Fəhlələr Bakı merinə müraciət etdilər

20 May 2013 17:43 (UTC+04:00)
Azərbaycan Fəhlə Zəhmətkeşləri İttifaqı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə Bakı şəhərinin Nobel prospektində " Fəhlə heykəli" abidəsinin sökülməsinə etiraz edilib. Qeyd edilib ki, heykəlin guya, Neft Şirkətinin balansında olması barədə məlumatlar yalandır:

"Şəhərin mərkəzində quraşdırılan heykəl hər hansı şirkətin və ya azirliyin balansında ola bilməz. Şəhərin mərkəzində ucaldılan heykəllər qanunvericiliyin tələblərinə əsasən yalnız rəhbərlik etdiyiniz İcra Hakimiyyətinin müvafiq struktur bölmələrinin balansındadır . Məlumata görə, həmin ərazidə "Ağ şəhər" salındığı üçün tarixi abidə hesab olunan fəhlə heykəlinin orada qalması məqsədəuyğun hesab edilməyib. Bunu fəhlələr, o cümlədən də fəhlələri təmsil edən birliyimiz özünə təhqir kimi qəbul edir, çünkü həmin o "Ağ şəhər"i elə bəyənmədiyiniz həmin fəhlələr, zəhmət adamları ucaldacaq.

Lakin biz fəhlələri maraqlandıran məsələ heykəlin hazırda harada olması, gələcəkdə həmin abidə harada və kimin tərəfindən yenidən quraşdırılmasıdır. Şəhərin rəhbəri kimi Siz bunu bilməli olduğunuz üçün Sizə müraciət edirik.

Qeyd olunan abidə Azərbaycanın 3 milyon vətəndaşını təmsil edən abidədir, çünki Azərbaycanda 3 milyon zəhmətkeş fəhlə çalışır. Məhz onların əməyi nəticəsində yeni küçələr salınır, körpülər tikilir və binalar ucalır. Yoxa çıxan heykəli təmsil edən fəhlələr, cəmiyyətimizin aparıcı qüvvəsidir və onlara qarşı bu cür hərəkətlər onların hissiyatına və mənliyinə toxunur.

Biz hesab edirik ki, Siz birliyimizə heykəlin harada olması və gələcəkdə harada quraşdırılması barədə rəsmi məlumat verəcəksiniz. Biz ümüdvarıq ki, heykəl elə bir yerdə quraşdırılacaq ki, fəhlələr, bütün zəhmətkeşlər maneəsiz qaydada onu ziyarət edə biləcəklər.

Sizdən xahiş edirik ki, 3 milyon fəhləni təmsil edən təşkilatımıza rəsmi cavab verəsiniz"-deyə birliyin sədri Tofiq Məhərrəmov Bakı merinə ünvanladığı məktubda qeyd edib.

AzNews.az