Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalır - Sorğu

6 Noyabr 2019 20:48 (UTC+04:00)

Sorğunun nəticələrinə görə, Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb.

Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşiblər.

Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.

Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45 faizi, kişilərin isə 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarını bildiriblər.(report.az)

AzNews.az