Mir Şahin: Mən nəyin qurbanı olduğumu bilirəm

12 Noyabr 2019 15:18 (UTC+04:00)

Bu gün tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin Ağayevin 56 yaşı tamam olur.

Mirşahin Ağayevin son illər verdiyi müsahibələrdə səsləndirdiyi maraqlı fikirləri təqdim edirik:

1. Hamının ömrü kimi mənə də bu ömrü Allah verib. Mən də öz alnıma yazılanları yaşayıram. Amma alına yazılma və necə yazılma hələ hər şey deyil, əsas məsələ budur ki, o yazını necə oxuyuruq. Məncə, bunu oxumağa savadım çatır.

2. Azərbaycan dövlətindən çörək yeyən hər kəs bu dövləti qorumağa borcludur. Bu dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə Azərbaycandan xaricdə oturub Azərbaycanın istiqlal xətlərini pozan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm.

3. Mən nəyin qurbanı olduğumu bilirəm. Bilirsiniz, mənə nə qədər zənglər olur? Deyirlər ki, çox sağ olun, Mirşahin müəllim, ürəyimdən keçən sözləri dediniz. Sənin ürəyindən keçəni mən niyə deməliyəm? Sənin ürəyindən keçəni deməyə dilin yoxdur? Niyə sən öz sözünü demirsən?

4. Dünyada ən ağır cinayət laqeydlikdir. Cəmiyyətimizdə bu laqeydliyi görəndə dəli oluram. Bunun üçün toplantı keçirmək, efirə çıxmaq lazım deyil, siz öz Feysbuk səhifənizdə mübarizə aparmalısınız.

5. Bu gün Azərbaycan dövlətinin üzərinə dil qaldıranlar sabah əl qaldıracaqlar. Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür.

6. Azərbaycanda dərman almağa gedən adamlara haranı tövsiyə edirlər? Filan yerdə “alman aptek”i var, gedin oradan alın, deyirlər. Biz xəbərlərin “alman aptek”i olacağıq. Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının xəbər tələbatını ödəməkdir, bunu bacardığımız kimi edəcəyik.

7. Mən “Azərbaycan dövləti” və “Azərbaycan prezidenti” deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir.

8. Təvazökarlıq pis xüsusiyyətdir. Ona görə ki, bu, olan deyil, görünən, daha doğrusu, göstəriləndir. Əslində, təvazökar insan yoxdur. Hətta kimsə "mən təvazökaram" deyirsə, bu artıq özündən deməkdir. Məncə, təvazökarlıq Sovet İttifaqında doğulmuş və onunla bərabər ölməli olan, amma heç cür ölə bilməyən mənəvi xortdanlıqdır. Axı necə ola bilər ki, nəsə edəsən və əvəzində sənə xoş sözlər desinlər, sən də qayıdıb etiraz edəsən ki, yox, nə danışırsınız, mən bu sözlərə, bu mükafata layiq deyiləm?! Təsəvvür edin. Messi qol vurur və sakit şəkildə yerində durur. Onu qucaqlamaq istəyənləri də özündən itələyir ki, yaxın gəlmə! Gülməlidir axı. Mən qol vururamsa, ondan doğan sevincimi də layiqincə nümayiş etdirməliyəm... Amma bu zaman maykamı soyunub hansısa qadağan olunmuş jestə yol verirəmsə, bu başqa məsələ... Qoy sarı kart göstərsinlər!

9. Ədəbiyyat, ilk növbədə, adamı ədəbə öyrətmək üçündür. Sonrakı məsələlər, janrlar, üslublar, müxtəlif məktəblər təfərrüatdır. Mən ədəbiyyatı qəlizləşdirənləri, özünü fərqli göstərən ən böyük yazıçı və şairləri əsl mahiyyətdən və hədəfdən müxtəlif adlarla uzaqlaşmağa çalışan adi hoqqabazlar adlandırıram. Təbii ki, bunu dahiyanəliklə edənlər də olur. Onları da qeyri-adi hoqqabazlar adlandıraq. Məncə, böyük ədəbiyyat cəmiyyəti bəşəriyyətə çevirməyin ən ümumişlək yoludur. Bu yol sevgiyə, azadlığa, inkişafa və mübarizəyə aparmalıdır. Ədəbiyyat insanı heyvanlaşmağa qoymayan bir neçə səbəbdən və vasitədən biridir.

10. Bir vaxtlar deyirdilər ki, televiziyaya milyonlar baxır. Gəlin araşdıraq, televiziyaya bu gün milyonlarmı baxır? İndi telefona daha çox adam baxır. Telefonda abır-həyamızı qorumalıyıq. Kimsə Mir Şahin üzərinə hücuma keçirsə, onun cavabını hamımız verməliyik. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam.

AzNews.az