Əli Məsimlidən pensiya və uşaq pulu ilə bağlı təkliflər

13 Noyabr 2019 16:39 (UTC+04:00)

“Demoqrafik qocalmaya məruz qalan ölkələr çalışırlar ki, daha az adam pensiya alsın. Rusyada əhalinin 30 faizi pensiya yaşına çatıbsa, Azərbaycanda əhalinin bu hissəsini cəmi 13 faiz təşkil edir”.

Bu sözləri Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Əli Məsimli söylədi.

Deputat qeyd etdi ki, artıq pensiya yaşının 65 olması ilə bağlı qərar verilib və bunun dəyişdirilməsi real görünmür: “Amma xarici mütəxəssisləri də cəlb etməklə yeni konsepsiya hazırlamaq lazımdır. Bunu etmək lazımdır ki, pensiya yaşına yaşına çatan daha çox adam pensiya almaq imkanına malik olsun. Xüsusilə qadınların işlədiyi elə sahələr var ki, çox ağır sahələrdir. Belə fikir var ki, müəllimlər və həkimlər pensiyaya çıxmaq istəmirlər, daha çox işləmək istəyirlər. Ancaq çətin işlərdə çalışanlar da var.Bir sıra ölkələrdə 70 yaşndan yuxarı pensiyaya çıxanlara əlavə pensiya verirlər. Bunu Azərbaycana da tətbiq etmək çox vacibdir”.

Ə.Məsimli struktur islahatları ilə əlaqədar olaraq yüksək peşəkarlığa malik insanların da ixtisara düşdüyünü bildirdi. Qeyd etdi ki, bu vətəndaşlara kompensiyaya vermək olar. O həmçinin ehtiyac meyarını aradan qaldırmağı, yanız yaşayış minimumunu saxlamağı təklif etdi.

Deputat uşaq pulu ilə bağlı məsələdən də bəhs etdi: “Elə bu ildən müəyyən addımlar atmaq olar. Məsələn, yeni doğulan uşağa görə 200 manat yox, 500 manat vermək olar. Mənim təklif etdiyim şəkildə 40 milyon lazımdır. Bu o qədər də böyük məbləğ deyil. Bu məsələyə təkcə uşaqların sayının artması baxımından yox, sağlam uşaqların böyüməsi prizmasından yanaşmalıyıq”.(Musavat.com)

AzNews.az