İlham Əliyev “Oliqarxiyanın dəmir qanunu”nu necə sındırır?

6 Noyabr 2019 14:01 (UTC+04:00)

Ölkədə gündəm sürətlə dəyişir.

Hadisələrin və gündəmin mərkəzində, heç şübhəsiz, Prezident İlham Əliyev dayanır.

Prezidentimiz istər xaricdə keçirilən, istərsə də ölkəmizdə təşkil olunan tədbirlərdə dövlət adına çox ciddi bəyanatlar verir, prinsipial mövqe sərgiləyir, siyasi həmlələr edir.

Bütün bunlarla bahəm, İlham Əliyev başladığı islahatların dərinləşməsi, güclənməsi üçün qətiyyətli addımlar atır, reformist siyasətin hədəfində olan korrupsiya mexanizmini çökdürmək, sıradan çıxarmaq üçün dövlət təşkilatını mobilləşdirir, kadrları yeniləyir, xalqla, cəmiyyətlə birbaşa təmasları artırır.

Dövlət başçısının Azərbaycanı yenidən şəkilləndirmək, təşəbbüskarlıq, məhsuldarlıq və məmnuniyyət kimi faktorları vətəndaş-dövlət münasibətlərinin əsasına çevirmək üçün qəbul etdiyi qərarları, atdığı sistemli addımları bir cümlə ilə necə dəyərləndirmək olar?

Mən belə deyirəm: Prezident İlham Əliyev "oliqraxiyanın dəmir qanunu"nu sındırır!

"Oliqarxiyanın dəmir qanunu”ndan hələ ötən əsrin əvvəllərində alman sosioloq Robert Mixels bəhs etmiş, bu prinsipi elmə gətirərək siyasi elita nəzəriyyəsində yeni bir diskurs açmışdı.

Nədir "Oliqarxiyanın dəmir qanunu”?

R. Mixels özü bu suala belə cavab verir:

"Seçilmişlərin seçənlər, vəkillərin vəkalət verənlər, nümayəndələrin nümayəndə edənlər üzərində güc qazanmasına yol açan təşkilatın özüdür. Hər hansı təşkilatdan bəhs ediriksə, o zaman mütləq oliqarxiyadan da söz açırıq”.

Yenə həmin müəllifə görə, böyüyən, oturuşan təşkilatlarda bürokratik təbəqə meydana çıxır, zaman- zaman bu təbəqə öz içindən oliqarxları yetişdirir. İyerarxiyanın zirvəsində GÜC toplandıqca, iqtidarları iqtidar edən kütlələrin təsir imkanları azalır.

Bu gün biz iqtidarda və ya müxalifətdə olmasına baxmayaraq hansı siyasi təşkilata baxsaq- yeri gəlmişkən, Robert Mixels bu qanunu məhz partiyaları incələyərək irəli sürmüşdü- "oliqarxiyanın dəmir yasası”nı işlək görəcəyik.

YAP, Müsavat, AXCP, ADP, onlardan savayı hansı siyasi təşkilatı istəyirsinizsə, tərkibinə birgə nəzərə salaq: kiçik və ayrıcalıqlar əldə etmiş bir qrupun qərarverici strukturlarda hakim mövqe qazandığını, idarə edənlərin idarə olunanlar üzərində öz maraqlarını istədiyi şəkildə və formada təmin edə bildiyini görəcəyik.

Zira, biz "oliqarxiyanın dəmir qanunu”nu təkcə siyasi partiyalarda, az-çox üzvlərə malik vətəndaş cəmiyyəti institutlarında, iri media quruluşlarında deyil, bütövlükdə dövlət təşkilatımızda işlək görürük.

Hakim elitanın yüksək ranqlarında təkcə sosioloji yox, həm də iqtisadi baxımdan “oliqarx” sayıla biləcəklər az deyil.

Belə bir oliqarxiyanın Azərbaycanda meydana çıxmasını isə ilk növbədə təbii sosial təkamüllə izah etmək lazımdır.

Dediyimiz kimi, dövlət təşkilatı formalaşdıqca, bürokratiya mövqelərini möhkəmlətməli, bürokratiya möhkəmləndikcə oliqarxiya ortaya çıxıb öz status və gəlirlərini on illərcə qorumalı idi.

Xüsusən də neft pullarının ölkəyə sel kimi axdığı bir zamanda vəzifədən beşəlli yapışanlardan, "iqtisadiyyat” və "idarəçilik” kimi dərin bilik və səriştə tələb edən sahələrdə effektiv proqramlar hazırlamaq və gerçəkləşdirmək əvəzinə, hazır pulları bölüşdürən və mənimsəməyənlərdən cəmiyyətin hesab sormaması da, nə qədər qəribə olsa da, elə həmin qanun çərçivəsində idi.

Bir neçə il öncə isə situasiya kökündən dəyişdi. Dünya bazarında neft ucuzlaşdı, milli valyutamız üzüqoylu yıxıldı, bank-maliyyə sektoru ciddi problemlərlə üzləşdi, bazarda sürətli bahalaşma getdi, problemli kreditlər yüzminlərlə ailənin yolunu məhkəmələrdən saldı və hər kəs öz gözləri ilə şahid oldu ki, bizim məhkəmələrdə “ədalət” axtarmaqla samanlıqda iynə axtarmaq arasında fərq yoxdur.

Cəmiyyəti düşdüyü bu ağır depressiyadan yenə İlham Əliyevin liderlik keyfiyyətləri, müasir dünyagörüşü və bir prezident olaraq dövlət "rıçaq"larını öz əlində möhkəm cəmləməsi çıxardı.

Bəli, bu gün istənilən sosioloji sorğu, hətta belə sorğulara ehtiyac olmadan, sadə müşahidələr göstərir ki, dövlət başçısının reytinqi, onun xarizmasının sosial təsiri çox güclüdür- vətəndaşların İlham Əliyevə inamı prezidentliyə istənilən açıq və gizli iddiaçı ilə müqayisədə böyük hesabla yüksəkdir.

Lakin vətəndaşların dövlət başçısına bu etimadı həm də əksər icra başçıları, bir çox rəis və prokurorlar, hakimlər və deputatlara münasibəti ilə tərs mütənasibdir. Bacarıqlı, necə deyərlər, daşdan pul çıxarmağı bacaran azərbaycanlılar ən müxtəlif səviyyələrdə istənilən iqtisadi təşəbbüsü məhv etməyə qadir olan korrupsiya mexanizmlərinin girovuna çevrilib.

Bütün bunları dedikdə, məqsədimiz heç də uzun illər ərzində görülmüş işlərə kölgə salmaq, böyük infrastruktur layihələrini görməzlikdən gəlmək deyil. Əksinə, həmin layihələrin post-neft erasında milli iqtisadiyyatımızı gücləndirmək üçün son dərəcə əlverişli zəmin yaratması pozitiv və sevindirici reallıqdır. Lakin o da reallıqdır ki, Azərbaycanda sürətli, bəzi sahələrdə fövtə verilmiş zamanı da kompensasiya edəcək qədər sürətli və real iqtisadi islahatlar aparılmalıdır.

Belə bir islahat üçün Azərbaycanın maliyyə gücü var, əlimiz sıxışdıqca, xaricdən borc da ala bilərik. Amma əsas məsələ həmin yatırımların yenidən oliqarxların cibinə axmaması, birbaşa istehsal sektorunun güclənməsinə xidmət etməsidir.

Bunun üçün görüləcək əsas işlər dövlət strukturlarının mobilləşdirilməsi, buna paralel olaraq istehsalatda və ticarət dövriyyəsində monopolist mövqe yaradan qurumların səlahiyyətlərinin alınması, şəffaflaşdırılmasıdır. Bazar sərbəst olduqdan sonra iqtisadi təşəbüslər çoxalacaq, istehsal artacaq, rəqabət güclənəcək, güclənən rəqabət ucuzlaşmaya və xalqın rifahının güclənməsinə səbəb olacaq.

Bütün bu sadaladığım xüsusları təhlil etdikdə Prezident İlham Əliyevin son referendum təşəbbüsündən üzübəri "oliqarxiyanın dəmir qanunu”na qarşı kifayət qədər yaxşı düşünülmüş bir plan gerçəkləşdirdiyinə şahid oluruq.

Doğrusu, mən bu günə qədər elə bir hadisəyə şahid olmamışam ki, mərhum Heydər Əliyev və ondan sonra dövlətin zirvəsinə yüksəlmiş İlham Əliyev hansısa siyasi planını reallaşdırmamış olsunlar.

Prezident İlham Əliyevin bu böyük tarixi prosesi uğurla sonuclandırması üçün bütün resursları və özəllikləri var:

a) Hakim elitada ən informasiyalı şəxsdir;

b) Dövlətin və cəmiyyətin bütün mexanizmləri üzərində iqtidar sahibidir;

c) Xalqı inandırmaq və öz arxasınca aparmaq baxımından siyasi səhnədə ən məharətli liderdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru