İlham Əliyev fenomeni

22 Noyabr 2019 13:00 (UTC+04:00)

İlham Əliyevin 2018-ci il növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra hansı islahatlar aparacağı maraq doğurmaya bilməzdi. Necə ki, 2003-cü ildə prezident postuna seçiləndə onun siyasət ustası, sözün bütün mənalarında qüdrətli dövlət xadimi Heydər Əliyevdən sonra nə edəcəyi suallar doğururdu.

Hakimiyyətdə boşluqların yaranacağı, Azərbaycanın yenidən siyasi çəkişmələrlə üzləşəcəyi, inkişafın axsayacağı proqnozlarını alt-üst edən İlham Əliyev təkcə əsl siyasi varis olduğunu sübut etmədi, ölkəni daha da inkişaf etdirdi, onun nüfzunu artırdı, sabitliyi möhkəmləndirdi. Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi etməyə, mühüm qurumlara sədrlik etməyə başladı.

Həyata keçirdiyi işlər nəticəsində İlham Əliyevin nüfuzu daha da artdı və bunun fonunda onun siyasi rəqibləri daha da gücsüzləşdi, varlıqları getdikcə hiss olunmadı.

Cəmiyyət İlham Əliyevin prezidentlik fəaliyyətindən tam razı qalırdı, bununla yanaşı, daim islahatlar istəyirdi.

İslahatlar hər zaman lazım idi və İlham Əliyev “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik” vədinə heç zaman xilaf çıxmırdı. Bu proses hal-hazırda da gedir.

Cəmiyyət həm idarəetmədə, həm yeni kadrların irəli çəkilməsi istiqamətində atılan addımların əyani şahididir. Baxmayaraq ki, bəzi qüvvələr bu addımları gözdən salmağa cəhdlər edirlər. Məsələn, proses şəxsi müstəviyə çəkilir, aparılan kadr islahatları zamanı kiminsə xoşunun gəlmədiyi məmurun yenidən etimad qazanması nöqteyi-nəzərindən ümumi işə ləkə vurulmasına çalışılır. Açıq şəkildə adlar çəkilir və deyilir ki, filan məmur qaldıqca, islahat getdiyinə inanmayacağıq. Bütün bu cılız yanaşmalara rəğmən cəmiyyət dəyişiklikləri görür, qiymətləndirir.

Nəsillərin bir-birini əvəzetməsi təksə bioloji hadisə deyil; insanın enerjisi amili idarəetmədə də təbii qanunauyğunluq yaradır-bir gün gələn bir gün gedə bilər, lakin siyasət, idarəetmə yerində qalır, deməli, tükənən güc yerini potensial gücə verməlidir...

Kadr islahatları ilə yanaşı, digər sahələrdə də ciddi addımlar atılıb.

- Yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparılıb;

- Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gücləndirilib. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görülüb və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçirilib;

- Azərbaycanın dövlət borcu daha da aşağı səviyyəyə düşüb;

- İqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər əhalinin sosial rifahına yönəldillib və əməkhaqqı, digər sosial ödənişlər kəskin şəkildə artırılıb. Əhalinin həssas təbəqəsi olan şəhid ailələri, Qarabağ əlilləriylə bağlı iritutumlu sosial müdafiə tədbirləri həyata keçirilib;

- Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılıb, iqtisadi islahatlar dərinləşib. Xüsusilə, bu sahədə tam şəffaflığın tam təmin edilməsi, bütün xoşagəlməz hallara son qoyulması üçün əməli addımlar atılmaqdadır;

- Azərbaycan iqtisadiyyatının dayanıqlı şəkildə inkişafı üçün görülən işlər intensivləşib, neft-qaz amilindən asılılıq azalıb.

Siyahını genişləndirib, konkret rəqəmlərə istinad etmək, aparılan islahatlara nüfuzlu qurumların verdiyi yüksək qiyməti də qeyd etmək mümkündür. Lakin cəmiyyət baş verənləri özünün gündəlik həyatında hiss etdiyi üçün əlavə şərhə o qədər də lüzum qalmır.

Görünən odur ki, iqtidarın gələcək haqqında çox aydın təsəvvürləri, planları, proqramları var. Güclü siyasi iradə, böyük maliyyə resursları imkan verir ki, bu planlar həyata vəsiqə qazansın...

Bütün bunların fonunda Azərbaycanın ənənəvi müxalifətinin davranışları diqqətdən yayına bilməz. Sosial medianın verdiyi imkanlardan yararlanan müxalifət şər-böhtan yolu ilə iqtidarı gözdən salmağa çalışır. Bu simalar Azərbaycan cəmiyyəti üçün yeni deyil. AXC-Müsavat dövründə hakimiyyətdə olan Əli Kərimli, Pənah Hüseyn, İsa Qəmbər və başqaları elə zənn edirlər ki, vaxt ötüb, cəmiyyət onların Azərbaycanı 1 illik hakimiyyətləri dövründə necə cəhənnəmə çevirdiklərini unudub. Proseslər müstəqilliyin əldən verilməsi təhlükəsinə qədər irəliləmişdi. Xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq hakimiyyətin həyat tərzinə çevrilmişdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı fonunda ölkədə vətəndaş müharibəsi alovlanırdı. Bu "bəylər" özlərinin də həyatına təhlükə yarandığını gördükdə məcbur qalıb hər cür imkanlardan məhrum etdikləri, siyasi keçmiş saydıqları Heydər Əliyevə üz tutdular. Xalqın israrlı tələblərindən sonra hakimiyyətə gələn Heydər Əliyev qısa müddətdə Azərbaycanı xilas etdi. Eyni zamanda, bu bəylərin canını qiyamçılardan qorudu. Heydər Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxartdı.

Qaçıb gizlənən, hakimiyyətə təsadüf nəticəsində gəlmiş bu şəxslər isə sonradan yenidən siyasi səhnəyə qayıdıb özlərinin reabilitasiyası ilə məşğul olmağa cəhd etdilər. Amma hər dəfəsində xalqın dəstəyini ala bilmədilər. Bu gün yenidən ortaya düşən bu şəxslərin kimliyinə İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı əsl qiyməti verib.

Prezident ad çəkmədi, çünki Azərbaycan cəmiyyəti söhbətin kimlərdən getdiyini hafizəsində gözəl saxlayıb.

Sadəcə elmi işçi, zəif, iradəsiz bir adam, heç vaxt heç bir idarəyə rəhbərlik etməyən şəxs. Söhbət ölkəyə yarıtmaz prezidentlik etmiş Əbülfəz Elçibəydən gedir.

- Baş nazir də elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin... Bu adam Pənah Hüseynov idi.

- Parlamentin sədri də elmi işçi idi. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. İsa Qəmbərdir təbii ki...

- Dövlət katibi... İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə...Bu cümlələr kimin obrazını işarə edir-əlbəttə ki Əli Kərimlinin və prezident çox düzgün xarakterizə etdi bu gün özünü xalqın adamı kimi aparan amibisiyalı AXCP sədrini...

- Müdafiə naziri...Riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir... Rəhim Qazıyev prezidentin sərt dediyi, düz dediyi bu kəlmələri əlbətdə ki, özü qazanıb...

- Daxili işlər naziri... Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Doğulduğu Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə nazir idi. Qaçıb gizlənib. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin...İsgəndər Həmidov gerçəkdən də özünü belə tanıtmışdı.

- Xarici İşlər naziri... Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü...Burda da söhbət Tofiq Qasımovdan gedir və nə edəsən ki, bu da faktdır.

Böyük siyasətdə, böyük idarəetmədə təsadüfi adamlar yığını...

AXC-Müsavat hakimiyyətində ölkənin bölgələrində də təsadüfi adamlar idarəetmədə idi. Bütün bölgələrdə əsasən, təcrübəsiz və naşı adamlar vəzifəyə gətirilmişdi. Aqibətləri bəlli oldu...təkcə öz aqibətləri yox, ölkənin düşdüyü mənzərə də bəlli oldu...

Aradan böyük illər keçib, amma bu insanlarda nə xarakter dəyişib, nə üslub dəyişib, nə dövlət idarəçiliyinə baxış dəyişib. Misal o ki, hakimiyyət uğrunda mübarizədə kiminlə gəldi əməkdaşlıq etməyə hazırdırlar-istər satqın olsun, istər alverçi, istər keçmiş korrupsoner məmur...istərsə də düşmən...

Sizcə, Azərbaycan belə qabiliyyətsiz bir komandanın əlinə düşməyə layiq idimi və yenidən düşməyi haqq edirmi?!.

Elman Babayev