"Musavat.com": Amerika əsgərinin çəkməsi dəyən bölgələr qan ağlayır

5 Noyabr 2019 12:44 (UTC+04:00)

20 ilə yaxındır-Səddam Hüseyn rejiminin ABŞ tərəfindən güc yolu ilə devrilməsindən sonra ərəb ölkələrinin bir çoxunu daxili müharibələr, xarici müdaxilələr məhv edir. Başda İraq olmaqla, bu ölkələr heç cür özlərinə gələ, sabitliyi bərpa edə bilmirlər.

İraqda son günlər vəziyyət yenidən gərginləşib. Suriya darmadağın vəziyyətdə. Yəmən ondan da betər gündə. Əfqanıstan terror girdabında. Bir sözlə, diqqət etdikdə belə mənzərə yaranır ki, ABŞ əsgərinin çəkməsinin dəydiyi ölkələr qan ağlayır.

Bəs bu vəziyyətin kökündə nələr dayanır?

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bildirdi ki, son bir ayda İraqda mitinqlər başlayandan yüzlərlə insan ölüb, minlərlə nümayişçi yaralanıb. Səddam Hüseyni bütün cinayətlərdə, məzhəb, milli ayrı-seçkilikdə günahlandıranlar indi özləri xalqına atəş açırlar, camaatı qırırlar. İraqı ABŞ-la İran birlikdə işğal etdi. İqtisadi İraq ABŞ-ın, siyasi-ideoloji İraq İranın nəzarətinə keçdi.

Əfqanıstanı da ABŞ işğal edəndə, İran dəstək vermişdi. ABŞ-la İranın bax belə bir maraqlı “düşmənçiliyi” var: “Sünni tiraniyasında Səddamı günahlandıranlar indi öz şiələrini öldürürlər. İraqlılar meydanlara, küçələrə İran, Amerika əleyhinə şüarlarla çıxırlar və iranyönümlü rejim öz xalqına atəş açır. İraq ərəblərində milli kimlik məzhəb mənsubiyyətindən üstün çıxdı. İraq İranın bir satellitinə çevrilib. İraq şəhərlərində Xomeyninin böyük posterləri asılıb. Bütün bunlar İraq ərəblərini təngə qətirib haqlı etirazlarına səbəb olub. İraq ərəblərinin böyük əksəriyyəti şiə də olsa onlar iranlılara, yəni farslara tabe olmaq istəmirlər. İraqda şiə ərəblər fars-İran hökmranlığına qarşı böyük üsyan qaldırıblar. Baş verənlərin toxumunu əvvəldən ABŞ səpib. Bu toxumlar cücərdikcə həmin coğrafiyada sabitlik olmayacaq.

Əvvəl deyirdilər harada rus əsgəri var, orada qan var. İndi isə harada amerikalı əsgər var, orada qan var. Amerikalılar sanki müsəlmanların qanına susayıblar".

Politoloq qeyd etdi ki, Amerika ərəb, müsəlman ölkələrini həm silahla, həm siyasətlə işğal edir, təbii sərvətlərini talayır, özünə uyğun rejimlər qurub onların əli ilə işğal etdiyi, taladığı xalqları idarə edir. Bu, köhnəlməyən müstəmləkə siyasətidir: “Bu siyasət hələ də yürüdüldüyü üçün həmin ölkələr çökməkdə davam edirlər və hələ bu cür də davam edəcək. Belə siyasətlə nə əmin-amanlıq və sülh, nə də demokratiya qurmaq mümkündür. Zatən Qərbin İslam dünyasına əmin-amanlıq, inkişaf gətirmək bir niyyəti də yoxdur”. (“Yeni Müsavat”)

AzNews.az