Göygöldə oğurluq edən şəxslər saxlanıldı

12 Noyabr 2019 14:45 (UTC+04:00)

Cari ilin avqustunda Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqustun 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pul və ümumi dəyəri 400 manat olan üç mobil telefon oğurlayıblar.

R.Ələkbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil veriliblər. Onların Gəncədə də bir neçə anoloji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az