“Seriallarda bayağılıq, şitlik baş alıb gedir”

21 May 2013 14:40 (UTC+04:00)



Son zamanlar Azərbaycanda çəkilən serialların keyfiyyətindən narazıyam. Seriallarda bayağılıq, şitlik baş alıb gedir. O seriallar bizi özünə cəlb edə bilmir". APA-nın xəbərinə görə, bu fikirləri Milli Televiziya və Radio Şurasında (MTRŞ) ölkədə fəaliyyət göstərən prodakşn rəhbərləri ilə görüş zamanı Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.

O deyib ki, 2011-ci ilin sentyabrında ilk dəfə olaraq milli serialların çəkilməsi üçün 5 milyon manat maliyyə vəsaiti ayrılıb. Ötən müddət ərzində milli serial bazarı yaratmaq siyasəti yürüdülüb: "Bunun üçün dövlət tərəfindən nə lazımdısa həyata keçirilib. Təqribən 20-yə yaxın serial çəkilib. Bu sahənin canlanması baxımından xeyli işlər görülüb. Təəssüf ki, bütövlükdə bu sahədə əldə olunan nailiyyətlərdən danışa bilmərik".

Şura sədri ölkədə kinoprodakşnların çox olmasından da narazılıq edib: "Balaca bir ölkədə bu qədər prodakşn varsa, niyə kino sahəsində vəziyyət belə bərbaddır? Kino sahəsi xüsusi bir sahədir. Aktyor, işıqçı, rejissorların hərəsi bir prodakşn yaratmamalıdır. Artıq bu prodakşnların sayı 40-a yaxınlaşıb. Bu, bizi tələsməməyə sövq edir. Əgər bu vəsaiti prodakşnlara versək, onlar bu vəsaitin xərclənməsini necə həyata keçirəcəklər, sonradan kanallar bu serialları göstərəcəklərmi? Telekanallar deyirlər kİ, əgər bu seriallar reytinq gətirməsə, onları göstərməyəcəklər".

AzNews.az