Heç bir lider Ərdoğan kimi istədiyini əldə edə bilmədi - ABŞ mediası

14 Noyabr 2019 11:05 (UTC+04:00)

ABŞ mediası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərindən və Donald Trampla görüşündən yazıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Washington Post", CNN, "New York Times" kimi mətbu orqanlar iki liderin görüşünü fərqli yönlərdən təhlil ediblər.

"New York Times" qəzetinin müxbiri Maykl Krouli xəbərinin başlığına "Tramp Ərdoğanı səmimi qarşıladı: Onun böyük heyranıyam" yazıb.

Ağ Ev müxbiri "Barış Pınarı" hərəkatı ilə bağlı bildirib ki, Türkiyənin hərbi əməliyyatı ilə bölgə Amerika siyasətinin əhatə dairəsindən çıxsa da Trampın görüş zamanı Ərdoğana qarşı münasibətində hər hansı mənfi dəyişiklik olmayıb.

M. Krouli yazısının sonunda bildirib:

"Günün sonuna qədər Ərdoğanın səfərinin məhsuldar olub-olmadığı qeyri-müəyyən qaldı. Ağ Evin açıqlaması dəqiq bir razılaşma əldə olunmadığını göstərir".

Yenə eyni qəzetin başqa bir yazısında "Türkiyə prezidentinin səfərindən ABŞ nə əldə etdi?" sualı yer alıb.

Yazıda görüşün "çox məhsuldar" keçdiyi deyilsə də əslində bunu sübut edəcək hər hansı faktın olmadığı və S-400 probleminin həll edilmədiyi qeyd edilib.

"Washington Post" isə görüşün iki ölkə arasındakı problemlərin deyilməsi və həll edilməsi üçün fürsət olduğunu bildirib.

Xəbərdə Ərdoğanın Fətullah Gülənin ölkəsinə qaytarılması məsələsini gündəmə gətirdiyi ifadə edilib.

"Washington Post"un yazısında iki ölkə arasında gərginlik yaradan S-400 məsələsinə də toxunulub. Bu barədə Trampın dediyi cümlə də xəbərdə yer alıb: "Səlahiyyətli şəxslər həll yolunun tapılması üçün işləyir". Nəşr Türkiyənin silahları qutularından çıxarmamasının həll yolu ola biləcəyini yazıb.

CNN telekanalının xəbərində isə Trampın Ərdoğan haqda dediyi "Onun böyük pərəstişkarıyam" sözləri gündəm olub. "Bəzi ABŞ-lı parlamentarilərin gözlədiyi bu deyildi" deyə bildirilib.

CNN-nin Ağ Ev müxbiri Kevin Liptak yazısında ABŞ prezidenti Donald Trampın güclü liderlərə göstərdiyi səmimi münasibətlərə nümunələr verib. Müəllifin bu ifadəsi isə diqqət çəkib:

"Ancaq heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilməyib".

Pərvanə

AzNews.az