Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Türkiyənin İstanbul şəhərinə aparıldıqdan sonra “Avrasiya” klinikasında keçirilən müayinələrinin nəticələri açıqlanıb.
AzNews.az xəbər verir ki, bu barədə oğlu Əli Gülalıyev məlumat verib.
O bildirib ki, həmin müayinələrin cavabına görə, atasının komadan çıxma ehtimalı azdır:
“Atamı Kt-dan keçirdilər və bu gün nəticələri dedilər. Həkimin dediyinə görə, beynində 3 hüceyrə tamamilə zədələnib. Bərpası mümkün olmayacaq. İndən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 aydan, yoxsa 3 ildən sonra çıxacaq, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa heç nə”.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-da 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.
Bahar RÜSTƏMLİ
AzNews.az