“Leyli və Məcnun“ operası tamaşaya qoyuldu

20 May 2013 20:20 (UTC+04:00)
Düşənbə şəhərində Sadraddin Ayni adına Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın dünya şöhrətli, dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şərq və müsəlman dünyasının ilk operası sayılan "Leyli və Məcnun" əsəri (Libretto M.Füzuli) tamaşaya qoyulub.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Düşənbənin mədəni həyatında bayrama, Tacikistanda Azərbaycan mədəniyyəti günlərinə bərabər edilən tədbirdə bu ölkənin dövlət və hökumət strukturlarının rəhbərləri, nazirlər, parlament üzvləri, sabiq Prezident və nazirlər, həmçinin diplomatik korpusun təmsilçiləri, Tacikistanda müvəqqəti və daimi yaşayan azərbaycanlılar, onların ailə üzvləri, yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan Azərbaycan-Tacikistan dostluq konserti tamaşaçılar və musiqişünaslar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Baş rollarda Azərbaycanın xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov oynayıblar. Əsərə quruluşu Azərbaycanın xalq atsiti, incəsənət xadimi Bakı Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev verib. Tamaşada Nofəl rolunda Tacikistanın əməkdar artisti Sadıq Nurulloev çıxış edib. Həmçinin, Tacikistanın S.Ayni adına Opera və Balet Teatrının xor və orkestr heyəti iştirak ediblər. Operanın dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub. Tarda və kamançada müvafiq olaraq Azərbaycanın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov, pianinoda (konsetmeyster) Məlahət İsmayılova ifa ediblər.

Dostluq tədbirinin ikinci hissəsində Tacikistanın məşhur bəstəkarı Mustafo Bafoyevin "Şayxurrais Abuali İbni Sino" operasının (Libretto Karomatullo Olimov) final hissəsi göstərilib. Tacikistanın xalq artisti rejissor Ubaydullo Racabovun quruluşunda tamaşaya qoyulan musiqi parçasına dirijorluğu Anvar Şaymuradov edib.

Tədbirin əvvəlində çıxış edən Tacikistanın mədəniyyət naziri M.Asrori tədbir iştirakçılarını təbrik edib və bildirib ki, son illər Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə keçirilən mədəni tədbirlərin artması çox sevindirici haldır və bugünkü "Leyli və Məcnun" tamaşası Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmaqla yanaşı, Azərbaycan-Tacikistan mədəni əlaqələrinin müsbət müstəvidə inkişafının bariz rəmzidir.

Azərbaycanın Tacikistandakı səfiri A.Həsənov çıxışında tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirərək qeyd edib ki, "Leyli və Məcnun" tamaşasının Düşənbə ictimaiyyətinə təqdim edilməsi səfirlik tərəfindən ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biridir. Səfir qeyd edib ki, hələ keçmiş SSRİ dönəmində məsul vəzifələrdə çalışan ümummilli lider Heydər Əliyev bütün ittifaq respublikaları, o cümlədən Tacikistan üçün böyük işlər görüb, müstəqillik illərində Tacikistana və onun xalqına öz dəstəyini əsirgəməyib.

Həsənov sözünə davam edərək qeyd edib ki, "Leyli və Məcnun" operası Şərq və müsəlman dünyasının ilk operası olaraq, bu gün də öz salnaməsində ilk dəfə olaraq Azərbaycanın və xarici dövlətin (Tacikistanın) məşhur sənət ustalarının - Nofəl rolunun ifaçısı və Opera xorunun ifasında Azərbaycan dilində səslənib. Səfir bidirib ki, mədəni tədbirlər təkcə Düşənbədə deyil, eləcə də Gəncə ilə qardaşlaşmış Xocəndə şəhərində "Leyli və Məcnun" operası ilə, həmçinin Tacikistanın digər bölgələrində bundan sonra da davam etdiriləcək: "Mədəni əlaqələrimizin dərinləşməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq və dövlətlərimiz arasında münasibətlərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək".

AzNews.az