Tanınmış özbək şairə AYB-nin fəxri üzvü oldu

7 Noyabr 2019 12:40 (UTC+04:00)

Qardaş Özbəkistanın tanınmış şairi, məşhur "Kitab dünyası" qəzetinin baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının üzvü Xasiyyət Rüstəm bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Mətbuata bu haqda informasiya Dünya Gənc Türk Yazarlar Birliyindən verilib.

Məlumatda bildirilir ki, fəxri üzvlük vəsiqəsi tanınmış şairəyə onun növbəti Azərbaycan səfərində təqdim olunacaq.

Qeyd edək ki, Xasiyyət Rüstəm baş redaktoru olduğu çoxtirajlı "Kitab dünyası" qəzetində ardıcıl olaraq Azərbaycan ədəbiyyatından nümunələrə geniş yer ayırır. Eyni zamanda Azərbaycan yazarları Özbəkistanda təşkil olunan müxtəlif ədəbiyyatyönümlü tədbirlərə "Kitab dünyası" qəzeti rəhbərliyi tərəfindən ardıcıl olaraq dəvət olunur.

Xasiyyət Rüstəm özü mütəmadi olaraq Azərbaycanda və digər Türk ölkə və toplumlarında Türk dünyası və ədəbiyyatla bağlı tədbirlərdə iştirak edir.

Azərbaycan Yazıçılar Birliyinə fəxri üzvlüyü onun iki qardaş ölkənin ədəbi əlaqələrinə verdiyi töhfələrdən irəli gəlir.

AzNews.az