraqlarına zərbə vurmamalıdır.

- Bu ilin əvvəllərində belə proqnozlar irəli sürülürdü ki, 2019-cu il Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımların atıldığı il ola bilər. İlin 10 ayına və hazırkı vəziyyətə qiymət versək, bu proqnozların da heçə çıxdığını söyləmək mümkünmü?

- Təəssüflə qeyd etmək lazım gəlir ki, 2019-cu il də Qarabağ probleminin həll edilmədiyi il kimi tarixə daxil olacaq. Həm arxada qoyduğumuz 10 ayda baş verənlər, həm də hazırda danışıqlar prosesində hər hansı irəliləyişin olmaması qarşıdakı bu iki ayda da hər hansı irəliləyişin olacağı ehtimalını sıfıra endirir. ("Yeni Müsavat”)

AzNews.az