BMT nümayəndələri qaçqın şəhərciyində oldular

20 May 2013 20:30 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Daq Siqurdson nümayəndə heyəti ilə birlikdə Şəkiyə gəlib.


Trend məlumat verir ki, səfər çərçivəsində Siqurdson Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb, qaçqın şəhərciyinə və Vərəzət kəndinə baş çəkib, qaçqın və məcburi köçkünlərin yaşayış tərzi və onların şəraiti ilə maraqlanıb.

Nümayəndə heyətinin Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşündə qonaqlara Şəkinin tarixi haqqında məlumat verib. Rayonda təqribən 5000 məcburi köçkünün olduğu və onlar üçün 500-ə qədər evin tikildiyi vurğulanıb. Usubov əhalinin əsasən kənd təsəssüfatı ilə məşğul olduğunu və onlara dövlət tərəfindən vəsait ayrıldığını qonaqların diqqətinə çatdırıb. Qonaq bölgələrə səfərlərində məqsədin şəhər və rayon icra hakimiyyətinin başçıları ilə görüşmək olduğunu, həmçinin qaçqınların məskunlaşdığı yerlərdə olmaq, onların şərait və qarşılaşdıqları problemlərlə tanış olmaq olduğunu bildirib. Qeyd edib ki, öz missiyalarına müvafiq olaraq məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına çalışacaqlar.

Daha sonra qonaqlar qaçqın şəhərciyində və Vərəzət kəndinə gediblər. Onlar qaçqın və məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olublar. Əvvəlcə qonaqlar qaçqın şəhərciyində mənzil istismar sahəsinə gəliblər və burada onlara şəhərcik barədə məlumat verilib.

Qeyd edilib ki, şəhərcikdə məktəb fəaliyyət göstərir və 100-dən çox iş yeri var.

Qonaqlar şəhərcikdə məktəb binasında yaradılan şəraitlə də tanış olublar. Nümayəndə heyəti Vərəzət kəndində sakinlərlə görüşüb, onların problem və çətinlikləri ilə maraqlanıb.

AzNews.az