Ağdamda yeni məktəb binası istifadəyə verildi

7 Noyabr 2019 10:36 (UTC+04:00)

Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Ağdam rayonu Əhmədağalı və I Yüzbaşılı kənd tam orta məktəblərində olub.

Görüşdən əvvəl F.Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İcra Hakimiyyətinin önündə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra Bayraq meydanında Şəhidlər abidəsinin önünə tər güllər düzülüb.

F.Qurbanov Ağdam rayon I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Nazir müavini açılışda çıxış edərək son illər ölkədə məktəb infrastrukturunun yenilənməsi istiqamətində əsaslı işlər görüldüyünü diqqətə çatdırıb.

F.Qurbanov məktəb tikintisi ilə bağlı görülən işlərdən söz açıb.

Daha sonra məktəb haqqında nazir müavininə məlumat verilib. Bildirilib ki, məktəb 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Məktəbdə 12 nəfər məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib. Son 3 ildə məktəbə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edən 20 gənc müəllim cəlb edilib. Bu dövr ərzində məktəbi bitirən 6 nəfər ali təhsil müəssisələrinə, 14 nəfər isə kolleclərə qəbul olunub. Məktəbin şagirdlərindən biri Respublika fənn olimpiadasında gümüş medal qazanıb.

Sonra Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib.

F.Qurbanov onlarla səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə də tanış olub.

Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman zalı, akt zalı, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb. (Report)

AzNews.az