İlin ən yaxşı banknotu

20 May 2013 21:59 (UTC+04:00)
Qazax tengesi ilin ən yaxşı banknotu seçilib. Bu barədə Qazaxıstan Respublikasının Milli bankı tərəfindən açıqlanan məlumatda deyilir. Beynəlxalq banknot icması (IBNS) artıq ard-arda ikinci ildir ki, onu ilin ən yaxşı banknote seçir.

May ayında açıqlanan müsbiqə nəticələrinə əsasən yeni dizaynlı 5 min qazax tengesi 2012-ci ilin ən yaxşı banknotu elan olunub. Kapital.kz-dan verilən məlumata əsasən, IBNS qazax tengesini keçən il bütün planetdə dövriyyəyə buraxılan yüzlərlə banknot arasından seçmiş və onu dizayn, ideologiya, texniki tərtibat və təhlükəsizlik səviyyəsinə görə ən yaxşı banknot adlandırmışdır.

Qeyd edək ki, Beynəlxalq banknot icması - hər il öz saytında online səsvermə yolu ilə ilin ən yaxşı banknotunu seçən banknot kolleksionerlərinin müstəqil birliyidir. Bu qeyri-kommersiya təlim təşkilatı bütün dünyada olan banknot və kağız pulları öyrənməklə məşğul olur. Birliyin üzvləri 90-dan artıq ölkədən olan ekspertlərdir.

2011-ci ildə Qazaxıstanın müstəqilliyinin 20-illiyinə həsr olunmuş 10 min tenge nominalında olan banknot da IBNS tərəfindən 2011-ci ilin ən yaxşı banknote elan olunmuşdu.

Əvvəllər bildirilirdi ki, britaniyalı feministlər Banknotun üzərində qadın rəsminin olmaması səbəbindən Britaniya Bankını təhdid etmişlər.


Mətanət
AzNews.az