Azərbaycanlı rejissor Moskvada “İlin adamı” oldu

20 Noyabr 2019 14:15 (UTC+04:00)

Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının laureatı seçilib.

O, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.

R.Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.

Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

Mükafat noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən mərasimdə R. Əsədova təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat 2015-ci ildə təsis edilib və indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib.

AzNews.az