Diş həkimini şantaj edən şəxs həbs edildi

22 Noyabr 2019 15:46 (UTC+04:00)

Bakıda diş həkimini şantaj etməkdə təqsirli bilinən 5 nəfər hakim qarşısına çıxarılıb. Onlardan biri sayt rəhbəridir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Əliyev, Əlizamin Əsgərov, Elnaz Mirzəyeva, Humay Əhmədova və Rizvan Şahmuradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Xəqani Əliyevin 8 il 6 ay, Rizvan Şahmuradovun 7 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror ev dustaqlığında olan Əlizamin Əsgərovun 6 il 6 ay, Elnaz Mirzəyevanın 5 il, Humay Əhmədovanın isə 5 il 6 ay müdətinə azadlıqdan məhrum edilmələrini və barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək onların həbs edilməsini istəyib. Vəkillər müdafiə çıxışında təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyiblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Xəqani Əliyev 8 il müddətinə, Rizvan Şahmuradov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əlizamin Əsgərov da 6 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. Ev dustaqlığında olan Elnaz Mirzəyeva barəsində şərti cəza təyin edilib. Humay Əhmədovanın isə himayəsində 14 yaşına çatmamış övladı olduğu üçün hökmün icrası təxirə salınıb.

Məlum olub ki, İsmayıl Məmmədli yaşadığı ərazidə diş həkimi kimi fəaliyyət göstərib. Məhkəmədə o da aydın olub ki, onun heç bir ali təhsili yoxdur. İşin təfərrüatına gəlincə isə məlum olub ki, İsmayıl Məmmədli işlədiyi ofisə gələn Humay adlı qadınla münasibətdə olub. İsmayıl Məmmədli deyir ki, bu münasibət qarşılıqlı istəklə olub.

Lakin iş elə gətirib ki, sonradan İsmayıl Məmmədlidən bu hadisəni həmin qadının ailəsindən gizlətmək üçün 5 min manat tələb ediblər. Bu işdə əsas baş redaktor olduğu deyilən Xəqani Əliyevin adı keçir.

Qeyd edək ki, bu cinayət işində təqsirli bilinən 5 nəfərdən yalnız ikisi həbsdədir. Onlar Xəqani Əliyev və Rizvan Şahmuradovdur. Zərərçəkmiş İsmayıl Məmmədli deyib ki, Humay adlı qadın onun yanına gələrək uşağının dişini müalicə etdirmək istəyib. Həmin ərəfədə qadınla münasibəti yaranıb. Bu münasibət bir müddət davam edib.

İ.Məmmədli deyib ki, sonradan Humayın qohumları onun yanına gələrək qadını zorladığını deyiblər. Bu söhbətdən bir neçə gün sonra isə sayt redaktoru Xəqani Əliyev ona zəng edib və işin içdi üzləşməməsi üçün pul istəyib.

Maraqlıdır ki, bu işdə həbs edilənlərdən dördü günahı Xəqani Əliyev də görür. Deyirlər ki, həkimi şantaj etməyi və pul almağı onlara Xəqani deyib.

Məhkəmədə ifadə Xəqani Əliyev isə deyilənlərlə razılaşmır. O, heç kimi şantaj etmədiyini və digər şəxslərin ona qarşı ifadə verməsi ilə həbs edildiyini deyib: "Rizvan mənim evimdə fəhlə işləyib. Buna görə onu tanımışam. Hətta evimdə işlədiyi müddətdə özü ilə birlikdə gətirdiyi şəxslə mənə pul "atdılar". Təmir işi görmək adı ilə pul almışdılar. Elə bu söhbətə görə onunla tez-tez zəngləşirdim. Bir gün zəng edəndə probleminin olduğunu dedi. Görüşüb bu haqda mənə danışdı. Mən də məsləhət gördüm ki, şikayət etsinlər ictimailəşdirək. Mən jurnalistəm, fəaliyyətim də qanunidir. Saytım Ədliyyə Nazirliyindən, Mətbuat Şurasından qeydiyyatdan keçib. Ofisim Azərbaycan Nəşriyyatındadır.

Mən bu adamların evinə getdim. Hadisə necə olubsa, danışdılar. Həm yazılı şikayətlərini aldım, həm də bunların danışdığını kamera ilə çəkdim. Onlara dedim ki, həkimdən 5 min alıb sizə verəcəm. Sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün İsmayıla zəng elədim və onunla görüşdük. Görüş də mənim ofisimdə olub. Bütün danışıqlar da kamerada var. Mən onları məhkəməyə təqdim edəcəm. İsmayıl dedim ki, əgər məsələ ictimailəşə sənin üçün çətin olacaq. Ona dedim ki, vəkil tutaq, işi həll edək. Ya da ki, həmin ailəyə pul versin. Mən özüm üçün heç nə almamışam. Kamera görüntüləri və telefon danışıqları hər şeyi sübut edir. Hamısını məhkəməyə təqdim edəcəm".

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az