Kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı 70 illiyini qeyd etməyə hazırlaşan Neft Daşlarında yaradılan şəraitlə tanış olublar.
Vertolyot meydançasından Neft Daşlarındakı Mərkəzi meydana gələn KİV nümayəndələri burada ulu öndər Heydər Əliyevin büstünü, 1957-ci ildə baş vermiş fırtına zamanı həlak olmuş qəhrəman neftçilərin və Neft Daşlarının Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət edib, Neft Daşlarında ilk quyunun qazıldığı əraziyə baxış keçiriblər.
Media-tur iştirakçıları daha sonra Neft Daşlarının təməli qoyulmuş “7 gəmi adası”nı ziyarət edib, 331-ci meydançadakı qazma qurğusuna, “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) kompressor stansiyasına və lay sularının təmizlənməsi qurğusuna baş çəkiblər.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Burada təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb. Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlərin təşəbbüsü ilə burada ilkin kəşfiyyat və qazma işləri aparılıb, 1949-cu ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlanıb.
Sonra İ.Əhmədov Neft Daşlarında neft və qaz hasilatı, görülən işlər, tikilən estakadalar barədə məlumatı diqqətə çatdırıb: “70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş Neft Daşlarında indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə Neft Daşları yatağından 176 milyon ton neft və 13,6 milyard kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 milyon ton neft hasil edilib ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi. Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi Neft Daşları və “Palçıq pilpiləsi” yataqlarından indiyədək 186 milyon ton neft və 14,3 milyard kubmetr qaz hasil olunub. Beləliklə, Neft Daşları NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib.
“Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev isə jurnalistlərə bildirib ki, istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış birinci quyu 1949-cu ilin noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurmuş, bununla da dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulub. 20-ci əsrin əvvəlində dəniz sahillərində müxtəlif üsullarla neft çıxarılması layihəsinə başlanıb. Açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi isə “Guinnes”in rekordlar kitabına məhz Neft Daşları daxil olub. İlk dəfə məhz burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq, neftçilərin yaşayışı və qazma işlərinin aparılması üçün şərait yaradılıb. Həmin dövrdə Neft Daşlarının xalq arasında “7 gəmi adası” kimi məşhurlaşmasının səbəbi bu idi. Neft Daşlarının kəşf edilməsi və istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olub, açıq dənizdə neft hasilatına yol açıb. Bu, Azərbaycanda ikinci neft bumu ilə nəticələnib və hazırda ölkəmizin neft və qaz hasilatının böyük hissəsi məhz dəniz yataqlarının payına düşür.
Daha sonra jurnalistlər hazırda qazma işləri aparılan 331 saylı meydançada olublar. Burada məlumat verilib ki, qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanmış və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir. Neft Daşları uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35 faizdir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.
Bu gün Neft Daşları “ikinci bahar”ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə Neft Daşları NQÇİ üzrə neft hasilatı 20 faiz artaraq, 2018-cü ildə 1 milyon tondan artıq olub. NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilib. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə təqribən 18-20 milyon tondur. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər. Neft Daşları Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 faizə qədər olan hissəsi sahilə məhz Neft Daşlarından ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir. Stansiya 1994-cü ildə gündəlik 4,2 milyon kubmetrlik layihə gücü ilə istismara verilib. Sonradan aparılmış modernizasiya nəticəsində onun ötürücü gücü gündə 11 milyon kubmetrə çatdırılıb. SKS-də alçaq təzyiqli qaz ilkin olaraq girişdə separasiya olunaraq, kompressorlarda 5 atm-dən 19 atm-ə qədər sıxılır.
Həmçinin KİV nümayəndələrinə bildirilib ki, neft-qazçıxarma prosesində yaranan risklərin bir hissəsi əməyin mühafizəsi ilə bağlıdır, digər hissəsi isə ətraf mühitə olan təsirləri əhatə edir. Son illərdə əməyin mühafizəsinin gücləndirilməsi məqsədilə Neft Daşlarında və digər dəniz obyektlərində kompleks tədbirlər aparılıb, dəniz suyunun təsirindən qəzalı vəziyyətə düşən estakadalar neft-yığım meydançalarından ayrılıb və ya əsaslı təmir olunub. İstehsalat sahələrində SƏTƏM üzrə məsul əməkdaşların təyin olunması ilə fərdi təhlükəsizlik standartlarına nəzarət gücləndirilib.
İbrahim Əhmədov diqqətə çatdırıb ki, Neft Daşlarında neft ilə çıxan lay sularının tam qapalı sistemdə təmizlənməsi təmin olunub və bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniyanın FLS şirkətinin istehsalı olan qurğu lay sularının müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir və gündəlik 2500 kubmetr həcmində su emal etmək gücünə malikdir. Gündəlik tələbata görə, burada orta hesabla 1600-1800 kubmetr həcmində lay suları təmizlənir və daha sonra təkrar laylara vurulur.
Nəticədə ətraf mühitin qorunması ilə yanaşı, laylarda təzyiq sabit saxlanılır və neftçıxarma prosesinin effektivliyi təmin olunur. Son illərdə əlavə quraşdırılan avadanlıqlar vasitəsi ilə 1 milyon kubmetrə yaxın səmt qazı yığılaraq istifadəyə verilib. Neft Daşlarını digər dəniz platformalarından fərqləndirən daha bir xüsusiyyəti burada müxtəlif bitkilərin, o cümlədən, meyvə ağaclarının yetişdirilməsidir. Ümumilikdə Neft Daşlarında 1000 ağac, 8000 kol əkilib, 5000 kvadratmetr sahədə qazon salınıb.
AzNews.az