Lavrov İrəvanda Njdenin heykəlini gördümü?..

12 Noyabr 2019 08:36 (UTC+04:00)

Ola bilsin ki, başqa vaxt Qarabağ danışıqlar prosesinin bu qədər ləngiməsi bizi narahat etməzdi, axı demək olar ki, prosesin başlanğıcından otuz il keçibdi və bu illər ərzində biz çox diplomatik pauzaların şahidi olmuşuq.

Amma ki, münaqişənin hazırki zaman intervalı məhz onunla xarakterikdir ki, erməni tərəfi danışıqlar prosesinin detallarından danışmaq əvəzinə münaqişənin nizamlanması üçün bu və ya digər modelin qəbul olunmasının detalları haqqında danışırlar – hansısa gələcək referendumdan bəhs edirlər, hərçənd, Ermənistanın öz xarici işlər nazirinin sözlərinə görə, hələki konkret formullar ətrafında danışıqlar aparılmır.

Son günlər isə xüsusi olaraq onunla əlamətdar oldu ki, Rusiyanın xarici işlər naziri İrəvana rəsmi səfər etdi.

Əvvəldən məlum oldu ki, rusiyalı naziri daha çox amerikalıların Ermənistandakı bioloji laboratoriyası, eks – prezident R. Koçaryanın azad olunması və bir də Dağlıq Qarabağ danışıqlarının immitasiyasının bərpası maraqlandırır, çünki prosesdə yaranan pauzalar Moksvanın özü üçün də az problem yaratmır – diplomatlar olmayanda onları hər bir an hərbçilər əvəz edə bilər...

Amma S.Lavrovun səfərində bizim diqqətimizi daha çox bir detal cəlb etdi; rusiyalı nazir səfər proqramını faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirakla başladı.

Maraqlıdır, o, heç bilirmi ki, məhz Azərbaycan prezidentinin sayəsində MDB-nin Aşqabad sammitində nəinki tədbir iştirakçıları, ümumiyyətlə, bütün MDB ölkələri əhalisi əyani şəkildə bildi ki, ermənilər faşizmə qarşı müharibənin iştirakçılarına necə münasibət bəsləyir, kimləri üstün tutur və xatırlayırlar, kimlərin şərəfinə heykəllər ucaldırlar?..

Xatırladaq ki, prezident İ.Əliyev həmin sammitdə nəinki Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə töhfəsi kimi çox vacib məsələnin üzərində ətraflı, detallarına qədər dayandı, həm də Ermənistan hakimiyyətlərinin bu konteksdəki neqativ siyasətinə toxundu və sammit iştirakçılarının diqqətini faşizm xadimlərinin qəhrəmanlaşdırılması faktlarına yönəldərək hələ keçmiş prezident S.Sarqsyan dövründə az qala, İrəvanın mərkəzində faşist canisi Q.Njdeyə böyük abidə qoyulmasını yada saldı.

Burada onu da qeyd edək ki, Qaregin Njdenin Ermənistanda reabilitasiyası və fetişləşdirilməsi abidə məsələsindən də xeyli əvvəl başlamışdı.

Azərbaycan prezidentinin silləsindən ayılar-ayılmaz ermənilər azərbaycanlıların da, xüsusən də M.Ə.Rəsulzadənin də guya faşistlərlə əməkdaşlıq etməsi haqda “yazı”lar, “material”lar yaydılar. Odur ki, bir daha bu məsələyə toxunmaq yerinə düşərdi.

Məsələ təkcə bunda deyil ki, Q.Njde müharibə zamanı faşistlərin tərəfinə keçən bir adam olmuşdu – belələri digər millətlərin də təmsilçiləri arasında olmuşdu. Faşistlər demək olar ki, SSRİ xalqlarının hamısının təmsilçilərindən “milli legion”lar formalaşdıra bilmişdilər, hətta rusların da belə legionu vardı və “Rus azadlıq ordusu” adlanırdı. Erməni legionu tərkibində isə 30000 min nəfərdən artıq insan olmuşdu.

Əlbəttə, həmin vaxtlar Azərbaycan legionu da yaradılmışdı və onun rəhbərlərindən biri Ə.Fətəlibəyli-Düdənginski idi. Müharibədən sonra amerikalılar onu yeni yaradılmış “Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”nın ilk direktoru təyin etmişdilər və sonradan bu adam Münhendə DTK-nın göndərdiyi agent tərəfindən qətlə yetirilmişdi. Sual olunur: Düdənginskinin hərbi karyerasında qara ləkələr olsaydı, onun da SS-lə, nə bilim, daha kimlə və nə ilə bağlılığı olsaydı, heç amerikalılar bu adamı “Azadlıq” radiosunda bu cür vəzifəyə təyin edərdilərmi?..

Əlbəttə ki, etməzdilər. Düdənginski əslində Britaniya Baş nazirinə göndərdiyi məktubda öz siyasi baxışlarını, almanların tərəfinə keçməsinin səbəblərini yetərincə və inandırıcı bir şəkildə şərh eləmişdi.

Məsələ bundaydı idi ki, minlərlə digər insanlar kimi, Əbdürrəhman bəy də almanlara digər bir tiraniyadan – kommunist tiraniyasından qurtuluş yolu kimi baxırdı.

O ki qaldı böyük M.Ə.Rəsulzadəyə, bəli, onun Almaniya rəhbərlərilə görüşləri olmuşdu və bu görüşlərdə Rəsulzadənin hansı məsələni qaldırdığı və hansı bir qənaətə gəldiyi də yaxşı məlumdur: görüşlərdən dərhal sonra Rəsulzadə bəyan etmişdi ki, bizim bunlarla, yəni ki, faşist Almaniyası ilə yolumuz bir ola bilməz! Beləliklə, tarixi faktdır ki, M.Ə.Rəsulzadənin faşistlərlə heç bir əməkdaşlığı olmayıb və ermənilər nə qədər çalışsalar belə, bunun əksini sübut edən fakt tapa bilməzlər.

Gələk, Njdeyə. Qaregin Njdenin məsələsi təkcə almanların tərəfinə keçmək məsələsi deyildi və ermənilərin hətta Ermənistandan kənarda “xatirə”sini əbədiləşdirməyə çalışdıqları bu adamın çox böyük cinayətləri və almanlarla əməkdaşlıq edən digər insanlardan çox ciddi fərqləri vardı.

Məsələ ondadır ki, bu cəllad, bu hərbi cani, birincisi, mülki insanlara qarşı cəza tədbirlərində, xüsusən də yəhudilərin qətliamında iştirak etmişdi və ikincisi, faşizm ideologiyası ilə səsləşən, erməni faşizminin “konsepsiyası” sayılan və erməni xalqının guya digər xalqlardan üstün olduğunu bəyan edən bir “təlim” də cızma –qara etmişdi...

Təəssüf ki, Rusiyada bu məsələyə hələ də adekvat münasibət sərgiləmirlər. Yalnız bu günlərdə, prezident İ.Əliyevin Aşqabaddakı çıxışından sonra Rusiyanın bir şəhərində - Armavirdə Njdenin xatirə lövhəsinin götürülməsilə bağlı insanların imza topladıqları məlum oldu.

Belədə isə, Njdenin İrəvandakı abidəsilə bağlı ayrı-ayrı rusiyalı politoloqlar və jurnalistlər etirazlarını ifadə ediblər, amma bütövlükdə Rusiya KİV-ləri uzun müddət yalnız “müasir Ukrayna faşizmi” haqqda danışır və yazır, müasir Baltikyanı dövlətlərin guya ki, faşist xadimlərini qəhrəmanlaşdırmasını iddia edirdilər.

Amma maraqlısı nədir? Bizə Baltik ölkələrində milli legionların təmsilçilərinə abidələr ucaldılması kimi faktlar məlum deyil, yox, onlar faşistlərin tərəfinə keçən adamları qəhrəmanlaşdırmırlar, sadəcə, keçmiş sovet ordusunun da onlar üçün işğalçı bir ordu olduğunu bildirirlər ki, bu da ən azı hamımızın bildiyi tarixi həqiqətdir və bir daha deyirik ki, bir çox insanların faşistlərin tərəfinə keçməsinin bir səbəbi də bu idi ki, onlar faşist Almaniyasının timsalında digər bir tiraniyadan – kommunist tiraniyasından qurtuluş imkanı görürdülər. Əlbəttə, bu da bir illüziya idi və əslində faşizm və kommunizm eyni kitabın qoşa səhifəsidi – hər iki ideologiya totalitar, imperiya xislətli və tiranik bir sitem idi...

Belədəsə, Baltikyanı ölkələrin xalqlarının heç bir faşist ideologiyası yox idi və estonlar, latışlar və litvalılar erməniləri “seçilmiş” və “üstün” xalq sayan Q.Njde və tərəfdarlarından fərqli olaraq özlərini belə bir xalq kimi qələmə vermirdilər.

Ukraynaya gəldikdəsə, Vladimir Zelenski prezident seçiləndən sonra “müasir Ukrayna faşizmi” haqqındakı söhbətlər sabun köpüyü kimi partladı, hərçənd, Zelenskiyə qədər də Ukrayna siyasi isteblişmentinin ən yuxarı eşelonunda belə xeyli yəhudi əsilli siyasi xadimlər vardı, son prezident seçkiləri isə göstərdi ki, bu vaxta qədər aparılan qara təbliğat yalandan başqa bir şey deyildi – razılaşın ki, faşitlər heç vaxt yəhudini özlərinə prezident seçməzlər....

Amma burada, az qala, Rusiyanın böyründə faşist cəlladları təkcə reabilitasiya olunub qəhrəmanlaşdırılmır, onların hətta açıq bir şəkildə fetişləşdirilməsi, milli ideoloqlar kimi təqdim olunması baş verir. Bu da azmış kimi, otuz illik Dağlıq Qarabağ savaşı göstərdi ki, belə siyasət ermənilər üçün təkcə “tarixi və mənəvi önəm” kəsb etmir, onlar Njdenin “təlim”ini hazırda təcrübədə tətbiq edirlər: baxın, Azərbaycanın Xocalı şəhəri yerlə - yeksan edilibdir, Qarabağın işğal olunmuş ərazilərində və Ermənistanın özündə total etnik təmizlənmə aparılıb, erməni əsirliyində olan insanlar elə şeylər danışır ki, hətta faşistlərın cinayətləri haqqında yüzlərlə filmlərə baxmış biz insanların bunlar ağlına belə gəlmir...

Odur, birmənalı şəkildə demək olar ki, faşizm ermənilərin tarixində kiçik bir epizod deyil, yox, bəlkə də dinc mülki insanlara qarşı cinayətlər məhz onların kəşfidir – onlar bunu hələ 1905-ci, 1915-18-ci illərdə və otuz illik Qarabağ savaşı dövründə tətbiq ediblər...

Bəli, müasir Ermənistanın da reallıqları budur. Maraqlıdır, S.Lavrov bununla bağlı ölkəsinin mövqeyini erməni həmkarlarına çatdırdımı? Axı demək olmaz ki, o, bütün bunlardan xəbərsizdir – yox, Njdeyə heykəl İrəvanın mərkəzində, özü də monumental heykəltəraşlıq stilində qoyulub və Lavrov hətta gözlərini yumsaydı belə, onu görməyə bilməzdi...

Hüseynbala Səlimov