Qənirə Paşayeva MM-də Tovuz rayonu ilə bağlı problemlərdən danışdı

12 Noyabr 2019 17:19 (UTC+04:00)

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva çıxışında dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik deyərək, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq dəstəklədiyini deyib. Millət vəkili Q. Paşayeva kənd bölgələrində yaşayan insanlarımızın bir sıra təkliflərini səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasına çağırıb. Q. Paşayeva millət vəkili seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb.

Q. Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb. Cənab prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb. Millət vəkili bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.

Millət vəkili Q. Paşayeva həmçinin Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasına çağırıb. O deyib ki, təmir bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə Abulbəyli kənd Mədəniyyət Mərkəzinin təmirinin başa çatdırılmasına ciddi ehtiyac var. Millət vəkili Q. Paşayeva müvafiq qurumları bu məsələyə diqqətlə yanaşmağa və problemin qısa zamanda həll edilməsinə çağırıb.

Təhsil ayrılan vəsaitin artmasının məmuniyyətverici olduğunu deyən millət vəkili Q. Paşayeva Tovuzda məktəblərin tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb: “Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtiyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisinin və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırıram.

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur" deyib və dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayaraq yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsinin vacibliyini xüsusi vurğulayaq müvafiq qurumlara çağırış edib.

Aliment fondunun yaradılmasının vacibliyi barədə danışan millət vəkili Q. Paşayeva hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər gəldiyini və həmin insanların kömək üçün müraciətlər etdiyini vurğulayaraq qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır deyib və bu istiqamətdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin irəli sürdüyü təklifləri dəstəkləyirik deyib.

AzNews.az