Sahib Alıyev: "Köçəryan gözəl bilir ki..."

8 Noyabr 2019 18:52 (UTC+04:00)

"Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhbəs mirzəliyinin məhsulu olan son məqaləsində "Paşinyanın və onunla birgə Ermənistanın Əliyevə uduzduğunu" bildirməsi qərəzlidir, amma paradoksal görünsə də həqiqətdir".

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev özünün "Facebook" səhifəsində yazıb.

"Ona görə qərəzlidir ki, cənab İlham Əliyev Prezident seçiləndə Dağlıq Qarabağ danışıqlarına sıfırdan başlanacağını bildirdi. O vaxt Ermənistanın başında özü duran Robert Köçəryan bu reallıqla razılaşmaqdan başqa ayrı yol tapmayıb danışıqlara getməklə artıq özü də ona uduzmuşdu. Onun ardından Serj Sərkisyanın həm diplomatik qarşıdurmada, həm də cəbhədə uduzmasıyla bağlı xeyli faktlar sadalamaq olar ki, sadəcə 2016-cı ilin aprel döyüşlərini və onun nəticələrinin həzm etdirilməsini xatırlatmaq yetər", - S.Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, əgər söhbət Azərbaycan Prezidentinə uduzmaqdan gedirsə, təkcə Paşinyan deyil, Köçəryanla Sərkisyan da eyni reallıqla qarşılaşmışdılar. Burada ancaq Paşinyanın adının hallandırılması qərəzli yanaşmadır. Və az öncə də vurğuladığımız kimi, amma həm də həqiqətdir. Köçəryan düz qeyd edir ki, Paşinyan "Qarabağ Ermənistandır",- deməklə söhbətin orada yaşayan hayların öz müqəddəratını təyin etməsindən yox, ölkəsinin Azərbaycana torpaq iddiasından getdiyini təsdiqləmiş oldu. Və bununla da Azərbaycanın istənilən yolla öz torpaqlarını geri qaytarmaq haqqının olduğunu ortaya qoydu.

Sahib Alıyev vurğulayıb ki, bütün bunlar onu göstərir ki, Emənistanın başında kimin, hansı ölkənin agentinin durmasından asılı olmayaraq Dağlıq Qarabağ probleminin həlli baxımından zaman hayların zərərinə işləyir.

"Bunu həmin ölkənin daha bir keçmiş rəhbəri Levon Ter-Petrosyan zamanında dəqiq proqnozlaşdırmışdı. O vaxt bundan nəticə çıxarmaq yerinə Köçəryanla Sərkisyan birləşib onu devirdilər. Təbii ki, xaricdən dəstək alaraq. Dəstəyi isə onlara agentlik etdikləri və yenə də dəstəyi ilə Azərbaycan torpaqlarını ələ keçirdikləri dövlət vermişdi. Yeri gəlmişkən Köçəryan onu da gözəl bilir ki, Azərbaycan üçün Ermənistanın başında kimin durmasından daha önəmli olan məsələ məhz haylara dəstək verənlərin, onlardan alət kimi faydalandıqlarına görə havadarlıq edənlərin mövqeləridir".

AzNews.az