YAP-a qarşı kampaniyanı kim başladıb? – RƏSMİ AÇIQLAMA

20 May 2013 11:58 (UTC+04:00)


"Bu il Azərbaycanda prezident seçkiləri ilidir. Seçki ili ilə bağlı rəqib siyasi düşərgələr öz məqsədlərinə uyğun kampaniyalar aparırlar. Son günlər bəzi mətbu orqanlarda Yeni Azərbaycan Partiyası əleyhinə yazılan yazılar, verilən məqalələr də bu qəbildəndir. Bəzi siyasi qruplar həmin açıqlamalardan öz maraqlarına uyğun istifadə edirlər".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. O, son günlərdə YAP-ın qocaman üzvləri Sirus Təbrizli və Maksim Musayevin partiya və onun rəhbərliyi ilə bağlı verdikləri açıqlamalara münasibət bildirərkən belə deyib.

H.Paşayev adı çəkilən şəxslərin partiyanın rəhbərliyi ilə bağlı açıqlamalarını xüsusi kampaniya hesab etmir. YAP rəsmisinin sözlərinə görə, ola bilsin, adı çəkilən şəxslər müəyyən qrupların təhriki ilə və ya öz ambisiyalarının tələbi ilə YAP barədə bu cür böhtan xarakterli açıqlamalar verirlər: "Həmin şəxslərin açıqlamalarının hamısı böhtandır. YAP bu cür açıqlamaları ciddiyə almır, onların sözlərinə heç bir əhəmiyyət vermir. Partiyamız barədə bu cür kampaniyalar seçki ilində yenə olacaq. Biz bunlara əhəmiyyət vermirik və öz işimizi görürük".

Partiya rəsmisi bildirib ki, hazırda YAP-ın əsas hədəfi prezident seçkilərinə uğurla hazırlaşmaq və seçkilərdə öz namizədinin parlaq qələbəsinə nail olmaqdır: "Partiyamıza atılan bu cür çamurlar bizi maraqlandırmır. Biz qarşımıza qoyduğumuz hədəf istiqamətində öz işlərimizi davam etdiririk".

H.Paşayev onu da qeyd edib ki, müxalifət mətbuatında YAP rəhbərliyi haqqında mənfi fikirlər səsləndirən partiyanın qocaman üzvlərinin partiya daxilində hansısa qrupların başlatdığı kampaniya nəticəsində danışması barədə yazılan yazıları da təkzib edib. O bildirib ki, adı çəkilən şəxslər sadəcə istədiklərini ala bilmədikləri üçün indi bu cür qisas xarakterli açıqlamalarla çıxış edirlər.

Anar
AzNews.az