Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçildi

12 Noyabr 2019 15:46 (UTC+04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Kaspi qəzeti və təhsil şirkətinin, Əl-Xarəzmi adına Urgənc Dövlət Universsitetinin birgə layihəsi ilə sözügedən Universitetdə “Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Çolpan-dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib.

Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın alimləri, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib.

Əvvəl Universitetin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Universitetin prorektoru, professor Dilşod Qaipov konfransı açaraq ölkələrimiz arasında ta qədimdən olan dostluq əlaqələrindən danışıb, bildirib ki, indiki dövrdə də bütün istiqamətlərdə o cümlədən ədəb, mədəni-humnitar sahələrdə əməkdaşlıq durmadan inkişaf edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetində iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, tarixən şair və yazıçılarımız arasında olan yaradıcılıq əlaqələri haqqında söhbət açıb.

Konfransın dahi dramaturqlarımız Hüseyn Cavid və Abdulhəmid Çolpan yaradıcılığına həsr edildiyini təsadüfi olmadığını, hər iki şəxsin Azərbaycan və özbək xalqlarının azadlığı, maariflənməsi üçün mücadilə etdiklərini və bu yolda öz canlarını fəda edərək, represiya qurbanları olduğunu bildirib. Dövlətlərimizin bu azadlıq carçılarının əziz xatirəsini əbədiləşdirildiyini qeyd edən Samir Abbasov bu gün Hüseyn Cavid və Abdulhəmid Çolpan xatirəsinə ən böyük hədiyyənin müstəqil dövlətlərimiz və xalqımızın azadlığı qovuşması olduğunu söyləyib.

“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Özbəkistanın Xarəzm vilayətində iki ölkə arasında ədəbi əlaqələrə işıq salan konfransın əhəmiyyətini qeyd edərək, millətimizin azadlığı və hürriyəti üçün öz canlarından keçən xalqımızın böyük oğulları, dramaturqlarımız Cavid və Çolpan yaradıcılığından danışıb.

Cavid yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edən Sona Vəliyeva özbək xalqının, türk dünyasının yenilməz sərkərdəsi Əmir Teymur haqqında yaratdığı əsərlə Hüseyn Cavidin öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdırdığını qeyd edib. Dramaturqun yaradıcılığına ən böyük töhfənin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən alim 1982-ci ildə məhz, ümummilli liderin rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilərək dəfn edildiyini vurğulayıb.

Azərbaycanlı alim, akademik Kamran Əliyev, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, Özbək alim və tərcüməçi Babaxan Şərif ədəbi əlaqələrimiz, alim, şair və yazıçılarımızın dostluğu barədə məruzə ediblər.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Universitetdə Azərbaycan dili Mərkəzinin və fondunun yaradılmasına dair razılıq əldə ediblər.

Tədbir çərçivəsində iki ölkə arasında ədəbi əlaqələr sahəsində təşəbbüskarlıq və xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevaya Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənədi ona təqdim edilib.

Sonra Dilşod Qaipov Sona Vəliyevanın universitetin fəxri professoru seçildiyini elan edib və bununla bağlı sənədi ona təqdim edib.

Tədbirdə Universitetin tələbələri Hüseyn Cavid və Çolpanın şeirlərini, Azərbaycanlı şairə Sona Vəliyevanın Özbək dilinə tərcümə edilmiş şeirlərini səsləndiriblər.

Qeyd edək ki, konfransdan sonra Universitetin foyesində təşkil olunan sərgidə nümayiş etdirilən kitablar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Urgənc Dövlət Universitetinə hədiyyə olunub. (Azadinform )