AzTv əməkdaşına sərt cavab: “Getsin, fleytasını çalsın...”

20 May 2013 15:23 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyeva açıqlamasında AzTV-nin Musiqi şöbəsinin sədri Nadir Axundovun ünvanına sərt ittihamlar səsləndirib. Buna səbəb isə İ.Quliyevanın AzTV-nin solisti kimi dövlət tədbirlərindən kənarda qalmasıdır.

AzTV-nin Musiqi Departamentinin rəhbəri Nadir Axundov isə məsələdən xəbərdar olsa da nədənsə ittihamları cavabsız buraxıb.

Xalq artisti, şöhrət ordenli, Dünya Sülh Səfiri İlhamə Quliyeva AzNews.az-a verdiyi açıqlamada Nadir Axundovu sənətdən xəbərsiz olmaqda ittiham edib:

"Mən Nadir Axundovdan nə uma bilərəm? Nadir Axundov bir əzrayıldı, düşüb dövlət televiziyasının məkanına. O, fleyta çalandı, fleta çalan haradan biləcək ki, İlhamə Quliyevanın sənəti nədir? Yaxşı olar ki, o, getsin öz fleytasını çalsın. Nadir Axundov dövlət telekanalında mənə və mənim kimi bir neçə sənətkara qadağa qoyub. Ona bu haqqı kim verir? Çıxsın ortaya ki, görək, bu sənətdə Nadirin əməyi çoxdur, yoxsa bizim?"

Bütün bunlara baxmayaraq, İ.Quliyeva 2013-cü ilin sonuna kimi baş tutacaq yaradıcılıq planlarından da söz açdı: "Mən bu sənətdə canımı qoyan sənətkarlardanam. Mənim Azərbaycanın bütün bölgələrində, Rusiyada saysız-hesabsız hesabat konsertlərim olacaq. Hazırda biz bu konsertlərə hazırlaşırıq. Bundan başqa Heydər Əliyev Sarayında da möhtəşəm konsert olacaq. Səhnədə 50 il ərzində keçdiyim yaradıcılıq yolunun hesabatını verəcəm. Yeni mahnılar yazdırmışam. İki klip çəkdirəcəm. 2013-cü ilin sonuna kimi mən bunların hər birini tamaşaçıların ixtiyarına verməyi düşünürəm".

Bahar Rüstəmli
AzNews.az