Qudası Şeyxin İran səfərindən danışdı

20 May 2013 12:21 (UTC+04:00)
"Şeyxin İran səfərinin müsbət nəticəsi artıq özünü göstərməkdədir"

"Şeyxin İran səfəri bu ölkə ilə Azərbaycan arasında mövcud gərginliyin, anlaşılmazlıqların aradan qaldırılmasında böyük rol oynayacaq. Bu elə-belə səfər deyil. Müsbət nəticələr artıq özünü göstərməkdədir. Azərbaycan aliminin və digər şəxslərin azadlığa buraxılması səfərin müsbət nəticəsinin ilkin əlamətləridir. Bu kimi addımların hər iki tərəfdə atılacağını gözləmək olar".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin İrana səfərinə münasibət bildirən millət vəkili, şeyxin qudası Hacı Qalib Salahzadə AzNews.az-a bildirib.

Onun sözlərinə görə, səfər zamanı bir sıra suallara cavab tapılmaqla yanaşı, gələcək sağlam münasibətlərin başlanğıcını da qoya bilər: "İranda səfərdə olan nümayəndə heyətimiz İranın rəhbər şəxsləri ilə görüşüb. Mən özüm şeyxlə əlaqə saxlayıb son vəziyyətla maraqlanmışam. Çox nikbin danışdı. Xüsusilə də alimimizin azad olunması xəbəri şeyxi çox sevindirdi. İran və Azərbaycan qonşu, tarixi kökləri, mədəniyyəti bir-birilərinə yaxın olan iki dövlətdir. Təəssüflər olsun ki, bəz qüvvələr bu münasibətləri korlamağa çalışırlar. Amma alınmayacaq".

Q,Salahzadə əlavə etdi ki, şeyxin İranda çox böyük hörməti var: "Şeyx bu səfərinə İranda olduqca ciddi yanaşırlar. Bu günə qədər iki ölkə arasında mövcud olan bəzi problemlər bu səfər zamanı müzakirə olunub, həll edilə bilər. Qarşılıqlı etimad mühiti bərpa olunmalıdır".

Azər
AzNews.az