Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürdü

9 Noyabr 2019 13:59 (UTC+04:00)

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş ölkəmizin Qərb qapısı sayılan Qazaxdakı Şəhidlər xiyabanından start götürüb.

Şəhərin mərkəzində Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, İctimai Birliyinin sədr müavini Şura Musayev, Gəncə Qarnizonu Zabitlər Evinin əməkdaşları, ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi əlilləri, “N” saylı hərbi hissənin əsgərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş oğul və qızlarımızın xatirəsi ehtiramla yad olunub.

Tədbiri açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə xoş arzularını çatdırıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Dövlət Bayrağı Günü münasibətilə təşkili etdiyi avtoyürüşün Qazaxdan start götürməsinə görə birliyin rəhbərliyinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Ölkəmizin Qərb qapısı hesab edilən Qazaxda bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Qazaxda Qarabağ müharibəsi əlillərinin və veteranlarının hər zaman dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirdiyini bildirən icra başçısı onlar tərəfindən vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin ənənə halını aldığını deyib. Onların Vətən sevgisini, torpağa olan bağlılıqlarının hər zaman yüksək qiymətləndirildiyini vurğulayan R.Babaşov bu gün hər bir qazaxlının qazilərimizlə fəxr etdiyini, onlara hörmətlə yanaşdığını söyləyib.

Yürüş iştirakçılaına uğurlar diləyən icra başçısı növbəti belə tədbirləri işğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında qalan Bağanıs Ayrım, Barxudarlı, Xeyrımlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara və Yuxarı Əskipara kəndlərində keçirmələrini arzulayıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin respublika üzrə sədr müavini Şura Musayev çıxış edərək Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, oktyabrın 3-də Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin çıxışı zamanı düşmənə layiqli cavab olaraq söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinə bu gün hər bir azərbaycanlı, o cümlədən də Qarabağ müharibəsi əlliləri dəstək olmaq üçün var qüvvələri ilə çalışırlar. Müdafiə Nazirliyinin dəstəyi ilə İctimai Birliyin 3 istiqamət üzrə təşkil etdiyi avtoyürüş də məhz bu məqsədə xidmət edir.

Ş.Musayev avtoyürüşün birinci istiqamət üzrə Bakı, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Bərdə, Tərtər, ikinci istiqamət üzrə Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, üçüncü istiqamət üzrə isə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə şəhər və rayonlarını əhatə etdiyini söyləyib.

Digər çıxış edənlər Gəncə-Qazax istiqaməti üzrə olan yürüşün məhz Qazaxdan başlanmasının heç də təsadüfi olmadığını, bu gün düşmənlə sərhəddə 168 kilometr məsafədə mətin dayanan qazaxlıların hər zaman bu cür tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildiriblər. Bu cür tədbirlərin ənənəvi olaraq keçirilməsini rayon gənclərinin, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımından əhəmiyyətini vurğulayıblar.

Qazax ictimaiyyətinin nümayəndələri avtoyürüşün məhz Dövlət Bayrağı Günü münasibətilə keçirilməsini qürurumuz, milli mənliyimiz, kimliyimiz olan bayrağa böyük ehtiram kimi qiymətləndirib, yürüşün ölkəmizin Qərb qapısı sayılan Qazaxdan, xüsusilə də müqəddəs bir məkandan - Vətən oğullarının xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanından başlanmasını minnətdarlıq hissi ilə qarşılayıblar.

Sonra tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsinə ucaldılmış memorialın önünə gül dəstələri düzüblər.

Daha sonra yürüş iştirakçıları üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış və üçrəngli Azərbaycan bayrağı olan, dövlətimizin başçısının onlara bəxş etdiyi avtomobillərlə yola düşüblər.

AzNews.az