"Koroğlu"da taksi xaosu bitmədi - REPORTAJ

11 Noyabr 2019 15:45 (UTC+04:00)

Yenidən qurulan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) nəhayət, sərnişinlərin üzünə açıldı.

Musavat.com-un əməkdaşı olaraq ərazidə olub, hazırkı vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, mərkəz ərazisində sərnişinlərə yardım məqsədilə könüllülər də fəaliyyət göstərirlər. Eyni zamanda "Koroğlu" stansiyasının çıxışında da könüllülər dayanıb, sərnişinləri istiqamətləndirirlər. Onlar hələ bir müddət ərazidə öz xidmətlərini davam etdirəcəklər.

Avtobuslar isə qrafik üzrə gəlir, sürücüləri heç bir öyrəşdiyimiz qışqır-bağırı salmadan sərnişinlərini yığıb, hərəkətlərinə davam edirlər. Bu mərkəzdən əsasən kəndlərə və qəsəbələrə işləyən marşrutlar istifadə edirlər. Avtobuslar gələnə qədər mərkəzdə gözləmə zallarından da istifadə etmək mümkündür. Mərkəzdə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və isitmə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib.

Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri quraşdırılıb. Gözləmə zalları ilə yanaşı mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib. Mərkəz ərazisində tez-tez təhlükəsizlik qaydalarına əməl edilməsi və digər bu kimi məsələlərlə bağlı anons edilir. Marşrutu tapmağa çətinlik çəkən sərnişinlərə könüllülər tərəfindən yardım edilir. Bununla yanaşı, istiqaməti göstərən çoxsaylı lövhələr quraşdırılıb. Bura qədər hər bir şey əladır.

Lakin metronun "Koroğlu" stansiyasının "piramida" kimi tanınan giriş və çıxışının qarşısında ənənəvi xaos davam edir. Burada hələ də kəndlərə işləyən taksilər yolun ortasında, körpünün altında- qısası harada yer tapırlarsa orada maşını saxlayıb, müştəri çağırırlar. "Qəsəbə Ramana", "Sovxoz", "Binə" deyib müştəri çağıranların səsi hər tərəfə yayılıb. Onların müştəriləri də az deyil. Bu taksilərin xidmətindən istifadə edən sərnişinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, avtobusları vəziyyəti yaxşı olmadığı üçün məcbur qalıb bu taksilərdən, mikroavtobuslardan istifadə edirlər. Ramana sakini Fərid Həşimov bildirdi ki, avtobusla gedərsə, 1 saat yolda vaxt keçirməlidir:

"Avtobuslar yolda bəzən 2 metrdən bir saxlayıb, adam götürürlər. Ona görə də günün pik saatlarında xeyli əziyyət çəkirik. Adam çoxdur, avtobusun sayı az. Ona görə də məcbur qalıb taksi ilə gedirik. Bu taksilər olmasa, avtobuslar adamları daşıyıb-qurtara bilməzlər. Hələ bu qədər camaat taksi ilə gedir, yenə də avtobusda ayaq qoymağa yer olmur".

Oxşar vəziyyət Ramana ilə qonşu olan kəndlərə, eləcə də Mərdəkan, Buzovna üçün də keçərlidir. Bakıya ən yaxın kənd olan Balaxanıya isə buradan bir marşrut işləyir ki, onun da avtobusları çox kiçikdir. Eləcə də Yeni Balaxanı ərazisinə bu ərazidən nə avtobus, nə də taksi işləmir. Bu qəsəbəyə getmək istəyən sakinlər məcbur qalıb, xüsusi taksi tuturlar...

Bəs taksi sürücüləri nə deyirlər?

Taksi sürücüsü Elnur Məmmədov hesab edir ki, ərazidə vəziyyət kifayət qədər normaldır: "Bura kəndlərə işləyən nəqliyyatın əsas dayanma nöqtəsidir. Son metro stansiyası olduğu üçün camaatın hamısı buradan çıxıb, kəndlərə gedəcək vasitə axtarırlar. Ona görə də burada nə etsələr də sıxlıq olacaq. Necə ki, metronun "20 Yanvar" stansiyasının qarşısında bu, belədir. Başqalarını deyə bilmərəm, şəxsən mənə piramidanın arxasındakı boş ərazidə dayanmaq sərf eləmir. Çünki camaat hamısı körpünün altına gəlib, buradan gedirlər. Orada dayansam gərək müştəri tapmayam".

Digət taksi sürücüləri də bildirdilər ki, burada da sistem yaradılarsa o zaman piramidanın arxasında olan boş yerdə dayana bilərlər: "Ancaq bu zaman da müştəri çağırmaq üçün gərək özümüz metronun çıxışına yaxın yerdə duraq..."

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, 2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək. Məlumata görə, hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib. (Musavat.com)

AzNews.az