Çində onlayn satışda rekord qeydə alındı

10 Noyabr 2019 21:42 (UTC+04:00)

Çində noyabrın 11-də qeyd olunan “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində onlayn satışda yeni rekord qeydə alınıb.

“Alibaba” internet ticarət şirkətinin yerli vaxtla gecə saat 00:00-da (Bakı vaxtı ilə 10 noyabr saat 20:00-da) başlayan kampaniya çərçivəsində 1 dəqiqə 36 saniyə ərzində 10 milyard yuan dəyərində (1,43 milyard ABŞ dolları) mal sifariş edilib. Ötən il 10 milyard yuanlıq satış 2 dəqiqə 5 saniyə ərzində reallaşmışdı.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti 2009-cu ildən etibarən özünün onlayn satış platformalarındakı mağazalardan müştərilərə noyabrın 11-də böyük endirimlərin tətbiqini tələb edir. Proqnozlara görə, bu ilki “Yalnızlar günü”ndə 500 milyon alıcı “Alibaba”nın onlayn platformalardan mal sifariş edəcək. Ötən il noyabrın 11-də 30,8 milyard dollarlıq mal satılmışdı.

AzNews.az