Prezidentin Şirvandan Zərdaba göndərdiyi icra başçısı kimdir? - DOSYE

12 Noyabr 2019 14:34 (UTC+04:00)

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Şirvan rayonunun 14 illik icra başçısı Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mərdan Camalov kimdir?

27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirib.

M.T.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

12 noyabr 2019-cu il tarixində imzaladığı Sərəncamla Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.

Mərdan Camalov mərhum müdafiə sanəyesi naziri Yavər Camalovun qardaşıdır.

AzNews.az