Azərbaycanda quşçuluq təsərrüfatlarının inkişafı dövlət tərəfindən dəstəklənən sahələrdən biridir. 2016-cı ildən etibarən Nazirlər Kabinetinin qərarı ilə quş əti və yumurtanın idxalına əlavə rüsum tətbiq olunub. Eyni zamanda quş ətinin daxildə satışı Əlavə Dəyər Vergisindən azad edilib. Ötən ilin noyabrından isə damazlıq quş yumurtası idxalı da əlavə rüsuma cəlb olunub. Nəhayət, 2020-ci ilin büdcə paketi ilə birlikdə Milli Məclisin müzakirəsinə verilən sənədlərdən biri də Vergilər Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Bu dəyişikliklərə əsasən quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il artırılır, eyni zamanda quşçuluqda maya dəyərinin formalaşmasında mühüm payı olan yem və yem əlavələrinin satışı da 4 il müddətində ƏDV-dən azad olunur.
Dövlətin dəstəyinə baxmayaraq, ölkədə quş əti və yumurta istehsalında ciddi artım müşahidə olunmur. Belə ki, quş əti istehsalı 2016-cı ildəki 95,5 min tondan 109,1 min tona qədər artıb, yumurta istehsalında isə demək olar ki, artım qeydə alınmayıb. İllik istehsal ortalama 1,6 milyard ədəd civarındadır.
Maraqlıdır ki, əlavə rüsum müəyyənləşməsinə rəğmən, quş əti və yumurtanın idxalında son 3 ildə artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 26 min 255 ton olan quş əti idxalı 2018-ci ildə 35 min tona çatıb. Bu ilin 8 ayında isə Azərbaycana 24 min 324,52 ton təzə, soyudulmuş və ya dondurulmuş formada ev quşlarının əti və ət əlavələri idxal olunub. Quş yumurtasının idxalı 2016-cı ildəki 19 milyon ədəddən 2017-ci ildə 133 min ədədə düşsə də, 2018-ci ildə yenidən 18,5 milyon ədədə yüksəlib.
Damazlıq quş yumurtasının idxalı ötən il ərzində 36 milyon 279,94 min ədəd təşkil edib. Bu ilin 8 ayında isə bu göstərici 9 milyon 707,67 min ədəd təşkil edib.
Damazlıq yumurta istehsalı sahəsində fəaliyyət göstərən iş adamı, “Xəmsə MMC”nin sahibi Mürvət Həsənli ilə söhbətimizdə quşçuluq təsərrüfatlarının mövcud vəziyyəti, problemləri, inkişafın, istehsalın sürətli artımı üçün görüləcək işlər barədə danışdıq.
- Mürvət bəy, dövlət quşçuluq təsərrüfatlarına dəstək məqsədilə ciddi addımlar atır. Bu sahənin inkişaf səviyyəsi göstərilən dəstəyə adekvatdırmı, sizcə?
– Sizin qeyd etdiyiniz dəstək tədbirlərindən əlavə, 2016-cı ildən bəri Sahibkarlığın İnkişafına Yardım Fondu vasitəsilə quşçuluq təsərrüfatlarına 140 milyon manat güzəştli kredit ayrılıb. Bu dəstək sayəsində quşçuluq sahəsində inkişaf ikiqat sürətlənib. Həm ətin, yumurtanın idxalına qoyulan əlavə rüsum, satışın ƏDV-dən azad olunması təsərrüfatlar üçün böyük dəstəkdir. Bu dəstəyə baxmayaraq, təsərrüfatlarda istehsalın niyə daha çox artmamasına gəlincə, burada bir neçə məsələni qeyd etməyə ehtiyac var. Belə ki, quşçuluqda istehsal olunan hər 1 kiloqram ətin maya dəyərinin 64-68 faizini yem və yem əlavələri təşkil edir. Yem və yem əlavələrinin qiyməti isə son illərdə xeyli artıb. Nəticədə quşçuluq təsərrüfatlarının bu məhsullara çəkdikləri xərclər artıb. Bu isə Azərbaycanda istehsal olunan quş əti və yumurtanın maya dəyərinin digər ölkələrə nisbətən daha baha olmasına gətirib çıxarır. Məsələn, Ukraynada 1 kq quş ətinin maya dəyəri 88-89 avrosentə, Braziliyada 1,09 sentə, Avropa ölkələrində 1,45 dollara, Rusiyada 1,30 dollara başa gəlir. Azərbaycanda isə bu, hardasa 2,9-3 manata – 1,7-1,8 dollara çatır. Digər tərəfdən, qarşılıqlı müqavilələrə əsasən Azərbaycan MDB ölkələrindən idxal olunan quş ətinə gömrük rüsumu tətbiq etmir. Bu isə ona gətirib çıxarır ki, tutalım, Ukraynada istehsal olunan quş əti hətta əlavə rüsumla belə idxal olunduqda, bizim yerli məhsulumuzdan ucuz başa gəlir.
- Amma pərakəndə satışda xarici istehsallı quş əti və hissələrinə demək olar ki, rast gəlinmir…
– Bəli, çünki onu əsasən emal müəssisələrinə satırlar. Bu gün bir çox sahibkarlar həvəslə bu ölkədən quş ətini gətirib, Azərbaycandakı kolbasa-sosiska istehsalı müəssisələrinə satırlar. Bu isə yerli quşçuluq təsərrüfatlarını çətin vəziyyətdə qoyur. Digər tərəfdən, Ukraynadan gətirilən quş ətinin 21-34 faizi sudan ibarətdir. Onlar maya dəyərini aşağı salmaq üçün ətə çoxlu su vururlar. Oradan gələn əti qazanda qaynadanda 1 kq ət 300 qram azalır, yerli məhsul isə cəmi 50 qram. Azərbaycanda qəbul olunmuş normativə əsasən quş ətinə 4-5 faizdən artıq suyun vurulması qadağandır.
Əlavə idxal rüsumunun tətbiqi Türkiyə, Fransa və digər Avropa ölkələrindən idxal dayansa da, MDB ölkələrindən idxal onların yerini doldurur. Bu gün Azərbaycanda istehsal olunan quş ətinin əhəmiyyətli hissəsi təzə kəsilmiş formada satılır. Cəmi 7 gün istifadə müddəti olan bu məhsullar 1-2 günün içində satılır. Xaricdən isə əsasən kolbasa-sosiska istehsalına yarayan bud əti və file gətirilir. Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi bu sahədə nəzarət tədbirlərini gücləndirib, 30-34 faiz su vurulan quş ətinin idxalının qarşısını alır.
- Azərbaycanın quşçuluq təsərrüfatlarının bütün sahələrdə tələbatı tam təmin etmək potensialı varmı?
– Bəli, var. Bizə mane olan yeganə səbəb xaricdən, əsasən isə Ukraynadan gətirilən ətdir. Ukrayna dünyada quş ətinin maya dəyəri ən aşağı olan ölkələrdən biridir. Bunun da əsas səbəbi orada yem və yem əlavələrinin ucuz olmasıdır. Təsəvvür edin ki, 1 ton qarğıdalının maya dəyəri orada bizim pulla hesabladıqda 80 manata, bizdə isə 250 manata başa gəlir. Yaxud biz Ukraynadan gətirilən soyanın tonunu 900 manata alırıq, orada isə qiyməti 250 dollardır. Bütün bunlar yemin və ətin maya dəyərini ucuzlaşdıran başlıca amildir.
Bu ildən etibarən iri quşçuluq təsərrüfatları istehsalı genişləndirmək üçün irihəcmli investisiya qoyuluşları həyata keçiriblər. Məsələn, “Siyəzən Broyler” şirkəti illik istehsal gücünü 24-27 min tondan 2020-ci ildə 54 min tona çatdıracaq. Bunun üçün böyük investisiyalar həyata keçirilib. Nəticədə müəssisədə çalışan işçilərin sayı 4500 nəfərə çatacaq. Bütün bunların qarşılığında ucuz idxal ətinin qarşısı alınmalıdır ki, rəqabətə davam gətirmək mümkün olsun.
- Mürvət bəy, ölkədə istehsal olunan yumurtanın keyfiyyəti barədə nə deyə bilərsiniz? Əksəriyyət bir istehsalçının – “Giləzi” quşçuluğun məhsulunu bəyənir. Əsas səbəb də budur ki, kənd yumurtasına oxşayır…
– Məncə, keyfiyyətinə görə Azərbaycanda istehsal olunan süfrə yumurtaları arasında fərq yoxdur. Bildiyiniz kimi, süfrə yumurtasını ölkədə iki müəssisə – “Giləzi quşçuluq” və “Hacıqabul quşçuluq” istehsal edir. “Giləzi”nin ana toyuq sürüləri bir qədər fərqli sortdur – yalnız ağ deyil, kənd yumurtasına bənzər yumurta da verir. Amma keyfiyyətinə görə bir-birindən fərqlənmir. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, əhali artdıqca, yumurtaya olan tələbat da artır. Bu tələbatı qarşılamaq üçün daha keyfiyyətli və daha məhsuldar istehsal üsullarına keçid zəruridir. Quşçuluq sahəsində də diqqət yetirilir tələbatın təmin olunmasına.
-Yeri gəlmişkən, ötən ilin noyabrında damazlıq yumurta idxalına əlavə rüsum tətbiq olunub. Bunun sektora hansı təsiri var?
– Rüsum tətbiq olunandan sonra rəsmi statistikaya əsasən ölkəyə damazlıq yumurta idxalı 31 faiz azalıb. Biz damazlıq yumurta istehsalına başlayanda Türkiyədən 1 damazlıq yumurta 56 sentə alınırdı. İndi biz damazlıq yumurtanı 48 qəpiyə satırıq. Yəni qiymətdə iki dəfə fərq var. Digər tərəfdən, damazlıq yumurtanı Azərbaycana müxtəlif ölkələrdən gətirirdilər. Hansı ki, o ölkələrin fərqli peyvənd proqramları var. Bura gətirilən yumurtalardan alınan quşlarda müxtəlif xəstəliklər yaranırdı. İndi bizim peyvənd proqramı yerli xəstəliklər nəzərə alınmaqla tərtib olunur ki, bu da xəstəliklərin yaranmasının qarşısını alır. Daxili istehsalın qorunması üçün atılan addım belə müsbət nəticələr verməkdədir. Amma qeyd edim ki, son vaxtlar bəzi işbazlar hiyləgərliyə əl atırlar. Belə ki, Azərbaycanla Gürcüstan arasında imzalanan müqaviləyə əsasən oradan idxal olunan məhsullara gömrük rüsumu alınmır. Bu işbazlar Türkiyədən yumurtanı alıb, Gürcüstan adıyla gətirirlər Azərbaycana. Bunu üzə çıxarmaq elə də çətin deyil. Belə ki, tutalım, Gürcüstanda yumurta istehsalı 6 milyon ədəddirsə, xaricə yumurta ixracı 12 milyon ədədə çatır, əksəriyyəti də Azərbaycana. Buradan görünür ki, işbazlar hansı oyuna əl atırlar.
Quşçuluq sahəsində son vaxtlar yaranan başqa bir problem də var. Belə ki, ölkəyə xaricdən çoxlu sayda ətlik məqsədli diri cücələr gətirilir. Bu cücələr əsasən qonşu ölkələrdə satılmayan, seçilib yerdə q alanlar olur – ucuz başa gəldiyinə görə alıb Azərbaycana gətirirlər. Nəticədə, ölkədə epizootik vəziyyətə təhlükə formalaşır. Diri cücələrin idxalına hər hansı əlavə rüsum tətbiq olunmur.
- Baytarlıq orqanları bu prosesə nəzarət etmir?
– Nəzarət AQTA-nın əlindədir. Onlar da sağ olsunlar, bir problem aşkarlanan kimi dərhal tədbir görürlər. Amma quşçuluq təsərrüfatlarının bu prosesdən zərərə düşməsinin qarşısını almaq üçün ya ətlik məqsədli diri cücə idxalına tamamilə qadağa qoyulmalı, ya da əlavə rüsum tətbiq edilməlidir.
- Hansı addımlar atılmalıdır ki, yerli quşçuluq təsərrüfatları rəqabətədavamlı olsunlar, xaricdən idxalı əngəlləyən tədbirlərə ehtiyac qalmasın?
– Bunun üçün ilk növbədə quşçuluqda maya dəyərini aşağı salacaq tədbirlər həyata keçirilməlidir. Gürcüstanda quş ətinin maya dəyəri 1,15-1,2 dollara başa gəlir. Buna quşçuluq müəssisələrinə mövsümi kreditlər verməklə nail olurlar. Məsələn, yay aylarında yem ucuz olanda müəssisələrə dövlət tərəfindən güzəştli, qısamüddətli kreditlər verilir ki, yem ehtiyatlarını formalaşdırsınlar. Qışda isə müəssisələr məhsullarını satıb həmin kreditləri qaytarırlar. Yəni bir yemi yayda 200 manata almaq daha sərfəlidir, nəinki qışda 350-400 manata. Kreditlər elə aşağı faizli olur ki, yemi almaq maya dəyərinin aşağı düşməsinə gəririb çıxarır. Bu kimi addımlar atmaqla maya dəyərini aşağı salmaq mümkündür. (“Yeni Müsavat”)