Moskvanın qucağında ABŞ-ın dostu olmaq mümkünmü?

5 Noyabr 2019 12:06 (UTC+04:00)

Dünən - noyabrın 4-də Rusiya Dövlət Dumasının bir qrup deputatından ibarət nümayəndə heyətinin İrəvana səfəri gözlənilirdi. İki gün çəkəcək səfərin işğalçı ölkə ilə bağlı ən maraqlı, eyni zamanda qalmaqallı məqamı odur ki, nümayəndə heyətinin tərkibində Rusiyanın Krımdan seçilmiş deputatı, Krımın sabiq prokuroru Natalya Poklonskaya da var.

Bununla bağlı erməni politoloq Ruben Mehrabyanın öz facebook səhifəsində paylaşdığı şərh diqqət çəkir. O, bu faktın Ermənistan üçün olduqca xoşagəlməz olduğunu yazıb (Virtualaz.org).

“Bu, dəqiq rusların bizə yaratmaq istədiyi problemdir. Məqsəd Ermənistanı marginallaşdırmaq və beynəlxalq aləmdə ”korlamaqdır", - deyə erməni ekspert qeyd edib və problemə bir sıra xadimlərin, o cümlədən parlamentin spikeri Ararat Mirzoyanın, baş nazir Nikol Paşinyanın mətbuat katibi Arman Davoyanın, deputatlar Arman Babacanyanın, Edmon Marukyanın və Andranik Köçəryanın diqqətini cəlb edib.

*****

Öz növbəsində Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, bir neçə gün öncə Qərbin qrantı ilə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının Ermənistanda insan haqlarına təsiri barədə qalmaqllı hesabat hazırladığı üçün İrəvandakı Rusiya səfirliyinin qəzəbinə gələn Artur Sakunts deyib ki, “bu addım nəinki Kremlin Ermənistan üzərində ağalığının növbəti təsdiqidir, eyni zamanda, daha təhlükəlidir, çünki Ermənistanın siyasi təcridinə yönəlib - buradan çıxan bütün nəticələri ilə”.

“Aydındır ki, Putin rejimi onun özünün xarakterinə, dəyərlərinə və maraqlarına uyğun addımlar atır. Lakin bunların Ermənistanın yeni hakimiyyəti ilə ümumi heç nəyi ola bilməz və qəbuledilməz hesab edilməlidir. Nə öz xarakteri, nə dəyərləri, nə demokratik dövlətin maraqları baxımından” - Sakunts bildirib. Hüquq müdafiəçisinin fikrincə, bu, Ermənistan hakimiyyətinin verməli olduğu imtahandır və öz prinsiplərinə sadiq qalmasının sınağıdır. “Ermənistan totalitar zir-zibilin utilizasiyası üçün məkan deyil”, - deyə Sakuns əlavə edib.

ermənistanda inqilab ile ilgili görsel sonucu

Yada salaq ki, Natalya Poklonskaya Krım ilhaq ediləndə Rusiyanın tərəfinə keçib və Dövlət Dumasının deputatı seçilib. O, Krım hadisələri zamanı tez-tez səsləndirdiyi “Krım naş” ifadəsinə görə sosial şəbəkələrdə ulduza çevrilmişdi...

*****

Bəllidir ki, Krımın zorla Rusiyaya birləşdirilməsi eks-prezident Serj Sərkisyanın dövründə baş verib. O vaxt - 2014-cü ilin martında BMT Baş Məclisində Krımla bağlı keçirilən ilk səsvermədə Ermənistan Rusiya və daha 7 ölkə ilə birgə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs vermişdi. Yəni Krımın işğalına, faktiki, haqq qazandırmışdı. Sonrakı illərdə də İrəvan Krımla bağlı rəsmi Kiyevin hazırladığı bənzər sənədlərin səsverməsi zamanı analoji mövqe sərgiləyib. Hətta bu ilin fevralında - İrəvanda “birləşmə”nin 4-cü ildönümü ilə bağlı sərgi açılmışdı.

Bu fonda Natalya Poklonskayanın Duma deputatı qismində İrəvana səfəri məntiqlə qıcıq doğurmamalıdır. Ancaq məsələ ondadır ki, hakimiyyətdə indi Sərkisyan yox, özünü həm də “qərbyönlü” kimi göstərmək istəyən Paşinyandır. Bu mənada Qərbin sanksiyalar tətbiq elədiyi bir separatçının İrəvanda rəsmi tədbirdə olması sonuncu üçün xoş deyil.

ermənistanda inqilab ile ilgili görsel sonucu

Hərgah, qeyd edildiyi kimi, bu ilin martında İrəvanda Krımın Rusiyaya ilhaq edilməsinin ildönümü ilə bağlı sərgi keçirilmişdi. Düzdür, o vaxt bunu guya hökumətin deyil, rusiyapərəst qüvvələrin təşkil elədiyi iddia olunmuşdu. Bu ilin əvvəlində isə AŞ PA-da vaxtilə Krıma görə səsvermə hüququ dondurulmuş Rusiyanın təşkilata qayıdışı ilə bağlı səsvermədə Ermənistan nümayəndə heyəti (əsasən Paşinyana sadiq şəxslərdən ibarətdir) əleyhinə səs vermişdi. Nəticədə “məxməri” baş nazir Kremlin gözündə bir az da etibardan düşmüşdü.

Belə “müstəqil” qərarlarla yanaşı, Paşinyan hökumətinin Rusiyanın təkidi ilə Suriyaya humanitar missiya göndərdiyi də faktdır - hansı ki, dərhal ABŞ-ın sərt reaksiyasına səbəb olmuş, Paşinyan qaniçən Əsəd rejiminə dəstək verməkdə ittiham edilmişdi...

O da məlumdur ki, Ermənistan Rusiyanın müstəqil dövlət kimi tanıdığı Abxaziya və Cənubi Osetiyanı tanımayıb. Səbəb bəllidir: Ermənistanın xarici aləmə əsas çıxışı olan Gürcüstanda qapısının qapanma riski. İrəvan təbii ki, buna gedə bilməzdi. Amma aydındır ki, Qarabağ məsələsi hansısa formada həllini tapan kimi, ilk fürsətdəcə ermənilər gürcüləri də arxadan vuracaqlar - Cavaxetiyada.

*****

ermənistanda inqilab ile ilgili görsel sonucu

Təbii ki, Krımın keçmiş prokurorunun Dövlət Dumasının üzvü qismində Azərbaycana girişi mümkün deyil. Ölkəmiz həm də GUAM üzvü kimi Krım da daxil, Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Bu mövqe istər BMT, istərsə də digər mötəbər beynəlxalq təşkilatlarda dəfələrlə təsdiqlənib. Azərbaycan özünün beynəlxalq hüquqdan doğan mövqeyinə sadiqdir. Ermənistan isə Rusiyanın vassalı və forpostu ola-ola, ondan siyasi-iqtisadi və təhlükəsizlik baxımından tam asılı ola-ola, Moskvanın dotasiyası hesabına yaşaya-yaşaya, nəhayət, faktiki, Moskva üçün daşınması çətin olan bir yükə - “qulpsuz çamadan”a çevrilə-çevrilə yenə ona arada xəyanət edir. Tipik erməni xisləti yəni.

Bu xüsusda Moskvanın guya Ermənistanı siyasi təcridə aparması, Ermənistanın isə “demokratiya adacığı” olması iddialarına gəldikdə, bunlar əlbəttə ki, cəfəngiyyatdır. Ermənistan çoxdan Qarabağa görə, işğala görə təcrid durumdadır. Yəni baiskarı Rusiya yox, özüdür. Paşinyann demokratiya haqda nağıllarına isə indi yəqin ki, onun özündən başqa yalnız Artur Sakunts kimi xəstə təfəkkürlülər inanar. Blokada və təcrid durumunda olan, imperiya Rusiyasının qucağında oturan bir “dövlət” demokratiyadan öncə öz müstəqilliyi haqda, qucaqdan düşmək barədə düşünsə qat-qat məntiqli olardı... (“Yeni Müsavat”)