Milli Məclisin deputatı Aydın Mirzəzadə hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət edib.
AzNews.az xəbər verir ki, deputat Respublika Neyrocərrahiyyə Xəsəxanasının baş həkimi ilə görüşüb xəstənin vəziyyəti ilə maraqlanıb:
“İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostlarına onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır”.
Qeyd edək ki, oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev avtomobillə vurulub. Faktı üzrə cinayət işi başlanıb.
Bahar RÜSTƏMLİ
AzNews.az