Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi

21 May 2013 09:49 (UTC+04:00)


O, "Ekspress Servis"i müqavilə şərtlərini pozaraq 2011-ci il oktyabrın 20-də "Xural" qəzetinin nəşrini siyasi göstəriş nəticəsində dayandırmaqda günahlandırır.

Mayın 21-də Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı "Media forum"a deyib ki, baş redaktor "Xural" qəzetinə vurulmuş maddi və mənəvi zərərə görə "Ekspress Servis"dən 350 min manat pul tutulmasını, qəzetin çapından imtinanın ifadə azadlığına müdaxilə kimi tanınmasını istəyir.

"Xural" qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib. Həmin il oktyabrın 19-da "Xural" qəzetinin əmlakı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün "Ekspress" mətbəəsi "Xural"ın çapından imtina edib və qəzetin nəşri dayanıb.

Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Bu il məhkəmə baş redaktoru külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, məhkəmə qərarlarını icra etməmə, vergidən yayınma ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

AzNews.az