Ayıblı ayıbını bilsə, yaxud oğrunun doğruluqdan danışması

18 Noyabr 2019 15:28 (UTC+04:00)

Radikal müxalifətin, xüsusilə də onun AXCP qanadının lideri Əli Kərimlinin ən çox sevdiyi və dilindən düşmədiyi mövzu korrupsiya, rüşvətxorluq, dəbdəbəli villalar, xaricə daşınan milyonlardır. Ancaq fikir vermisinizsə, o öz çıxışlarında heç vaxt hakimiyyətə gələcəkləri təqdirdə təmiz yaşayacaqları, korrupsiya və rüşvəti aradan qaldıracaqları barədə heç nə demir. Onun ritorikasının sətir altına bir qədər diqqət yetirəndə görürsən ki, adamın qətiyyən belə bir niyyəti yoxdur, sadəcə hökümətdəki əliəyri adamlara qarşı qibtə, paxıllıq hissi var. Yəni niyə mən də bu adamlar qədər yeyə bilmirəm, niyə bunlar məndən çox yeyir, yaxud niyə bu oğurluq sərvətin çoxu, hətta hamısı mənə qalmır.

Əslində yaşadığı komfort, dəbdəbəli həyat tərzi onun da korrupsiya qazanından başında olduğunu göstərir. Yoxsa haradandır şəhərin tam göbəyində içi bahalı mebellər, əşyalarla dolu dəbdəbəli mənzil, şəhər kənarında topdağıtmaz villa, tez-tez dəyişdiyi müasir avtomobillər, sürücülər, cangüdənlər, qulluqçular?.. Bunlar bəs bizdə niyə yoxdur, elə onun öz partiyasının üzvlərində niyə yoxdur? Adam tam 25 ildir heç bir yerdə işləmir, bu illər ərzində heç vaxt ictimaiyyətə nəylə, hansı vəsaitlə yaşadığı barədə məlumat verməyib, gəlir deklarasiyası ortaya qoymayıb.

AXCP-nin MSK-ya təqdim etdiyi maliyyə hesabatında partiyanın il ərzində heç bir gəlirinin olmadığı göstərilib.

Hər dəfə soruşanda deyir ki, iş adamı olan dostlarım verir. Çox maraqlıdır, Əli Kərimli bu qədər varlı, pullu dostu necə qazanıb, niyə bu adamların partiyaya verdiyi ianələr leqallaşdırılmır, rəsmiləşdirilmir? Digər tərəfdən, hansı dost adama iyirmi beş il dayanmadan yüksək səviyyədə, həm də qarşılıqsız yardım edər? Əlbəttə, heç bir. O dostlardan hamıda var və hamımız da bilirik ki, heç kəs heç kəsə uzun müddət təmənnasız yardım etməz və heç bir ağıllı iş adamı da, lap qardaşın da olsa, perspektiv görmədiyi halda sənə uzun illər və külli miqdarda pul verməz. Deməli, Kərimli bu ağ yalanı gəlirlərinin əsl mənbəyini ört-basdır etmək üçün uydurur. Ona bu pulları yalnız xaricdəki və daxildəki şantajçı, təxribatçı qruplar verə bilər. Məqsədləri də ancaq ondan alət, maşa kimi istifadə etmək, onun əliylə suyu bulandırmaq, hakimiyyətin başını qatmaq, ondan güzəştlər, müəyyən məsələlərə göz yummağı tələb etməkdir. Bəli-bəli, bu sınanmış ssenaridir və Əli Kərimli də onun hazırkı seriyasının baş personajlarından biridir. Onun 19 oktyabrda israrla küçəyə çıxması da bu ssenarilərdən birinin tərkib hissəsi idi. AXCP sədri o riskə yüzdə yüz hansısa xarici və daxili mafioz qrupların fitvası və sifarişi ilə getmişdi. O qüvvələrin ki, onlar Azərbaycanda vəziyyətin dəyişməsini, islahatlar aparılmasını, rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəmirlər. Onların niyyəti Əli Kərimli və onun kimilər vasitəsilə aranı qarışdırmaq, hökümətin, Prezidentin diqqətini sabitliyi qorumağa yönəltmək, vaxt udmaq və öz çirkin işlərinə davam etməkdir. Bunun müqabilində Əli Kərimlinin də payını verir və ondan “iş” tələb edirlər.

Bir neçə il qabaq Gürcüstandan gələn müavinlərindən biri Gözəl Bayramlının çantasından sərhəd-gömrük yoxlaması zamanı böyük miqdarda ABŞ dolları çıxanda başda Əli Kərimli olmaqda bütün radikallar bunu cəmiyyətə hakimiyyət orqanının tələsi kimi təqdim etməyə çalışdılar. Mətbuatlarında, sosial şəbəkələrdə qadın siyasətçiyə şər atıldığını iddia edərək, özlərini mənəviyyat mücəssəməsi kimi qələmə verdilər. Ancaq hər bir ağıllı adam bilir ki, bu pullar AXCP-yə və onun liderinə xaricdən növbəti maliyyə transferinin kiçik bir hissəsi idi və ifşa olunmuşdu. Gözəl Bayramlı həbsdən çıxdıqdan sonra onun müsahibəsinə baxan hər bir diqqətli adam qadının yalan danışdığını gözlərindən və sifətinin cizgilərindən asanlıqla oxudu.

Əli Kərimlinin və digərlərinin iki həftə qabaq Azərbaycan tarixinin ən odioz, aqressiv, ən çox korrupsiyaya bulaşmış məmurlarından olan Əli İnsanovun başına cəm olması da haram pula hərisliyin bariz nümunəsidir. Bu adamlar xalqın qətiyyən xoşlamadığı, ictimai rəydə zərrə qədər sevilməyən bir adamı heç də elə-belə, havayı reabilitasiya etməyə çalışmadılar. Hamısı öz “dolyasını” aldı. Xatırlayırsınızsa, Əli Kərimlinin həmin məşum görüşdə iştirak etməyəcəyi söylənirdi, görünür, hesabı çatmayıbmış, məlum “trio” ona “atmaq” istəyirmiş, amma Əli də uşaq deyil, belə haqq-hesabları çox görüb, odur ki, dəyirmi masaya məhz pul hesaba oturduqdan sonra təşrif buyurdu.

İndi düşünün, suyun altında nə qədər Əli İnsanov kimi iri, qara kürülü balıqlar var. Onların içərisində bu gün hakimiyyətin hovuzunda üzənlər də az deyil. Əli Kərimli və dostlarına bu pulların necə qazanılması, cənab Prezident demişkən, “xalqın qanının zəli kimi sorulması” hesabına əldə olunması önəmli deyil. Əsas odur ki, pul olsun. Köhnə bir hind filmində deyildiyi kimi: “Şakaya pul lazımdır!”

Fikir verirsinizsə, korrupsiya pullarından faiz alaraq dəbdəbəli həyat tərzi keçirən Əli Kərimli tənqid etdiyi hakimiyyətin dövründə bir dəfə də həbsə düşməyib. Onu saxlayanda da həmişə bir-iki saatdan sonra buraxıblar. Əli Kərimli bunu minlərlə tərəfdarının olması, ətrafına minlərlə gəncin toplaşması ilə izah edir. Guya bunu həbs etsələr, həmin gənclər izdihamlı etirazlar təşkil edəcəklərmiş. Şübhəsiz, “minlərlə gənc” söhbəti də cəbhəçi liderin uydurmalarından biridir, xülya və əfsanədir. Əgər AXCP sıralarında həqiqətən o qədər gənc varsa, niyə 2017-ci ilin aprelində Əli Kərimli prokurorluğa çağırılanda ora cəmi 15-20 adam toplaşmışdı? Yaxud 2018-ci il noyabrın 17-də Səbail Rayon Polis Şöbəsinə aparılanda cəmi-cümlətanı 50-60 adam gəlmişdi. Bəs harda idi o “minlərlə gənc”?

Əli Kərimli əyri yollarla əldə etdiyi, korrupsioner məmurlardan, xaricdəki şantajçı qruplardan aldığı pullar hesabına ətrafında bir ovuc adam saxlaya bilir. Onu müşayiət edənlər, böyründə fırlananlar, virtualda söyüş söyənlər də həmin adamlardır. Amma onları da daim aldatdığından, həbsə atdırıb taleyin ümidinə buraxdığından vaxtaşırı qaçıb-dağılır, onu tək qoyurlar. Bunu 19 oktyabrda meydanda tək qalması, heç kəsin ona görə fədakarlıq etməməsi açıq şəkildə göstərdi. Əgər onu “minlərlə gənc” əhatə etsəydi, o cür rüsvayçı duruma düşməzdi. Biz Bakıda əvvəllər də belə hadisələr görmüşük, polislər icazəsiz aksiyalar zamanı Etibar Məmmədovu və İsa Qəmbəri aparmağa cəhd göstəriblər, ancaq ətraflarında olan insanlar onları ərazidən uzaqlaşdıra biliblər. Təəssüf ki, adı çəkilən liderlər də öz tərəfdarlarının etimadını doğrulda bilmədilər, ancaq bu başqa söhbətin mövzusudur.

Digər tərəfdən, niyə gənclər Əli Kərimlinin fitvasına uyaraq qanunsuz əməllər törətməli, həyatlarını puç etməlidirlər? Məgər bütün günü sosial şəbəkələrdə oturub siyasi opponentləri təhqir etmək, arabir aksiyalara çıxıb qışqırmaq bu gənclərin alnına yazılıb? Bunlar yaxşı işlərdirsə, niyə həmin proseslərdə Əli Kərimlinin öz övladları da iştirak etmir? Pisdirsə, nəyə görə bu yola başqalarının övladları təhrik edilir? Belə çıxır ki, qara işə sadə cəbhəçilər göndərilməli, “liderlərin” övladları isə xaricdə gün keçirib əylənməlidirlər. Deyilənə görə, Əli Kərimlinin oğlu Türkel ABŞ-da, qızı Selcan isə İngiltərədədir. Cəmil Həsənlinin hər iki qızı Böyük Britaniyada yaşayır. İsa Qəmbərin oğlu İlkin Kanadada, Arif Hacılının oğlu Orxan, Hikmət Hacızadənin oğlu Adnan Amerika Birləşmiş Ştatlarındadırlar. Siyahını uzatmaq da olar. Sual olunur: birincisi, hansı pulla, hansı vəsaitlə? Azərbaycanda milyonlarla insan ömründə bircə dəfə qonşu ölkələrə – Rusiyaya, Türkiyəyə, İrana gedə bilmədiyi halda, çətinliklə gedənlər bunun necə məsrəfli olduğunu bildiyi halda, bunlar Atlantik okeanın hər iki sahilində yerləşən ölkələrin yolunu necə su yoluna döndəriblər? Üstəlik, o bahalı, az qala havanın da pulla satıldığı ölkələrdə hansı pullarla yaşayırlar?

Çıxışlarında durmadan "ailə hakimiyyəti"ndən danışan Əli Kərimli necə olur ki, ətrafında xarici dil bilən onlarla fəal cəbhəçi ola-ola ABŞ-da, digər ölkələrdə keçirilən tədbirlərə oğlu Türkel Kərimlini göndərir? O da siyasətdə naşı olduğundan, qondarma "DQR prezidentinin" oğlu ilə eyni tədbirdə iştirak edir, tanınmamış qurumun nümayəndəsinin tədbirə dəvət olunmasına etiraz etməyi belə bacarmır. Məqsəd aydındır: gündən-günə cılızlamaqda olan AXCP-ni özündən sonra oğlu Türkelə təhvil vermək. Bəs necə? Belə gəlirli bir vəzifəni necə yada, başqasına vermək olar? Həyat yoldaşı Samara Seyidova AXC hakimiyyəti dövründə Prezident Aparatında işləyib. O, 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri vəzifəsini tuturdu. Əli Kərimli isə Prezident Apatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (1993) postlarında işləyib. Onlar bir evdən eyni iş yerinə ayrı-ayrı xidməti maşınlarda gedirdilər. Məgər bu, "ailə hakimiyyəti" deyildi?.. Görün, Əli Kərimli ölkənin birinci şəxsi olsaydı nələr edərdi? Adam təsəvvür etməyə belə qorxur…

Cəmi bircə il yaşamış AXC iqtidarının başdan-ayağa korrupsiya içində olduğu da o dövrdə yaşamış hər kəsə məlumdur. Banklardan dövlət vəsaitinin kiçik müəssilərə verilən kredit adı altında işbazlara 50 faizə satdıldığını heç kəs unutmayıb. İcra başçıları və bank müdirləri bu pulları təkbaşına yeyə bilməzdilər. Əli Kərimli ilə İsa Qəmbər, “Yurd” birliyi ilə Müsavat arasında rayonlar üstündə gedən nüfuz müharibəsinin əsas səbəbi də bu idi. Daha çox pul mənimsəmək və onun vasitəsilə hakimiyyətə təkbaşına sahib olmaq. O vaxt korrupsiyaya bulaşmamış yeganə şəxs prezident Əbülfəz Elçibəy idi. Onun bunlardan xəbərsiz olduğunu demək olmaz, amma o öz ətrafı ilə bacara bilmirdi. 1993-cü il mayın 25-də prezident aparatında hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Elçibəy üzünü məmurlara tutaraq demişdi: "Rüşvət alanda milyonlarla dollar alırsınız… Alırsan, heç olmasa 100 minlərlə al da... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxıb gedir". Ali məhkəmənin sədri Tahir Kərimlinin həmin müşavirədə dediklərini də xatırlamaq yerinə düşər: "Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri son 10 illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb... Bəli, respublikada rüşvətxorluq baş alıb gedir... Mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa eləmə… qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa eləyir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır.... onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar...." Gəlin ədalətli olaq: cəmi bir il davam eləmiş belə bir hakimiyyətdə ən yüksək postlardan birini tutmuş Əli Kərimlinin indiki iqtidarı korrupsiyada ittiham etməyə haqqı varmı?

1992-ci ildə AXC hakimiyyətə gələndə Elçibəyin fərmanı ilə qiymətli metalları saxlamaq üçün Ləl-Cəvahirat Fondu yaradılmışdı. 1993-cü ilin iyununda cəbhə hakimiyyətdən gedəndə məlum oldu ki, fondda 1 manatlıq da olsa qiymətli metal yoxdur. Fondun yalnız adı qalıb. AXC hakimiyyəti dövründə olan korrupsiyanı, xaosu, anarxiyanı, talançılığı o illərdə yaşayan heç kəs unutmayıb. Cəmiyyət onu da aydın başa düşür ki, cəmi bircə il sürən bu hakimiyyət on illərlə davam etsəydi, bu ölkənin daşı daş üstündə qalmazdı.

Nadir Qocabəyli