Doktoranturaya qəbul qaydaları dəyişdi: Bu şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunacaq

14 Noyabr 2019 09:27 (UTC+04:00)

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Dəyişiklik fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulla bağlıdır.

Qüvvədə olan Qaydaya əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Dəyişikliyə əsasən, magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunacaqlar. Tibbi təhsildə həkim-mütəxəssis magistr dissertasiyasını müdafiə edənlərə bərabər tutulacaq. Hazırda doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Bundan sonra da doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verəcəklər. Ancaq xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmayacaqlar. Eyni zamanda xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçiriləcək İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdiriləcək. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılacaqlar. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin ediləcək. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil ediləcək. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndəriləcək. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İndityə qədər fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları veriblər. Bundan sonra fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verəcəklər. (APA)

AzNews.az