Erməni lobbisinin “paytaxt”ında Qarabağ yalanlarına zərbə

16 Noyabr 2019 10:04 (UTC+04:00)

ABŞ-ın Los-Anceles şəhərində, ölkənin ən böyük yəhudi sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Musavat.com-a verilən məlumata görə, 400-dək iştirakçının, o sırada tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, habelə universitet professorlarının və xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə keçirilib.

Gələn xəbərlərdə deyilir ki, yarım milyon erməninin yaşadığı və Ermənistan baş naziri Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması erməni lobbisini ciddi narahat edib. Ancaq tədbirin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib. Tədbirdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, icma üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidləri Dürdanə Ağayeva və Ceyhun Ələkbərov iştirak ediblər.

Görüşdə çıxış edən sinaqoqun baş ravvini Devid Şofet, sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verib. Diplomat qeyd edib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar haqlarının Ermənistan tərəfindən kobudcasına pozulması haqda ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Qarabağın azərbaycanlı icması Los-Ancelesə səfərə gəlib və bu, onların icma olaraq xaricə ilk səfəridir.

Sinaqoq qarabağ ile ilgili görsel sonucu

Daha sonra çıxış edən Tural Gəncəliyev, Gülməmməd Məmmədov və Dürdanə Ağayeva Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin məruz qaldıqları iztirabları, işğal olunmuş ərazilərdə məcburi köçkünlərə məxsus evlərin dağıdılması, ya da satışa çıxarılması, tarixi, dini və mədəniyyət abidələrimizin, qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşilikləri konkret faktlarla bölüşüblər.

Sinaqoq qarabağ ile ilgili görsel sonucu

Tədbir iştirakçıları bunu böyük maraqla qarşılayıblar. Onlar Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını bildirərək, bu haqda əldə etdikləri məlumata görə təşəkkürlərini bildiriblər...

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfərdə olarkən erməni icması ilə keçirdiyi görüş zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün Los-Anceles səmasına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (“Qarabağ Azərbaycanındır! İşğala son qoy!”) şüarını daşıyan təyyarələr qaldırılmışdı. O vaxt bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanmışdı. Bundan əlavə, üzərində Qarabağla bağlı həqiqətləri əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olmuşdu.

Sinaqoq qarabağ ile ilgili görsel sonucu

Bu fakt erməni təhlilçilər tərəfindən hələ də Paşinyanın ABŞ-a son səfərinin uğursuzluğunun təzahürlərindən biri kimi qəbul edilir (Başqa bir təzahür odur ki, Los-Ancelesdə erməni biznesmenlər Paşinyanın çıxışını axıradək gözləmədən görüşü tərk etmişdilər - etiraz əlaməti olaraq). Bunlar öz yerində. Mühüm gəlişmə budur ki, Azərbaycan Qarabağ diplomatiyasında artıq hücum taktikasına köklənməkdədir. Bakıda bu yaxınlarda uğurla yekunlaşan Türk Zirvəsi, 120 ölkəni birləşdirən Qoşulmamaq Hərəkatının sammiti, Dünya dini liderlərinin təzəcə başa çatan II Bakı sammiti fonunda Qarabağın azərbaycanlı icması rəhbərliyinin bu yöndə ilk uğurlu addımları da şübhəsiz ki, eyni hədəfə hesablanıb.

*****

İş də ondadır ki, biz öncəliklə erməni lobbisinin güclük və fəal olduğu, Qarabağ yalanlarının daha çox “yeridiyi” ünvanlara - ABŞ, Fransaya, lap elə qonşu Rusiyaya gedib erməni təbliğat maşınına yerindəcə zərbələr vurmağı bacarmalıyıq. Necə deyərlər, “Ən yaxşı müdafiə - hücumdur!” İşğalçı ölkə rəhbərliyinin günahı üzündən sülh danışıqlarının, faktiki, dayandığı bir vaxtda bu addımlar indi ikiqat önəm daşıyır. Onu da unutmayaq ki, günün birində torpaqların güc yolu ilə azad edilməsinə qərar verilərkən beynəlxalq ictimai rəy müstəsna önəm kəsb edəcək. Bu yöndə beynəlxalq yəhudi lobbisinin kömək və imkanlarından istifadə də labüddür.

Sinaqoq qarabağ ile ilgili görsel sonucu

Yeri gəlmişkən, artıq bəllidir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk dəfə saxta “erməni soyqırımı” məsələsinin təsdiqlənməsində Amerika yəhudi lobbisinin də ciddi rolu olub. Hərçənd Konqresin yuxarı palatasında - Senatda qərarın təsdiqlənməsi ehtimalı azalıb və ya şifrin yanındadır. Çünki ABŞ çətin ki, 200 ildir rusun maşası olan erməniyə görə regiondakı 1 nömrəli müttəfiqi ilə əlaqələrə son qoysun.

Amma o da var ki, Azərbaycan-İsrail əlaqələri kifayət qədər yüksək səviyyədədir və bu, təkcə iki ölkə arasında hərbi əməkdaşlığın geniş miqyaslı olması ilə ilgili deyil. Ortada humanitar amillər (Azərbaycanda əsrlərdir böyük yəhudi icması güvənlik içində yaşayır), təhlükəsizlik, iqtisadi-ticari və energetik məsələlər (İsrail Azərbaycan neftinin alıcılarındandır) və s. də var.

*****

karabakh osce ile ilgili görsel sonucu

Sözü ona gətiririk ki, bu gün Qarabağımızın taleyi təkcə Qarabağda həll olunmur. Eyni zamanda, böyük beynəlxalq meydançalarda, informasiya və təbliğat savaşında həll olunur. Dağlıq Qarabağ məsələsində haqlı olmağımız, dünyanın əksər ölkələrinin Ermənistanı işğalçı kimi tanıması, Ermənistandan üstün hərbi gücümüz, beynəlxalq hüququn bizim tərəfdə olması hələ yetərli deyil. Gərək ki, diplomatiyada, təbliğat müharibəsində də başarılı və güclü ola bilək. Daim hücum taktikası yürüdək.

Bundan ötrü mümkün və qeyri-mümkün bütün vasitələrdən istifadə eləmək ölkə rəhbərliyindən tutmuş, sıravi vətəndaşa kimi hamımızın boyun borcudur. Bu xüsusda Qarabağın azərbaycanlı icmasının beynəlxalq arenaya çıxışını ABŞ-dan başlaması təqdiredicidir. Ancaq bu addımlar permanent olmalı, yəhudi lobbisi təmsilçiləri ilə yanaşı, Amerika Konqresində, məxsusən ermənipərəst konqresmenlərlə və özəlliklə Qarabağa qanunsuz səfərlər etmiş konqresmenlərlə də görüşə nail olub onlara sərt gerçəyi anlatmaq lazımdır. Erməniləri öz üsulları ilə vurmaq zamanı çatıb... (Musavat.com)

AzNews.az